“Məhbuslar azad olunmasa, elə bir hərəkata başlayacağıq ki…” (VİDEO)
İctimai Palata vicdan və siyasi məbusların azadlığı üçün ötən gün Müsavat partiyasının qərargahında tədbir keçirdi. Təbdirin aparıcısı İctimai Palatanın Koordinasiya Şurasının üzvü (İP KŞ) Mehriban Vəzir mədəni cəmiyyət üçün siyasi düşüncəsinə və əqidəsinə görə insanların məhbəsə atılmasını ayıb sayaraq Azərbaycanı bu ayıbdan qurtarmağın vacibliyini vurğuladı.
Terroru bəhanə edib vətəndaşları şərləyirlər
İP KŞ üzvü Vidadi Mirkamal bir ilə yaxındır məhbəsdə saxlanılan “2 aprel”çı vicdan məhbusları və ümumilikdə siyasi məhbuslar barədə danışdı. O, bildirdi ki, həmin şəxslər qanunsuz və əsassız hökmlər əsasında azadlıqlarını itiriblər. V.Mirkamal bildiridi ki,
siyasi sifarişlə keçirilən məhkəmə prosesləri hakimiyyətin hüququ müstəvidə gücsüzlüyünü göstərib: “Məhkəmələr göstərdi ki, hakimiyyət hüquq müstəvidə bizlə qarşı qarşıya gəlmək əzimində deyil”.
V.Mirkamal son günlər inanclı şəxsilərin terror bəhanəsi ilə həbsə atılmasına da kəskin münasibət göstərdi. Onun fikirincə aparılan həbslər hakimiyyətin vətəndaşların aktivliyindən narahat və qəzəbli olduğunu göstərir.
Əxlaqsızlıq təlqin olunur
“Azərbaycan hakimiyyəti cəmiyyətdən əxlaq öyrənmək yerinə öz əxlaqsılığını təliqin edir” deyən V. Mirkamal jurnalist Xədicə İsmayılın şantajını da vicdanlı şəxslərə qarşı basıq kimi dəyərləndirdi.
Çıxışını hakimiyyətə xəbərdarlıqla bitiriən natiq dedi ki, İP bu çağa qədər kifayət qədər təmkinli siyasət yürüdüb, lakin tezliklə vicdan məhbsuları azad olunmasa onlar bu siyasəti dəyişmək məcburiyyətindədirlər: “Məhbsular azad olunmasa elə bir hərakata başalayacağıq ki, İlham Əliyev yuxusunda da vicdan məhbuslarını görəcək”
“Vətəndaşlarımız İran və Azərbaycanın girovluğundadır”
İP KŞ üzvü, AXCP sədri Əli Kərimli çıxışında bir neçə məsələyə toxundu. O, ilk olaraq hakimiyyətin ölkə ictimaiyyətinin və beynəlxaq aləmin hər gün intensivləşən “siyasi məhbusları azad edin” çağırışlarına müsbət cavab verməməsini, əksinə bu mesajları səhv qəbul etməsini tənqid etdi: “Təəssüf ki, hakimiyyət bu mesajları oxuya bilmir. Oxuya bilsəydi, məhbusda olan vicdan məhbuslarımıza qarşı işgənclərə əl atmazdı. Onlara qarşı yeni cinayət törədilməsinə çalışmazdı.
Azərbaycan inancılı insanlara qarşı həsblərin 3-cü dalğası gedir. Hər kəs bunu görür ki, vətəndaşlarımız İran və Azərbaycan hakimiyyətlərinin girovuna çevirilib. Bu iki dövlətin arasında narazılıq yaranan kimi inancılı insanlarımızın həbsi başlayır. Biz vətəndaşlarımızın bu iki dövlətin girovluğundan çıxmasını istəyirik. Vətəndaşlarımızdan hamı öz acığını çıxarmamalıdır”.
Xədicə İsmayıla dəstək
Əli Kərimli demokratikləşmə çağırılşarını hakimiyyətin eşitməməsinə daha bir nümunə kimi AXCP üzvlərinin Ədliyə Nazirliyi önündə keçirdikləri aksiya zamanı üzləşdikləri zorakılığı göstərdi. O, dedi ki, aksiyadan sonra polis rəisinin otağında aksiyaçılara qarşı zorakılığın edilməsi hakimiyyətin “bütün çağırışlara qulağını qapamasının” nəticəsidir.
