İsrail İrana qarşı super bomba alır

Pentaqon şefi Iranı vurmağa hazır olduqlarını dedi

Iranın nüvə fəaliyyətiylə bağlı yaranmış gərginlik davam edir. Iki gün öncə Israilin baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri və prezident Barak Obama ilə apardığı müzakirələrin bəzi detalları məlum olub. Israildə yayımlanan “Haaretz” qəzetinin yazdığına görə, Netanyahu Obamadan Israilin ABŞ-dan yeraltı obyektləri məhv edə biləcək “Bunker Buster” raketləri almaq istədiyini bildirib.  
Netanyahu ilə ABŞ-ın müdafiə naziri Leon Panetta arasında keçirilən görüşün əsas müzakirə mövzusu da Israilə “Bunker Buster2 və yanacaqdoldurma təyyarələrinin satışı məsələsi olub. Xəbərə görə, Obama Panettaya silah satışı ilə əlaqədar detalların müzakirə olunması üçün Israil müdafiə naziri Ehud Barakla görüşmək tapşırığı verib.
Qeyd edək ki, bir müddət öncə ABŞ mediasında “Bunker Buster” raketləri ilə Iranın yeraltı nüvə və hərbi obyektlərinin sıradan çıxarılması üçün istehsal edildiyini bildirmişdi. Hərbi ekspertlər bu bombaların Iranın yer altındakı nüvə obyektlərini tamamilə məhv edə biləcəyini deyir.
Bu arada ABŞ müdafiə naziri Leon Panetta açıq şəkildə bildirib ki, Vaşinqtonun və müttəfiqlərinin diplomatik səyləri nəticə verməsə, Irana hərbi müdaxilə ediləcək: “Iranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün diplomatik səylər nəticə verməyəcəyi təqdirdə, hərbi müdaxilə variantına üstünlük verəcəyik”. Onun sözlərinə görə, digər alternativlər uğursuz alınsa, son variant hərbi müdaxilədir: “Israil və Iran bunu yaxşı anlamalıdırlar ki, məcbur qalsaq, hərəkətə keçəcəyik”.
Tehran rejminin BMT TŞ-nin daimi üzvləri və Almaniyadan ibarət 5+1 formatı ilə danışıqlara yenidən başlamasıyla bağlı həm Iran, həm də Qərb rəsmilərinin mövqeyində ziddiyyətlər ortaya çıxıb. Iran parlamentinin sədri Əli Laricani Qərb ölkələrini ikili standartlarda ittiham edib. Onun sözlərinə görə, dünya Iranın nüvə silahı əldə etmək niyyətində olmadığını bilsə də, Tehrana qarşı təzyiqlərini davam etdirir. Bu ikili standart davamlı olsa, müzakirələr nəticəsiz sonlanacaq. Laricaninin bu açıqlaması Fransanın sərt reaksiyasına səbəb olub. Fransa XIN-in rəhbəri Alen Jüpe Iranı ikiüzlülükdə ittiham edib. O, Tehranın müzakirələrə başlamaq səmimiyyətinə inanmadığını söyləyib.
Irana qarşı hərbi müdaxilənin qaçılmaz olduğunu hər fürsətdə duyurmağa çalışan Israilə növbəti xəbərdarlıq Ingiltərənin baş naziri Devid Kamerondan gəlib. Hökumət başçısı Iranın Qərbi təhdid edəcək “qitələrarası nüvə silah”ı əldə etməyə çalışdığına inandığını, ancaq Israilin Tehran rejimini nüvə fəaliyyətlərini dayandırmağa məcbur edəcək sanksiyalara daha çox yer ayırmalı olduğunu deyib.

Informasiya şöbəsi