Məmməd Sadiq Aran
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan, ölkəmiz sovetləşdikdən sonra təqib, sürgün və həbsxanalardan yaxa qurtarmaq üçün xalqımızın minlərlə övladı müxtəlif ölkələrə mühacirət etmək məcburiyyətində qaldı. Qnların arasında elmi, siyasi və mədəni səviyyəsi yüksək olan ziyalılar əksəriyyət təşkil edirdi.
Azərbaycan mühacirləri öz arzularını gerçəkləşdirmək üçün ayrı-ayrı ölkələrdə ictimai-siyasi, mədəni təşkilat və cəmiyyətlər yaradır, milli mətbuatın nəşrinə böyük ehtiyac olduğunu yaxşı dərk edirdilər. Onlar inanırdılar ki, həmvətənlərimizin təşkilatlanmasında, əlaqələrin intensivləşməsində, milli istiqlaliyyətin gerçəkləşməsində həmişə demokratik mövqeyi ilə seçilən mətbuat böyük rol oynaya bilər. Odur ki, keçən əsrin 30-cu illərində qısa müddət ərzində Azərbaycan mühacirləri Fransa, Almaniya, Ingiltərə, Polşa və s. ölkələrdə “Açıq söz” (1936), “Aydın yol” (1937), “Doğru söz” (1937), “Həqiqət” (1937), “Vətən səsi” (1937), “Vətən arzusu” (1937), “Milli atəş” (1938), “Millət andı” (1938), “Ilham qaynağı” (1938), “Müqəddəs Odlar ölkəsi” (1938), “Haqqın səsi” (1938), “Dilək” (1939), “Haqq” (1939), “Həmlə” (1939), “Kutlu ad” (1936) və sairə kimi qəzet və cumallar nəşr ediblər.
Həmvətənlərimizin ən çox qəzet və curnal çap etdikləri xarici ölkə isə Türkiyə Respublikası olmuşdur. Bu ölkədə mətbuatımızın əsası 1923-cü ildə nəşrə başlayan “Yeni Qafqaziya” ilə qoyulmuşdur. Sonralar isə “Azəri Türk”, “Yaşıl yapraq”, “Odlu Yurd”, “Bildiriş”, “Azərbaycan yurd bilgisi”, “Türk yolu”, “Türk izi”, “Mücahid”, “Türk birliyi”, “Azərbaycan” və sairə kimi mətbuat orqanları işıq üzü görmüşdür.
Həyatının böyük hissəsini Türkiyədə türklüyə və Azərbaycana xidmətdə keçirən, lakin təəssüf ki, şəxsiyyəti, fəaliyyəti və yaradıcılığı hələ də diqqətdən kənarda qalan siyasi-ədəbi mühacirlərdən biri də Məmməd Sadıq Aran olub.
Siyasi mühacirət nümayəndələrinin bir çoxu kimi onun da 1920-ci ildə Iran üzərindən keçərək Türkiyəyə üz tutmasının əsas səbəbi Azərbaycanın müstəqilliyi uğrunda mübarizlərin sıralarına qoşulması, qısa ömürlü Azərbaycan Cümhuriyyətinin fəal tərəfdarlarından biri olması idi.
Məmməd Sadiq Aran (Məmmədsadıq Axundzadə )1898-ci ildə Zəngəzur qəzasının Qarakilsə (indiki Sisiyan) bölgəsinin Urud kəndində anadan olub. Ilk təhsilini ata ocağında alıb, fars və ərəb dillərini öyrənib. Elə həmin illərdə də “Qurani-Kərim”i oxuyaraq mənimsəyib. Sonra Naxçıvan gimnaziyasını bitirib və imtahanla Bakı Yüksək Pedaqoci Institutuna daxil olaraq orada təhsil alıb. Türkiyəyə getdikdən sonra Istanbul Universitetinin Ədəbiyyat fakultəsində təhsil alıb, müxtəlif məktəblərdə müəllimlik edib.
Həbsdən sonra mühacirətə…
Ərəb, fars və rus dillərini yaxşı bilən M.S.Aran musiqi ilə də məşğul olub. O, klassik Azərbaycan musiqisini mükəmməl öyrənib. Yaradıcılığa erkən yaşlarından başlayan M.S.Aran ilk şeirlərini “Açıq söz” və “Fyuzat” curnallarında dərc etdirir. Təqib və məhdudiyyətlər qarşısında bir müddət Irana qaçır, Marağada ibtidai məktəb açır. 1917-ci ildə isə Gorusa gəlir və orada da məktəb açır.
M.S.Aran 1917-ci ildən başlayaraq Azərbaycanın milli istiqlalına qovuşması yolunda mücadilə edib. Ruslar Azərbaycanı tamamilə işğal etdikdən sonra o, Bakıdakı dostları ilə birlikdə gizli qurtuluş təşkilatını qurur və Istanbuldakı Milli Azərbaycan Təşkilatı ilə əlaqə yaratmaq üçün Türkiyəyə gedir , sonra yenidən Azərbaycana qayıdır.
