«Yasamal polisləri bu özbaşınalığa görə cavab verməlidir»
Leyla Yunus cəbhəçi gənclərə qarşı yol verilmiş zorakılıqla bağlı bəyanat verdi
AXCP fəallarının martın 6-da vicdan məhbusları Məhəmməd Məcidli və Babək Həsənovun müdafiəsi məqsədilə Ədliyyə Nazirliyinin qarşısında keçirmək istədikləri aksiya polis zorakılığı ilə yadda qaldı. Yasamal Rayon Polis Idarəsinin məsul şəxsləri və əməkdaşları cəbhəçi fəallara nəinki aksiya keçirməyə imkan vermədilər, üstəlik onlara qarşı zor və işgəncə tətbiq etdilər. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, komitə üzvlərindən Cabbar Savalanlı, Dəyanət Babayev və Məcid Mərcanlının döyülməsində isə şəxsən Yasamal Polis Idarəsinin və 28-ci polis bölməsinin rəisləri iştirak etmişdilər. Bundan əlavə, Ə.Qurbanlıya polis idarəsində elektroşok da verilmişdi. Indi əsas məsələ bu özbaşınalığa görə rəislər başda olmaqla, Yasamal polislərinin məsuliyyətə cəlb edilib-edilməyəcəyidir.
“Elektroşok məsələsi xüsusi qabardılacaq”
Artıq gənclərin vəkili Əsabəli Mustafayev bu istiqamətdə işə başlayıb. Onun sözlərinə görə, bu gün AXCP fəalları ilə bir araya gəlib əldə olan sübutların toplanmasına çalışacaqlar: “Görək, kimdə nə var, hansı əsaslarımız var. Istəyirik ki, məhkəməyə müraciət edəndə də əlimizdə əsaslar olsun. Sübutları, şəkilləri – hər şeyi təkrar araşdırandan sonra qəti qərara gələcəyik. Məhkəməyə ya fərdi qaydada, ya da qrup halında müraciət olunacaq”.
Vəkil hesab edir ki, Yasamal polisləri bu özbaşınalığa görə cavab verməlidirlər: “Elektroşok məsələsini xüsusi qabardacağıq. Ola bilsin, qarşı tərəf bunu inkar etdi və dedi ki, bizdə ümumiyyətlə elektroşok alətlərindən istifadə olunmur. Amma beynəlxalq standartlara görə, polis idarəsində saxlanılan şəxs ona qarşı olan təzyiqlərdən şikayət edirsə, belə bir halın olmadığını sübut etmək öhdəliyi hökumətin üzərinə düşür”.
“Yasamal polisi gənclərə qarşı ən qəddar münasibəti sərgilədi”

Gənclərin döyülməsi, onların təhqirə və qeyri-insani rəftara məruz qalmasına etiraz olaraq dünən hüquq müdafiəçisi Leyla Yunus bəyanat verib. L.Yunus “Eurovision”un Azərbaycanda keçirilməsi ilə bağlı böyük ümidlərinin olduğunu, lakin son günlərin baş verənləri bütün ümidləri alt-üst etdiyini bildirib: “Biz ümid edirdik ki, insan haqları və demokratik azadlıqlar sahəsində vəziyyət yaxşılaşacaq. Siyasi məhbuslar və vicdan məhbusları azadlığa buraxılacıq. Lakin son baş verənlər göstərdi ki, bunlara ümid etmək əbəs imiş. Vicdan məhbusları və siyasi məhbuslarla bağlı vəziyyət gərginləşdi. 16-cı kalonda saxlanılan vicdan məhbuslarına qarşı qanunsuzluqlar oldu. Bu kalonda saxlanılan Məhəmməd Məcidli və Babək Həsənov 14-cü kalona köçürülərkən zorakılıqla üzləşdilər. Bütün bunlar göstərir ki, Azərbaycanda məhbuslara qarşı qeyri-insani rəftar davam edir və yüksələn xətt üzrə gedir. Siyasi məhbusların və vicdan məhbuslarının sayı nəinki azalmır, əksinə çoxalır. Azad olunan hər bir belə məhbusu bir neçəsi əvəzləyir.
Daha bir acınacaqlı fakt Naxçıvandakı hüquq müdafiəçisi Zeynal Bağırzadəyə siyasi sifarişlə 7 il yarım iş verilməsi oldu. Ümid var idi ki, ”Eurovision” ərəfəsi sərbəst toplaşmaq azadlığına imkan yaradılacaq. Amma martın 6-da biz aksiya keçirmək istəyən AXCP fəallarına qarşı ən qəddar münasibətə şahid olduq. Polis zorakılığı göstərdi ki, hökumət vətəndaş cəmiyyəti ilə nəinki hər hansı dialoqa hazırdır, hətta sərbəst toplaşmaq azadlığına tam qadağa var. Yasamal polisinin gənclərə qarşı rəftarı heç bir çərçivəyə sığmırdı. Hər hansı məsələyə etiraz etmək gənclərin haqqıdır. Amma buna zorakılıq göstərərək imkan vermədilər. 4 marta planlaşdırılan aksiya da cavabsız qaldı”.
“Azərbaycana nəinki avtoritar, mafioz- kriminal hakimiyyət rəhbərlik edir”
L.Yunus hesab edir ki, AXCP fəallarına qarşı zorakılığa yol verən Yasamal Rayon Polis Idarəsinin rəhbərliyi və əməkdaşları mütləq məhkəməyə verilməlidir: “Vətəndaş cəmiyyətinə müraciət edirəm ki, şəxsən Ilham Əliyevə birgə etiraz ifadə edilsin. Vicdan məhbuslarına qarşı qanunsuzluğa yol verən kalon rəisləri, türmələrə cavabdeh olan ədliyyə naziri, gənclərə qarşı zor tətbiq edən Yasamal rayonunun polis rəisi və əməkdaşları barədə Baş Prokurorluqda cinayət işi başladılsın. Beynəlxalq qurumlara müraciət edilsin ki, Azərbaycana nəinki avtoritar, mafioz-kriminal hakimiyyət rəhbərlik edir”.


