Rəsmi strukturlar bununla bağlı heç bir izahat vermir
Məhəmməd Talıblı: «Müavinətlərin heç bir xəbərdarlıq edilmədən kəsilməsi və izahat verilməməsi büdcədə vəsait çatışmazlığı ilə bağlı deyil»
Məcburi köçkün olan müəllim, həkim və mədəniyyət işçilərinin müavinətlərinin heç bir xəbərdarlıq edilmədən, gözlənilmədən kəsilməsi onları etiraz aksiyasına məcbur etmişdi. Martın 6-da bir qrup vətəndaş etiraz aksiyası keçirmişdi. Iki aydır müavinətlərini ala bilməyən bu şəxslərə 1994-cü ildə Heydər Əliyevin imzaladığı 10 may tarixli 181 saylı sərəncama uyğun olaraq vəsait verilirdi. Qanuna görə, büdcə təşkilatlarında işləmiş və işğal nəticəsində iş yerlərini itirən həkim, müəllim və mədəniyyət işçiləri işlə təmin olunana qədər orta aylıq əmək haqqını almalıdırlar. Bu müavinətlərin torpaqlar işğaldan azad edildikdən 3 il sonrakı müddətdə belə, verilməsi nəzərdə tutulub. Aksiya iştirakçılarının sözlərinə görə, məsələ ilə bağlı Qaçqın və Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etsələr də, komitə sədri Əli Həsənov onları qəbul etməyib.
Bundan başqa, hazırda müavinətdən məhrum olan təxminən 11 min ailə var. Onlar Təşkilat Komitəsi yaradacaqlarını və məsələyə hüquqi qiymət verilməsinə çalışacaqlarını vurğulayıblar.
Məsələyə aydınlıq gətirmək üçün rəsmi strukturlarla əlaqə saxlamaq qərarına gəldik.
Öncə Maliyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri günün əvvəlində mövzu ilə bağlı suallarımıza cavab verəcəyini bildirsə də, iş gününün sonuna qədər onunla telefon əlaqəsi yaratmaq imkanımız baş tutmadı.
Qaçqın və Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elçin Qədimov isə bildirdi ki, müavinətlərin ödənilməsinin dayandırılması barədə onda mətbuatdan məlum olsa da, bu addımın səbəbləri barədə konkret informasiyaya sahib deyil.
![]()
Ekspert Məhəmməd Talıblının sözlərinə görə, müavinətlərin heç bir xəbərdarlıq edilmədən kəsilməsi və izahat verilməməsi büdcədə vəsait çatışmazlığı ilə bağlı deyil. Bu tip müavinətlərin verilməsi üçün büdcədən yetərincə maliyyənin ayrıldığını deyən M.Talıblı vurğuladı ki, bu, sadəcə olaraq müvafiq strukturların özbaşınalığının nəticəsidir: “Sərəncam varsa və o hələ də qüvvəsindədirsə, onun yerinə yetirilməsi davam etməlidir. Görünür, müavinətlərin gecikməsində Qaçqın və Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əli olmamış deyil. Burada vəzifədən sui-istifadə və korrupsiya halına yol verildiyi hiss olunur. Sərəncama riayət edilməməsi ciddi qanun pozuntusudur”.
Hikmət