Sonradan o, “Çeka” dəstələri tərəfindən Tiflisdə tutulub həbsə alınıb. Fürsət tapıb həbsxanadan qaçmağa müvəffəq olan M.S.Aran 1923-cü ilin sonunda Irana gedir, buradan isə Türkiyəyə mühacirət edir. Əvvəlcə Trabzonda müəllimlik edir, sonra da Istanbula gələrək, Azərbaycan istiqlal davasına, nəşriyyat sahəsindəki fəaliyyətlərlə yanaşı, sosial və iqtisadi sahələrə də dəstək verir. Istanbulda olduğu 15 il ərzində Azərbaycan Milli Mərkəzində də fəallıq göstərib.
M.S.Aran daha sonra Finlandiyaya gedir. Orada Idil-Ural türklərinin uşaqlarını oxutmaq üçün məktəb açaraq müəllim və idarəçi vəzifəsində çalışır. Eyni zamanda türkcə və fincə “Yeni Turan” adlı bir qəzet də təsis edir. Finlandiyadan Istanbula döndükdən sonra mətbu fəaliyyətini davam etdirən M.S.Aran Ikinci Dünya müharibəsindən sonra (1939-1945) əvvəl “Millət”, sonra da “Cümhuriyyət” qəzetlərinin müxbiri kimi Iranda işləyir.
1941-ci ildə yenidən Istanbula köçən M. S. Aranın 1942-ci ildə “Iran türkləri” adlı kitabı çapdan çıxır. Az sonra müəllif “Türkün altun kitabı” adlı ikinci kitabını nəşr etdirir. M.S.Aran pedaqoci siyasi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul olur. Onun “Qara köynək”, “Gənclərə nəsihət” “Millətlərin haqqı və məhkum türklərin davası” adlı nəsr əsərləri, “Qaçaq Nəbi”, “Top səsləri” kimi pyesləri, çoxlu şeirləri var. Əsərlərinin əksəriyyəti 1952-ci ildə çap olunmuş “Ərkənəgon yolları” adlı kitabında toplanıb.
Türkiyədə çap olunan “Azəri-Türk”, “Yaşıl yarpaq”, “Türk yolu” və “Ergenekan yolu” kimi dərgilərdə də imkanı daxilində çıxış edib. Azərbaycan mühacirət mətbuatı tarixində onun böyük rolu olub “Azəri-Türk” jurnalında məsul redaktor məhz M.S.Aran olub. Türk Kültürü Araşdırma Institutunun qurulmasında o da geniş fəaliyyət göstərib.
Məmməd Sadiq Aran 1972-ci ildə mühacirətdə, Istanbulda vəfat edib.
Sona kimi vətən fədailəri ilə bir arada
Xatirələrdən də göründüyü kimi, Mehmet Sadıq Türkiyəyə gələnə qədər artıq ziyalı və siyasətçi olaraq bəlli təcrübə qazanmış, əqidə və məslək adamı kimi müəyyən yol keçmişdi. Rus, fars və ərəb dillərini bilməsi, Azərbaycan Cümhuriyyətinin Parlamentində təmsil olunması, türkçülüyün qızğın tərəfdarlarından biri kimi tanınması tezliklə onu Türkiyədəki Azərbaycan mühacirətinin ön sıralarına çıxarmışdı.
Mehmet Sadıq Aran 1924-1931-ci illərdə Ankarada fəaliyyət göstərən və öz ətrafında Cümhuriyyətin Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, X.Xasməmmədli, Ş.Rüstəmbəyli, N.Şeyxzamanlı, C.Hacıbəyli, Mir Yaqub Mehdizadə və s. görkəmli nümayəndələrini birləşdirən Azərbaycan Milli Mərkəzi Idarə Heyətinin üzvü olmuşdu. O, eyni zamanda mühacirət mətbuatının fəal xadimlərindən biri kimi tanınmış, müxtəlif qəzet və məcmuələrdə çoxsaylı məqalələr çap etdirməklə yanaşı “Azəri türk”, “Yeşil yaprak”, “Türk yolu”, “Erkenekon” dərgilərinin naşiri, yaxud redaktoru olmuşdu. Sonralar jurnalistlik fəaliyyətini Türkiyənin nüfuzlu “Ulus” və “Cümhuriyyət” qəzetlərində davam etdirmiş, hətta II Dünya müharibəsindən əvvəl bu qəzetlərin Iran müxbiri işləmişdir. M.S.Aran uzun müddət həm də Ankaradakı Türk Kültürlərini Araşdırma Institutunun əməkdaşı kimi çalışmış, Sənan təxəllüsü ilə milli ruhlu şeirlər yazmışdı.
O, 1942-ci ildə Istanbulda Sənan Azər təxəllüsü ilə “Iran türkləri” kitabını çap etdirmişdi. Kitabın birinci hissəsi Iran əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin tarixinə, ictimai-siyasi həyatlarına, ikinci hissəsi isə dil, ədəbiyyat və mədəniyyət məsələlərinə həsr olunmuşdu. Maraqlıdır ki, həmin kitab Türkiyənin yürütdüyü rəsmi siyasətə zidd sayılaraq Ismət Inönünün göstərişi ilə qadağan edilmişdi.
Mehmet Sadıq Aran 1945-1946-cı ildə Cənubi Azərbaycanda başlayan milli-azadlıq mübarizəsini obyektiv şəkildə işıqlandıran və bu məsələdə keçmiş SSRI-nin, Böyük Britaniyanın və Pəhləvi rejiminin Azərbaycan xalqına qarşı çevrilmiş siyasətini açıqlayan silsilə məqalələrin də müəllifidir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir