“Eurovision”u kim siyasiləşdirir?

Tanınmış ictimai-siyasi xadimlər hökuməti «Eurovision»a qədər siyasi məhbusları azad etməyə çağırdılar

«Hökumət gəncləri «Facebook»dakı yazılarına görə həbsə atanda, alimi fərqli fikrinə görə işdən çıxaranda, əlbəttə ki, «Eurovision» da siyasiləşəcək»

Dünən “Avropa” otelində “Frontline” klubunun təşkilatçılığı ilə “Azərbaycan: ”Eurovision”dan əvvəl və sonra” mövzusunda maraqlı diskussiya keçirilib. Müzakirələr əsasən “Evrovison-2012”yə dair ölkədə mövcud olan bir-birinə zidd baxışlar – ”Evrovison” siyasi yarışmadır, yoxsa musiqi yarışması; onu siyasiləşdirmək doğrudur, yoxsa yanlış?” ətrafında olub. Diskussiyada ölkənin tanınmış ictimai-siyasi xadimləri – Rafiq Əliyev, Eldar Namazov, Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli, Zeynal Məmmədli, Rəşid Hacılı, Emin Hüseynov, Razi Nurullayev, həmçinin hökumətin mövqeyini ifadə edən QHT təmsilçiləri iştirak edib.   
Tədbirə aparıcılıq edən tanınmış jurnalist Çingiz Sultansoy bildirib ki, “Eurovision”dan həm iqtidar, həm də müxalifət yararlanmaq istəyir. Amma hər biri başqa mənada. Hökumət bu yarışma ilə Azərbaycanı tanıtdırmaq, qarşı tərəf isə ölkədə insan hüquq və azadlıqları sahəsində mövcud olan problemlərin həllinə nail olmaq istəyir.

“Sən belə ”Eurovision” istəyirsənmi?”

Bundan sonra tədbir iştirakçılırına iki fərqli süjet  nümayiş etdirilib. Onlardan birində – “Mir” telekanalının süjetində Azərbaycanın “Eurovision”a hər baxımdan tam hazır olduğu, digərində – RATI-nin “Sən belə ”Eurovision” istəyirsənmi?” başlıqlı süjetində isə Azərbaycandakı qanunsuz həbslər, polisin aksiyaçılara qarşı zorakılığı, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, yarışmaya görə insanların evlərinin uçurulması və bu kimi məqamlar yer almışdı.
Müzakirələr zamanı hökumətin maraqlarını təmsil edən şəxslər “Eurovision”u mədəni-kütləvi tədbir sayaraq onun əleyhinə kampaniya aparılmasına etiraz ediblər və kampaniya müəlliflərini yarışmanı siyasiləşdirməkdə günahlandırıblar.
AXCP sədrinin müavini Razi Nurullayev bildirib ki, nə təmsil etdiyi partiya, nə də ümumilikdə müxalif düşərgə “Eurovision”un əleyhinədir: “Hətta Azərbaycan yarışmada qalib gələndə müxalifət partiyaları onları təbrik etmişdilər. Məsələ burasındadır ki, Azərbaycanda siyasi məhbuslar, vicdan məhbusları var və onlar azadlığa buraxılmalıdırlar. Biz deməsək, bunu ”Eurovision”la bağlı Azərbaycana gələcək 1500 jurnalist deyəcək. Hökumət bu məqamı nəzərə almalıdır”.  

“Demokratiya naminə oxu”maq doğrudurmu?

