Xədicə İsmayıl şantajda kimlərdən şübhələnir?

“Araşdırmalarımda prezident ailəsinə toxunmuşam, gümanım ancaq bu tərəfdəndir”

“Mənəviyyatları bura qədərdir, iyrəncdilər, təxəyyüləri axsayır, həm də ciddi panika içindədirlər…”

“Mənimlə bağlı hər hansı məlumat onsuz da bu sistemin korrupsioner əməllərinin üzərini örtmür”

Beynəlxalq Qadınlar Günü Azərbaycan jurnalistikası üçün xoşagəlməz bir hadisə ilə yadda qaldı. “Azadlıq” radiosunun aparıcı əməkdaşı, qalmaqallı araşdırmalar müəllifi Xədicə İsmayıl mətbuat üçün yeni olmayan şantaj üsulu ilə qarşılaşdı. Şantaj müəllifləri jurnalisti özünü yığışdırmayacağı təqdirdə rüsvay olacağı ilə təhdid ediblər. Artıq yerli və beynəlxalq qurumlar, eləcə də Azad Avropa Radioları Koorporasiyasının rəhbəri baş verənləri kəskin pisləyən bəyanatlar yayıblar. Həmkarımızın özü ilə söhbət edib bəzi məqamlara aydınlıq gətirməyə çalışdıq.

“Tədbirlər görülür, ehtiyatlı ol!”

– Xədicə xanım, bu, ilk belə hədədir, yoxsa bundan əvvəl də hansısa formada xəbərdarlıqlar almışdınız?
– İlk dəfə di ki, birbaşa hədə alırdım. Buna qədər “sənin haqqında tədbirlər görülür, ehtiyatlı ol” kimi dostyana mesajlar gəlirdi, mən də onları ciddi qəbul etmirdim. Amma YAP-ın rəsmi mətbuat orqanında mənimlə bağlı böyük məqalə dərc olundu və onda təqribən aydın idi ki, bu, özünü nədəsə ifadə edəcək. Bundan iki il əvvəl isə YAP-dan radioya zəng edib bizim əməkdaşlara demişdilər ki, bu qız niyə belə edir? Bu günə qədər birbaşa hədə almasam da, bunu hər zaman gözləyirdim.

– Bəyanatınızda qeyd etmisiniz ki, bu metod jurnalistlərə qarşı ilk dəfə istifadə olunmur…
– Bundan əvvəl bu metod həmkarlarımıza qarşı dəfələrlə sınaqdan çıxarılıb. Bir daha təkrarlanmasın deyə bu dəfə bunu şiddətli şəkildə qınamalı və açıq mübarizə aparmalıyıq. Mən heç bir halda geri çəkilmək fikrində deyiləm. Hökumət başa düşməlidir ki, bu cür yollarla jurnalistləri susdurmaq mümkün deyil.

– Ortada sınaqdan keçirilmiş bir təcrübə varkən necə hesab edirsiniz, bu, konkret kimin işi ola bilər?
– Mənim araşdırmalarımın mövzusu ən yuxarı səviyyədə korrupsiya ilə bağlı olub. Bundan əvvəlki araşdırmalarımın ikisində prezident ailəsinə toxunmuşam. Hazırda üzərində işlədiyim araşdırma da prezident ailəsi ilə bağlıdır. Bu yazıyla bağlı dövlət orqanlarına sorğular göndərmişəm və cavab gəlmədiyi üçün həmin qurumları məhkəməyə vermək niyyətindəyəm. Mənim gümanım ancaq bu tərəfdəndir. Başqa gümanım yoxdur.

“Başqa heç kimin imkanı və cəsarəti çatmazdı”

– Bəyanatınızın altında həmin araşdırma yazılarınızın linklərini qoymusunuz. Bu, şantaj və təzyiqlərin müəllifini göstərən bir ünvandır?
– Bu ölkədə bu səviyyədə şantajı etməyə başqa heç kimin texniki imkanları və cəsarəti çatmaz. Bu, ən yüksək səviyyədə sanksiya olunmuş, bəlkə də təşəbbüs edilmiş bir əməliyyatdır. İstəyirəm bilsinlər ki, bundan sonra nə baş verəcəksə, ünvan yenə onlardır.

– Sizcə, bu peşəkar bir əməliyyat idi?
– Bu, mənə qarşı yönəlmiş qeyri peşəkar əməllərdir. Dediyim kimi, bu işlərin görülməsi üçün kifayət qədər böyük imkanlar və cəsarət lazımdır. Söhbət, həm məktubun göndərilməsindən, həm şəkillərdən gedir. Mən detallara varmıram. Çünki bu həm də istintaqın gedişinə mane ola bilər. Məsləhətləşmə etmədən heç bir detala varmayacam. Şəkillərin həqiqət və ya montaj olub-olmadığı barədə də heç bir açıqlama verməyəcəm. Mənim şəxsi həyatıma kim girirsə, qələt edir. Hər bir adamın şəxsi həyatı onun şəxsi işidir. Bununla bağlı hər hansı açıqlama verməyə borclu deyiləm. Mən həyatımda xəcalət çəkəcəyim heç bir addım atmamışam. Şəxsi həyatımla bağlı hər hansı bir məlumat onsuz da bu sistemin korrupsioner əməllərinin üzərini örtmür. Çox qeyri-peşəkar əməliyyatdır. Başa düşməlidirlər ki, özlərini biabır edirlər.  

– Hansısa rəsmi quruma müraciət etmisinizmi?
– Hələ yox, sabah müraciət edəcəm. Çünki bu gün iş günü deyildi. Bunu birbaşa prokurorluq araşdırmalıdır. Həm şantaja, həm şəxsi həyatıma müdaxiləyə görə araşdırma aparılmalıdır.

– Məktubun gəldiyi ünvanı necə, araşdıracaqsınızmı?
– Əlbəttə. Bütün detallar araşdırılacaq. Mən məktubun gəldiyi ünvan barədə də təfərrüatlara varmıram.

“Görünür komandalarında ciddi panika var”

– Təhlükəsizliyinizlə bağlı narahatlığınız varmı?
– Mən nə həyat tərzimi, nə iş metodlarımı, nə də əqidəmi dəyişmək fikrindəyəm. Mənim təhlükəsiz yaşamaq və işləmək hüququm var və bu hüququn təmin olunmasını istəyirəm. Dövlət orqanları zəhmət çəkib bunu təmin etsinlər. Əgər həyatıma, ləyaqətimə başqa təhlükələr varsa, bunların məsuliyyətini Azərbaycan hakimiyyəti və bu şantajın arxasında duranlar daşıyır.

– Mətbuat Şurasından maraqlanan olubmu?
– Birbaşa mənimlə təmas quran olmayıb.

– Sizcə, jurnalistləri susdurmaq üçün niyə məhz bu metoddan istifadə edirlər?
– Tərbiyələri, mənəviyyatları bura qədərdir. İyrəncdilər, qeyri-peşəkardılar, təxəyyüləri axsayır. Həm də görünür komandalarında ciddi panika var.

Gültəkin