
Bu gün xanım hüquq müdafiəçisi İradə Cavadova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən basqıya məruz qalıb. Bu barədə gunxeber.com saytına hüquq müdafiəçisi özü məlumat verib.
İ.Cavadova müdafiə etdiyi şəxsdən sarı polis idarəsinə getdiyini deyib: “Biz kiçik və orta sahibkarlara yardım göstəririk. Bu gün bir sahibkar mənə müraciət edərək bildirdi ki, onun mağazasından qanunsuz olaraq 50 ədəd mobil telefon götürülüb. Mən də Nəsimi rayon Polis İdarəsinə getdim. Əvvəlcə məni müdafiə etdiyim şəxsin yanına – təhqiqat şöbəsinə buraxmadılar. Saatlarla soyuqda gözləməli oldum. Halbuki mənim orderim var idi. Daha sonra orada Vəfalı Həsənalıyev kimi özünü təqdim edən təhqiqat şöbəsinin əməkdaşı mənimlə kobud danışmağa başladı və orderimin saxta olduğunu bildirdi. Mənə basqı etdilər, vəsiqəmi, sənədlərimi əlimdən aldılar. Həmin şəxs etiraf etdi ki, məndən öncə müdafiə etdiyim şəxsin də telefonunu alıbmışlar. Bir sözlə həmin şəxslə aramızda insident yarandı”.
Xanım hüquq müdafiəçisi onu da bildirdi ki, sabah bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, Ombudsmana və digər dövlət qurumlarına müraciət edəcək.
İş günü olmadığı üçün Daxili İşlər Nazirliyindən məsələyə mövqe öyrənə bilmədik.


