Kütləvi aksiyanın baş qaldırmasına səbəb olan təhqirlə bağlı ölçü götürmək əvəzinə, aksiya iştirakçıları təqib edilir
Qubada baş verən olaylara icra başçısının çıxışının səbəb olmasına baxmayaraq, prokurorluq orqanları istintaqı fərqli istiqamətə yönəltməyə çalışır. Hadisələr zamanı həbs olunan şəxs Cinayət Məcəlləsinin 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham olunur. Hərçənd ki, küçəyə axışan insanlar bunu səbəbsiz yerə yox, təhqir olunduqlarına görə etmişdi. Bu halda insanları etiraz səslərini ucaltmağa, eyni zamanda müəyyən addımlar atmağa məcbur edənlərin də cəzalandırılmasını gözləmək olardı. Hadisələrin düzgün araşdırılması üçün daha hansı maddələrlə cinayət işinin açılması və hansı addımların atılması vacibdir?
Hüquqşünas Aslan Ismayılovun fikrincə, Respublika Prokurorluğu doğrudan da ədalətli istintaq aparmaq istəyirsə, ilk növbədə Rauf Həbibovun haqqında külli miqdarda dövlət əmlakını mənimsəmə, rüşvətxorluq, korrupsiya halları ilə bağlı cinayət işi qaldırmalıdır. Bundan sonra 4 milyon manatın Rauf Həbibovun otağında hardan gəldiyini müəyyən etməlidir. Bundan sonra dağıntılar, onlara gətirib çıxaran səbəblər araşdırılmalıdır: “Niyə insanlar mənim evimə hücum çəkib dağıtmırlar, icra başçısının evini dağıdırlar. Prokurorluğun vəzifəsi təkcə olmuş halı tədqiq etmək deyil. Həm də cinayət hadisəsinin baş verməsinə gətirib çıxaran səbəblər araşdırılmalıdır. Bunu etməmələri onu göstərir ki, Respublika Prokurorluğu heç vaxt qanunun keşiyində durmayıb. Ancaq siyasi sifariş yerinə yetirib”.
A.Ismayılovun sözlərinə görə, prokurorluq orqanları qanunun keşiyində dursaydı, rayona zülm eləyən Rauf Həbibovun müdafiəsində durmazdı. Belə bir şəxs işdə yol verən xətalara görə qovulmalıdır. Yoxsa yalan yerə guya xəstəlik adından işdən çıxarılmalı deyil.
Hüquqşünas Müzəffər Baxış əslində qeyd edilən əməllərdə formal göstərilən cinayətlərin tərkib əlamətlərinin olduğunu deyir. Çünki hadisə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə xeyli ziyan vurmaqla törədilmişdir. Ziyanın miqdarı 7 min manatdan az olduqda, onda bu əməllər Cinayət Məcəlləsinin 186.1 maddəsi ilə tövsif olunur. Ancaq sonradan vurulmuş ziyanın miqdarını artırmaqla digər maddələrə, məsələn, 186.2-ci maddə ilə (külli miqdarda ziyan vurmaqla) tövsif edə bilərlər.
Lakin, hüquqşünasın fikrincə, ümumiyyətlə, Quba hadisələrində cinayət əməli axtarmaq düzgün deyil. O hadisələri cinayət kimi qiymətləndirmək olmaz. Bu, insanların rayonda konkret vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə qarşı etirazı idi. Bunu əslində əyalət üsyanı, yerli hakimiyyət orqanlarına qarşı üsyan kimi qiymətləndirmək olar. Bu insanlar özlərinin beynəlxalq hüquqda və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüquqlarını həyata keçirirlər. Heç bir halda bu əməllər cinayət kimi qiymətləndirilə bilməz. Bu hərəkətlərə görə heç kim cinayət məsuliyyətinə cəlb edilib cəzalandırıla bilməz. Qeyd edilən maddələrlə həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi tamam qanunsuz hərəkətlər olacaq.
Bununlu belə, M.Baxış xeyli sayda insanın həmin maddələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyini və məhkəmələrin onlar barəsində hökm çıxaracağını deyir. Buna səbəb kimi isə Azərbaycanda hüquqi dövlətin mövcud olmadığını, siyasi sifarişlərlə idarə olunduğunu göstərir.
Fizzə