Vicdan məhbuslarının döyülməsində əməliyyatçı izi

Əvvəllər xüsusi şöbədə işləməmiş 16-cı kalonun rəisi Məhəmməd Mahmudov Abid Şərifovun kürəkəni imiş

Vicdan məhbusları olan Qarabağ qaziləri Məhəmməd Məcidli və Babək Həsənovun 16-cı kalondan 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülərkən fiziki və mənəvi təzyiqlərə məruz qaldıqları barədə ötən saylarımızda məlumat vermişdik.
Vicdan məhbuslarının döyülməsində və bundan əvvəl təxribata məruz qalmalarında sözsüz ki, 16-cı kalonun rəisi Məhəmməd Mahmudovun böyük rolu olub. Bəs Məhəmməd Mahmudov kimdir? Dünən onun barəsində maraqlı məlumatlar əldə etmişik. Məlumatlarda bildirilir ki, Məhəmməd Mahmudov əslən Şəkidəndir və baş nazirin müavini Abid Şərifovun kürəkənidir. Bildirilir ki, həbsxana rəisi Abid Şərifovla qohumluq əlaqələrinin ilk illərində onun köməkliyi ilə prezident yanında xüsusi şöbədə əməliyyatçı işləyib. Lakin fəaliyyəti yarıtmaz olub. Bu baxımdan Abid Şərifov kürəkəninin iş yerini dəyişmək məcburiyyətində qalıb. Baş nazirin müavini həmyerlisi və dostu olan ədliyyə naziri Fikrət Məmmədova üz tutub. Və Məhəmməd Mahmudovu baş leytenant rütbəsi ilə Penitensiar Xidmətə işə düzəldib. Məhəmməd Mahmudov bir müddət orada əməliyyatçı işləyib. Qısa müddətdə rütbəsi polkovnikə qədər yüksəlib.
Məlumatlara görə, Məhəmməd Mahmudov 16-cı kalondan əvvəl 9-cu kalonun rəisi işləyib. Məhəmməd Mahmudov kalon rəisi olmaqla yanaşı həm də biznesmendir. Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” tibb mərkəzi bu şəxsə məxsusdur.

Informasiya şöbəsi