Jurnalist Xədicə İsmayılın şantaj edilməsini də rejimin ümumi mahiyyəti konteksində şərh edən AXCP sədri dedi ki, bu çirkin kampaniya daha əvvəllər də müxtəlif ictimai-siyasi xadimlərə, jurnalistlərə qarşı baş verib. Bunun da səbəbi həmin şəxslərin hakimiyyətin eybəcər cizgilərini olduğu kimi çəkməsidir. Əli Kərimli jurnalist Xədicə İsmayıla qarşı baş verənləri azərbaycanlılığa, insanlığa yaraşmayan hal kimi dəyərləndirərək cəmiyyəti bu hala qarşı səfərbər olmağa səslədi və təklif etdi ki, İP adından uyğun bəyanat qəbul olunsun.
BƏYANATLA TANIŞ OLMAQ ÜÇÜN BURA DAXİL OL
Əfv siyasətinin ifşası
AXCP sədri çıxışında hakimiyyətin əfv siyasətini şərh edərək ona qarşı sərt ifadələr işlətdi. O, bildirdi ki, neçə illərdir rejim heç bir cinayət törətməyən insanları qurama ittihamlarla həbsə atır və həbs müddətinin bitməsinə bir-iki ay qalanda onları azad edərək özünü humanist cilddə dünyaya və cəmiyyətə təqdim etmək isətyir. AXCP sədri bunu “cılızlıq” adlandırdı. Əli Kərimli məhbəsdəki insanlara müxtəlif təzyiqlər edərək onlarıdan etmədikləri cinayətlərə, hərəkətlərə görə etiraflar alınmasını pisləyərək beynaləxalq təşkilatlara bu yöndə çağırış etdi: “Azərbaycan hökuməti ilə dialoqlarda nəzərə alsınlar ki, əqidədaşlarımızın yalnız cismanı azadlığı üçün mübarizə aparmırıq. Bizim üçün onların cismani azadlığından da önəmli şərəf və layqətinin azadlığının təmin olunmağıdır. Onlar sındırılmadan, törətmədikləri əməlləri boynuna almağa məcbur qalmadan azad olunmalıdır”.
Saxta vətənpərvərlərə AXCP sədri cavab verir
AXCP sədri İP-nın “Eurovison” ərəfəsində keçirmək istədiyi aksiyalara görə hakimiyyətin şantajlarına da cavab verdi. “Bütün dünya Azərbaycan hökumətinə açıq şəkildə deyir ki, bir halda ki Avropanın mədəniyyət mərkəzlərindən biri olmaq, böyük bir tədbirə ev sahibliyi etmək iddiasındasan, vicdan məhbuslarını azad et. Hökumət isə buna əməl etmək əvəzinə yersiz mübahisələrə başlayıb, müxalifətə vətənpərvərlik dərsləri keçməyə başlayıb. Guya bizim siyasi məhbuslarla bağlı müraciətlərimiz dünyada ölkəmizin başını aşağı edir.
Bizsiz də deyirlər ki, Azərbaycanda siyasi məhbus olmamalıdır. Bizmi həbs etdik bu insanları? Bizmi bu insanlara etmədiyi cinayətləri quraşdırdıq? Azad edin insanları, Azərbaycanın imici bütün dünyada yaxşılaşsın” , – deyə o, bildirdi.
Əli Kərmli qeyd etdi ki, “Eurovison” Azərbaycanın dünyaya pozitiv yöndən tanınması üçün yaxşı bir imkan ola bilər. Lakin Azərbaycan hakimiyyəti bunu anlamır. O, hökumətin inkişafın real göstəricilərinin nə olmasını başa düşmədiyini bildirdi: “Bu adamların inkişaf haqda anlayışları çox bəsitdir. Bu adamlara kim başa salacaq ki, yerə bahalı, həm də sürüşkən mərmər vurmaq inkişafın meyarı deyil. Bu adamlar anlamırlar ki, dənizin işində milyardlıq binalar tikmək artıq sarkazm, istehza yaradır. “Xruşşovka” fasadını bəzəməyə milyonlar xərcləmək, görməmiş kimi hər əkilən ağacın dibinə işıq çəkmək inkişaf rəmzi deyil. İnkişafın rəmzi müstəqil məhkəmə sistemi, tolerantlıq, özgə fikrə dözümdür. Qonağın qarşısına bunlarla çıxmaq olar”.
