Əliyevlərin QASIRĞASIna düşüb görücü olanlar

Əliyevlər taxt-tacının gələcək taleyi haqqında indiyədək  məşhur görücülər, tanınmış siyasətçilər müxtəlif proqnozlar verib, jurnalistlər saysız-hesabsız məqalələr yazıb. Amma Ailə hakimiyyətinin gələcək taleyi haqqında ən dəqiq proqnozu Nemət Pənahlının anası Sara xanım verib. Sara Ananın müsahibələrindəki(“Azadlıq” qəzeti, 22.01 – 14.02.2012) cəsarətli, dəqiq fikirlərə ən məşhur görücü, ən tanınmış siyasətçi, ən cəsur jurnalist də qibtə edər: “Ölkə başçısının ətrafında bir nəfər də olsun səmimi adam yoxdur ki, ona doğru yolu göstərsin. Zülm onsuz da heç vaxt cəzasız qalmır. Bunun bir sonu olacaq, özü də çox pis sonu olacaq. Pişik pişikdi, divara qısnayanda, qayıdıb adamın üzünü cırır. Adam öz övladının da haqqına girəndə, ata-anasının üzünə qayıdır. Bunu deyən, izah edən niyə yoxdur? Inanın ki, bu ölkənin başçısının sabah ayağı büdrəsə, ona birinci zərbəni ətrafındakılar vuracaq”. Hətta görücü Vanqanın gələcək haqqında dedikləri Sara Ananın fikirlərinin yanında çox sönük görünür. Məşhur görücü Vanqaya həsr olunan əksər məqalələrdə onun haqqında belə yazılıb: “Rəfiqələri ilə gəzişən Vanqa birdən göy üzünü iri qara bir buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan Vanqanı qasırğa qızların arasından ağuşuna alır. Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonra isə bəbəkləri ağarmağa başlayır”. Sara Ana da qasırğaya düşdü. Amma təbiətin qasırğasına deyil, Əliyevlərin QARA BULUDundan sonrakı qasırğasına. Təəssüf ki, yalnız dəhşətli qasırğadan sonra Sara Ana “görücü” oldu, prezidentin və onun ətrafında olanların faciəvi gələcəyini gördüyünü dedi. Əliyevlərin QASIRĞASIna düşüb “görücü” olan Nemətin təkcə anası deyil. Oğlunun haqsız həbs olunmasına dözə bilməyən atası da gözlərini əbədi olaraq yummamışdan öncə hakimiyyətin “ulduzlarına” baxıb və proqnozunu verib: “Bunlar nə namərd adamlar imiş, Nemətin haqqı bunları tutacaq. Nemət bunların yolunda nə əziyyətlər çəkdi, Allah bu zülmü yerdə qoymaz”.
Nemət Pənahlı mitinqlərdəki bütün çıxışlarını əfsanəvi türk şairi Tofiq Fikrətin məşhur “Millət Şərqisi” şeiri ilə başlayıb, onunla da bitirirdi. Nemət o şeiri o qədər ürəkdən, həyəcanla oxuyurdu ki, aldığım zövqü indiyədək xatırlayıram. O şeiri sevən və milyonlara sevdirən insan heç vaxt Şərin yanında olmamalı idi. Və ya o şeirlə milyonları sehrləyən insan sonadək Şərin yanında qala bilməzdi. O zamanlar camaat danışırdı ki, Nemətin gözəl natiq olması üçün guya Heydər Əliyev ona xüsusi dərslər keçib. Bu, əlbəttə, elə deyildi. Elə olsaydı, həmin dərsləri, kiçik bir nitqində 10-15 dəfə səhvlər edən, təkrarçılıqdan dinləyicini yoran oğluna da verərdi. Nemət, Allahın seçdiyi bir bəndə idi. Sonra da o, Allahın ona bəxş etdiyi natiqlik qabiliyyəti sayəsində milyonları bir yerə toplamağı bacaran xalq qəhrəmanına çevrildi. Və Nemət xalqın seçilmiş bir oğlu oldu. Amma onu yenə seçən olacaqdı. Bu, Moskvada yaşayan, Azərbaycana nə yolla olursa-olsun qayıtmaq istəyən Heydər Əliyev idi. O da Neməti seçdi. Və Nemət Allahın da, xalqın da seçilmişi, sevimlisi olduğunu unudub Şərin  arxasıyca getdi. Bir dəfə Heydər Əliyev müəllim və tələbələrlə görüşlərinin birində ilginc bir etiraf etdi: “Mən ali məktəbə qəbul üçün heç kimi müəllimlərə tapşırmamışam. Hətta övladlarım üçün də xahiş etməmişəm. Bircə Nemət Pənahlıdan başqa: onu imtahansız Bakı Dövlət Universitetinə mənim xahişimlə qəbul ediblər”. Əlbəttə, Heydər Əliyevin bütün “imtahanlarını” uğurla verən abituriyentin ali məktəbə imtahan verməsinə nə ehtiyac var idi?
Bir vaxtlar camaatın danışdığı həqiqətləri – Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində Nemət Pənahlının böyük xidmətlərinin olmasını bu gün anası da etiraf edir: “Bu günə kimi Nemətə Heydər Əliyevə kömək olmaqdan başqa bir qüsur tapıb deyən olubmu? Bunları Ilham Əliyev bilmir?”. Əlbəttə bilir! Amma indi Ilham Əliyev atasına hakimiyyətə gəlməyə kömək edənləri yox, atasının ona miras qoyduğu kürsünü sevir, qoruyur…
P.S. Maraqlıdır, Nemət indi zindanda Tofiq Fikrətin hansı şeirini oxuyur? Bəlkə, “Han-ı Yağma” şerini:
…Yiyin efendiler, yiyin,
bu iştah veren sofra sizin
Yiyin hırsızlar, yiyin,
bu han-ı iştiha sizin,
Doyunca, tıksırınca,
çatlayıncaya kadar yiyin!..