RATI sədri Emin Hüseynov isə bildirib ki, onlar qətiyyən “Eurovision”un əleyhinə deyillər və bugünə qədər bir dəfə də olsun yarışma ilə bağlı boykot çağırışı etməyiblər: “Azərbaycanda siyasi məhbusların olması, insan azadlıqlarının pozulması faktdır. Yerli vətəndaş cəmiyyəti institutlarının iqtidara müraciətlərinə baxmayaraq siyasi məhbuslar və o cümlədən, vicdan məhbusları azad edilmir. Bundan irəli gələrək ölkənin bir qrup vətəndaşı və ictimai birlikləri ”Evrovision” müsabqisəi iştirakçılarının diqqətini bu problemlərə cəlb etmək üçün bir neçə aydır ki, “Demokratiya naminə oxu” kampaniyasına start veriblər. Bizim məqsədimiz “Eurovision”un Azərbaycanda keçirilməsinə etiraz etmək yox, insan azadlıqları sahəsindəki problemləri aradan qaldırmaqdır. Müsabiqə keçirilən ölkədə məhbus jurnalist olmamalıdır, Azərbaycanda isə 4 jurnalsit həbsdədir”.
Tanınmış jurnalist Qulu Məhərrəmli bildirib ki, hər iki tərəfin özünə görə ciddi arqumentləri var: “Hökumət təbii olaraq bu yarışmanı səs-küysüz, dinc şəkildə başa vurmaq istəyir. Öz növbəsində qarşı tərəf də haqlı olaraq ölkədəki problemlərin həlli, qanunsuz həbsə atılanların azad edilməsi üçün bu beynəlxalq tədbirdən faydalanmaq istəyir. Bu mənada ikinci tərəfi vətənpərvər olmamaqda ittiham etmək yanlışdır. Hesab edirəm ki, hökumət ağıllı davranacaq və yarışmaya qədər bu problemləri həll edəcək”.

“Eurovision”u hökumət özü siyasiləşdirir”

Politoloq Eldar Namazov isə bildirdi ki, “Eurovision”u hökumət özü siyasiləşdirir: “Bir gənc ”Facebook”dakı yazılarına görə həbsə atılır. Üstəlik onun valideynləri işdən çıxarılır, qohumlarına təzyiq edilir. Və bununla da ailə münasibətləri siyasiləşdirilir. Bir alim fərqli fikirlərinə görə işdən çıxarılır. Bütün dünya onu qəbul edir, ona “Nobel” mükafatı verməyə hazırlaşır, Azərbaycan hakimiyyəti isə onu işdən azad edir. Bu, elmi siyasiləşdirmək deyilmi? Azərbaycanda sərbəst toplaşmaq azadlığı, siyasi məhbuslar, vicdan məhbusları, seçki saxtakarlığı, mülkiyyət pozuntuları və bu kimi o qədər problem var ki, təbii olaraq “Eurovision” siyasiləşməli, bu problemlərin həllinə nail olmaq üçün alətə çevrilməlidir”.

“Mən o qanuna tüpürürəm!”

“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bu müsabiqənin ictimai-siyasi xarakter daşıdığını deyib: “Bu yarışma informasiyalar üçün əsas verir ki, bütün sahələr üzrə fikirlərimizi çatdıraq. Evi sökülən vətəndaşın evi bir manatdırsa, amma beş manat istəyirsə, bu pul ona ödənməlidir. Çünki bu adam illərdir o evdə yaşayıb. Bu, onun şəxsi mülkiyyətidir və toxunulmazdır. Həmin vətəndaş qanunu misal gətirir, icra nümayəndəsi isə deyir ki, mən o qanuna tüpürürəm. Ona görə də mən bu müsabiqədən insan haqları sahəsində problemləri qaldırmaq üçün istifadə olunmasını dəstəkləyirəm”.  

Ermənilər Ramil Səfərovun fotosu ilə necə antitəbliğat aparırlar?

“Frontlayn” layihəsinin rəhbəri Arif Əliyev isə “Eurovision”la bağlı ona xaricdəki həmkarlarından iki link gəldiyini bildirdi. Həmin linklərdən birində Ramil Səfərovun ermənilər tərəfindən kollaj edilmiş fotosu var. Fotoda R.Səfərov əli qanlı şəkildə balta tutub və altında “Çalış yatma!” çağırışı edilib. Bunu bütün dünyaya yayan ermənilər “Eurovision”un Azərbaycanda keçirilməsinin əleyhinə kampaniya aparmağa çalışırlar. Lakin A.Əliyev dedi ki, xaricdən gələn ikinci mesaj daha ağrılıdır: “Həmin linkdə ”Eurovision”a görə evi sökülən bir azərbaycanlı qadının fəryadı ucalıb. Mənə elə gəlir ki, ölkə daxilində baş verən bu kimi acınacaqlı hallar Azərbaycanın adına daha çox zərbə vurur, nəinki ermənilərin apardığı həmin kampaniya”.

Gültəkin Knyazqızı