Rusiyalı politoloqdan xəbərdarlıq gəldi: “Putin movqeyini sərtləşdirsə Rusiya dağılacaq”
Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putin prezident seçkisi ilə bağlı jurnalistlərə müsahibə verib. Putinin sözlərinə görə, seçkinin ədalətsiz keçirilməsi ilə bağlı iddialar əsassızdır. O, bildirib ki, seçkilər zamanı baş verən qanun pozuntuları ümumi nəticələrə təsir edə biləcək dərəcədə ciddi olmayıb: “Aydın məsələdir ki, məğlubiyyəti həzm etmək çətin məsələdir. Burada qeyri-adi heç nə yoxdur. Rəqiblərimiz xalqın iradəsi ilə razılaşmalıdır”.
Seçkilərdən sonra keçirilən etiraz aksiyalarına toxunan Putin təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı zorakılığına da toxunub. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri ehtiyatla davranıb, yalnız təxribat törətmək istəyənlərin qarşısını alıblar: “Qanun çərçivəsində onlara hər şey etməyə icazə verilib. Lakin qanun pozuntusuna yol verildiyi halda polis lazımi tədbirlər görməyə məcbudrur. Aksiyada təhlükəsizlik qüvvələri tərəfindən heç kimə qarşı zor tədbiq edilməyib”.
Rusiyadakı seçkilərə münasibət bildirən ABŞ dövlət katibi Hillari Klinton isə bəyan edib ki, Vaşinqton ATƏT müşahidəçilərinin seçkilər zamanı baş vermiş qanun pozuntularına dair bəyanatından dolayı narahatlıqla hissi keçirir. ABŞ rəsmisi bildirib ki, qeydə alınmış qanun pozuntuları araşdırılmalıdır. Klinton seçkidən sonra etiraz aksiyalarının iştirakçılarının həbs edilməsindən da narahatlıq duyduqlarını deyib.
Yenidən ölkə başçısı postunu tutandan sonra Putinin anti-Qərb mövqeyini sərtləşdirəcəyi gündəmə gəlib. Ekspertlər hesab edir, Putin ən yaxın zamanda xarici siyasət kursu ilə bağlı konkret qərar verməlidir. Rusiyanın tanınmış siyasi şərhçisi Aleksey Arbatovun fikrincə, əgər Putin Qərb və xüsusən də ABŞ-a qarşı sərt kurs seçsə, bu zaman Rusiyanı SSRİ-nin soyuq müharibə illərində üzləşdiyi çətinliklər gözləyir: “Putin movqeyini sərtləşdirsə Rusiya SSRİ-nin 20 il əvvəl yaşadığı dramatik sonluqla üzləşəcək”.
İnformasiya şöbəsi