Tutaq ki, 1992-93-cü illərdə Əbülfəz Elçibəyin hakimiyyətə gəlməyi tarixin bir xətası idi. Qəbul edək ki, fələyin bizə qarşı amansız bir rəftarı idi…
1993-cü ilin üstündən düz 18 il ötüb. Ancaq bəzi adamlar 93-cü il haqqında elə danışır ki, elə bil, dünən, uzağı, srağagündür.
Bəziləri isə cəmi 1 illik hakimiyyətdən o qədər uzun-uzadı danışır ki, guya, o, I Təhmasibin də hökmranlığından uzun sürüb.
Möhtərəm dost, yuxarıda sənin AXC hakimiyyətinə qarşı olan fikrinə sayqı duyaraq, onu “fələyin bizə qarşı kəcrəftarı” adlandırdım. Indi isə sən də cığallıq eləmə, bu “kəcrəftarın” uzun ömürlü olmadığını qəbul et və razılaş. Cəmi 1 illik hakimiyyət atom bombasından daha dağıdıcı ola bilməz axı…
1945-ci ildə Yaponiyaya ABŞ 2 atom bombası atdı. Yaponiya 18 ilə bəladan qurtarıb, dimdik dayandı. AXC hökuməti o bombadan dağıdıcı ola bilməz. Ona görə də bütün sahələrdəki qürurları səsləndirəndə 1992-93-də eşələnməkdən əl çək. Bu fəaliyyətin, 18 ildir ölkəni idarə edənlərin necə qabiliyyətsiz olduğunu sübut edir. Razılaşdıqmı?
Abel Məhərrəmov və manıslar
Dünən evdə əlimə keçən bir diskə baxdım. Əvvəl heç izləmədiyim bu disk Abel Məhərrəmov barədə çəkilən bir veriliş idi. Düzü, o diskin evimizə necə gəlib düşdüyünü də unutmuşam. Abel Məhərrəmov YAP-çı deputat, BDU-nun rektoru və akademikdir. Sadalananlar çoxlarının arzuladığı həyat mərtəbələridir. Ancaq mən o diski izlədim və orda nə bir deputat gördüm, nə alim, nə də ziyalı.
Bəs nə gördüm? Gördüyüm biznesmen, ərəb şeyxi, uzaqbaşı, bir zavod direktoru Abel Məhərrəmov idi. Adamın evi qədər onun xarakterini açacaq heç nə ola bilməz. Mən evə baxıb insana qiymət verməyi çox rahat üsul hesab edirəm. Abel müəllimin evindəki cah-calalın analoqunu bu dəqiqə qarşıma məqsəd qoysam, heç internetdə də tapa bilmərəm. Adətən Braziliya seriallarında belə evləri görmüşəm.
Yox, mən “Abel müəllim divar boyaları tökülən evdə həsirin üstündə oturub müsahibə verməli idi” düşüncəsində deyiləm. Ancaq özünə “alim” deyən bir insanın az qala, Rüstəm Zal yerləşəcək kreslonu alıb evinə qoymasını anlaya bilmirəm. Inanın, məni o kreslolardakı korrupsiya pullarından daha çox narahat etdi bu məsələ.
“Alim” dediyin şəxs canını-qanını kitaba verən biridir. Abel müəllimin də kitabxanasını göstərdilər. Çox gözləntidə oldum ki, o, hansısa kitab haqqında danışar və ya sitat verər, amma olmadı. O kitablar arasında gördüklərim isə sadəcə, dəhşət idi. Kitab rəflərinin hər birinin önünə Heydər və Ilham Əliyevlərin kitabları, fotoları qoyulmuşdu. Mən hardasa 11 belə fakt saydım. Öz evində də könlünü avtoritarizm, şəxsiyyətə pərəstişin itaətindən çıxara bilməyən alim heç vaxt bizə Xanış kişidən faydalı ola bilməz.
Abel müəllimin gündəlik həyat tərzini o diskdən öyrənəndən sonra bu insanın müğənni Röya Ayxanı dolaşıq yolla BDU-ya qəbul etməsinin səbəbi də aşkar oldu mənim üçün. Hətta yaradana şükr elədim ki, Abel müəllim bu çağacan Üzeyir Mehdizadəni BDU-nun “mexmat”ına yazmayıb.
Elmi əsasını bilmədiyim kəşfim
Bir ciddi kəşf etmişəm. Bizim, polislərlə rəsmi və özəlliklə AzTV üslubunda danışanda onlar xeyli qorxur. Məsələn, o gün cəbhəçiləri polis idarəsinin qarşısında gözləyəndə bir mayor üstümüzə gəlib məndən “Kimsiz, əəə? Nəə yığılmısınız, əəə?”, – deyə soruşdu.
Kəşfimi sınamaq üçün ona belə cavab verdim: “Beynəlxalq ictimaiyyəti təmsil edən Kütləvi Informasiya Vasitələrinin nümayəndələriyik. Baş verən prosesləri izləyirik”.
Vəssalam, polis düz getdi. Ona desəydim ki, “jurnalistik, reportaj hazırlayırıq”, cavab belə olacaqdı: “Əəəə, davay, getdüz eee”.
Kəşfimin elmi əsaslarını bilmirəm, bu işi psixoloqların və sosioloqların öhdəsinə buraxaq.
8 mart travmaları
Şükr 8 mart geridə qaldı. 8 marta bir bayram kimi qətiyyən antipatiyam yoxdur. Məni bezar edən iki səbəb var:
BIR: 8 martın sol ideologiyaya aid bir bayram olmasına ağırlıq verərək, ona qarşı min bir dərədən əks fikirlər axtarılması;
IKI: kişilərin bir-birinə guya, zarafatlaşırlar deyə, “8 martın mübarək” SMS-ləri atması.

Elçibəy və atom bombası
•