İslahatlara başlamasa hakimiyyət daha ağır hesablar ödəyəcək
Çıxışının sonunda Əli Kərimli hölumətə səslənərək dedi ki, vicdan məhbuslarının azad olmasını təkcə “Eurovison”la bağlamaq lazım deyil. O tədbir oldu, olmadı Azərbaycan xalıq azadlıq istəyir: “Qubada baş verənlər göstərdi ki, bizdən də, hökumətdən yuxarı instansiya var. Biz bacarmadıqlarımızı o bacaracaq. O da Azərbaycan xalqıdır”. AXCP sədri vurğuladı ki, qarşıdurma xətti tutmaq hökuməti daha da çıxılmazlığa aparar. Bu siyasəti davam etməklə hakimiyyət daha ağır hesab verməli olacaq. “Bu siyasətin perespektivi yoxdur. Ona görə də qarşıdan gələn böyük tədbirlərdən istifadə edib, siyasi məhbusların azad olunması ilə islahatlara başlamaq lazımdır”.
Əsas hədəfləri unutmamalı
Ziyalılar Forumunun təmsilçisi kimi tədbirə qatılan Eldar Namazov da çıxışında “Euorovison”la bağlı hakimiyyətin şantajlarının əsasız olduğunu dedi. O, bildirdi ki, hakimiyyət özü bir çox məqamları siyasiləşdirir. Məsələn, adi bir statusu siyasiləşdirib gəncləri həbsə atır, bir ailimin çıxışını siyasiləşdirib onu işdən qovur və s. Eldar Namazov dedi ki, hər dəfə müxalifət bir tələb irəli sürəndə hakimiyyət onu yaddan çıxarmaq üçün həbslərə başlayır və bunun nəticəsində əsas hədəf çox vaxt unudulmuş olur. Bu baxımdan o, təklif etdi ki, siyasi məhbusların azadlığına çalışmaqla yanaşı, daha böyük demokratik hədəflər uğurunda çalışmalar da ön planda saxlansın.
***
AXCP sədrinin müavini Nurəddin Məmmədli çıxışında Naxçıvanda həbsə atılmış cəbhəçi Zeynal Bağırsoya diqqət ayırdı. O bildirdi ki, Z.Bağırsoyun da vicdan məhbusu kimi tanınması üçün ciddi səylər görülməlidir.
***
Hüquq müdafiəçisi Pərviz Həşimli isə çıxışında Mətbuat Şurasının sədri Əflatun Amaşovu tənqid etdi. O bildirdi ki, Amaşov həbsdə olan jurnalistləri müdafiə etmək, onlarla görüşmək əvəzinə rejimin əlində siyasi məhbsuları sındırmaq üçün alətə çevirilib.
İP üzvü İmamverdi Cəfərov isə təklif etdi ki, bayram ərəfəsində siyasi məhbusların azad edilməsi üçün İP adından hakimiyyətə müraciət edilsin. Onun fikirincə, hakimiyyət bu çağırışa cavab verməsə növbəti dəfə pis duruma düşəcək.
***
Siyasi məhbus ailələri komitəsinin rəhbəri Arzuman Məcidli cəbhəçilərin aksiyasında saxlanılarkən üzləşdiyi polis zorakılığı barədə çıxış etdi və qeyd etdi ki, hakimiyyətin hələ də yırtıcı siyasətdən əl çəkmədiyini dünyaya duyurmaq vacibdir.
***
İP üzvü, AXCP furnksioneri Seymur Həzi də çıxışında öncə jurnalist Xədicə İsmayılın şantaj olunmasına reaksiya verdi. O baş verənlərin birbaşa İlham Əliyevdən qaynaqlandığını düşündüyünü dedi. Seymur Həzi inanclı insanların “müxtəlif dövlətlərə işləməyə görə” həbs olunmasına da toxundu və bu məsələdə dövlətin məsuliyyət daşıdığını dedi: “Niyə biz düşünmürük ki, necə olur analoqsuz inkişaf edən ölkənin vətəndaşları 200-300 manata görə başqa ölkələrə işləyir?”.
Şərəf və ləyaqətin müdafiəsi üçün…
İP KŞ-nın üzvü Hacı İlqar İbarhimoğlu dindarların növbəti həbs dalğası haqqında danışdı. O bildirdi ki, artıq ölkədə o qədər vicdan məhbusu yaranıb ki, onları saymaqla bitmir. Hacı İlqar təəssüflə bildirdi ki, dindarların həbsinə cəmiyyətin önəmli hissəsi, vətəndaş cəmiyyəti laqeydliklə yanaşır. Bu isə özbaşınalıqları asanlaşdırır.
Natiq məlumat verdi ki, keçən həftə ölkənin tanınmış və nüfuzlu 3 din xadimi – Hacı İlham, Hacı Səxavət, Hacı İlqar şərlənərək həbs edilib və onların qarşısına çox ağır seçim şərti qoyulub: Ya narkotik, ya da dövlət çevirilişi ittihamı ilə həbs olunmaq.
Jurnalist Xədicə İsmayılın bir çox baxışlarını bəyənməsə də, ona qarşı baş verənləri şiddətlə qınadığını deyən İ.İbrahimoğlu bildirdi ki, tək bir insanın da olsa şəxsiyyət və ləyaqətinin aşağılanmasına yönələn addımı hər kəs öz ünvanına təhqir kimi qəbul etməldir: “Heç kəs baş verən bu zorakılıqlardan sığırtalanmayıb. Vətəndaş cəmiyyəti şərəf və ləyaqətin müdafiəsi üçün təcili toparlanmalıdır”.
Vicdan məhbsuları sərvətimizdir
İP KŞ-nın üzv Pənah Hüseyn çıxışında bunları dedi: “Bir ölkədə siyasi məhbusun olması o millətin səviyyəsini göstərir. Bu gün 100-ə yaxın ümumilikdə vicdan məhbusu var. Deməli, bu xalqın vicdanı, ləyaqəti var ki, ölkədə vicdan məhbusları da var. Biz inşallah yaxın vaxtlarda nəinki vicdan məhbuslarını, bütün xalqı azad edəcəyik. İlham Əliyev və onun komandasından tələb etməliyik ki, ən qısa müddətdə vicdan məhbuslarını azad etsin. Biz vicdan məhbuslarının azad edilməsi üçün sözdən əmələ keçəcəyik”.
Xalqın səsini eşitməyin zamanı
Tədbirə qatılan Ziyalılar Formunun təsisçisi Rafiq Əliyev hakimiyyətin ölkədə baş verənləri düzgün təhlil etmədiyini söylədi. Dünyanın ədalətə hamilə olduğunu deyən akademik cəmiyyətdə demokratikləşmə istiqamətində dinamikanı müsbət qiymətləndirdi. “Hər bir hakimiyyətin gücü xalqın inam dərəcəsi ilə ölçülür” deyən R.Əliyev fikirini belə tamamladı: “Mənim şübhəm yoxdur ki, vicdan məhbusları azad olunacaq. Mən Əli Kərimlinin bir fikrini bölüşərək bildirirəm ki, vicdan məhbusları məsələsi “Eurovision” yarışması ilə bağlanmamalıdır. Hakimiyyətə səslənərək deyirəm, vəziyyət elə bir həddə çatıb ki, qıraq səsdən qabaq xalqın səsini eşitmək lazıdır!”.
Avtoritar şantaj
Müsavat başqanı İsa Qəmbər də Xədicə İsmayılın şantajına münasibət bildirdi. O, bunu başqasının şəxsi həyatına qarışımaq kimi qanunsuz və mənəviyyata zidd əməl adlandırıb. O, dedi ki, demokratik ölkələrdə jurnalistlər hakimiyyət nümayəndələrinin videolarini çəkib yayır, avtoritar rejimlərdə isə hakimiyyət jurnalistlərin videolarını şantaj məqsədilə yayır.
Çox qısa zamanda düzgün qərar verilməlidir
İsa Qəmbər tarixin Azərbaycan hakimiyyətinə verdiyi müddətin sona çatdığını deyərək, bunun Quba və digər hadisələrdə aydın sezildiyini bildirdi. O, Gürcüstan prezidentinin Milli Məclisdəki çıxışı zamanı Məmmədəmin Rəsulzadədən sitat gətirməsini də hakimiyyətə mesaj kimi dəyərləndirdi: “Hakimiyyət gözləyir ki, Obama gəlib parlamentdə “Azərbaycanın yolu Rəsulzadə yoludur, demokratiya yoludur” desin? Qarşıdan “Eurovision” deyil, Novruz bayramı gəlir. Çox qısa bir zamanda düzgün qərarlar verilməlidir. İlk qərar vicdan məhbuslarının azad edilməsi, azadlıq istəyən xalqa qarşı, xüsusilə gənclərə qarşı təzyiqlərə son qoyulması ilə bağlı olmalıdır. Novruz bayramına qədər həm bizim, həm də hakimiyyətin qərarları bəlli olacaq. Novruz bayramından sonra atacağımız addımları hakimiyyətin verdiyi qərara uyğunlaşdıracayıq. Hakimiyyəti məsuliyyətli qərarlar verməyə çağırıram”.
Natiq Güləhmədoğlu