
Rusiyada seçkidən sonrakı siyasi durum, gözlənildiyi kimi, gərgin olaraq qalır. Baş verən prosesləri bir qədər də qəlizləşdirən müxalifətin keçirdiyi aksiya zamanı polisin zorakılığa yol verərək 200-dən artıq mitinq iştirakçısını saxlaması oldu. Xarici ekspertlər yaxın müddət üçün Rusiyada hələ siyasi ehtirasların səngiməyəcəyini proqnozlaşdırırlar. Bəs yerli ekspertlərin Rusiyadakı hadisələrlə bağlı gözləntiləri nədən ibarətdir?
“Putinin idarəçilik metodları ilə Rusiyanı uzun müddət sabit və bütöv saxlamaq mümkün olmayacaq”

Politoloq Vəfa Quluzadənin fikrincə, Rusiya hazırkı rejimin ömür sürdüyü hər gün itirilmiş zamandır. Rusiyada inkişafın qarşısının alındığını deyən V.Quluzadənin sözlərinə görə, Putinin qələbəsi və “islahatları” nəticəsində ölkə uçurumun kənarına yaxınlaşıb: “Rusiya hələ də köhnə imperialist təfəkkürlə idarə olunur. Rusiya liberal dövlət olmayana qədər, bu ölkədən hər hansı mütərəqqi irəliləyiş gözləməyə dəyməz. Rusiyanın yeganə çıxış yolu demokratikləşmə və əsarət altında saxladığı xalqlara azadlıq verməsindədir. Putin özü də etiraf edir ki, o hakimiyyətə qayıtmasaydı, ölkə bir neçə hissəyə parçalana bilərdi”.
Gələcək zaman üçün Rusiyanı çətin dönəmlər gözlədiyini proqnozlaşdıran V.Quluzadə qeyd etdi ki, Rusiyanın Qərbə müharibə elan etməsi ölkə üçün ağır nəticələrə səbəb ola bilər. Çünki Putin bütün avtoritar rejiminin gücünü neft pulları üzərində qurub. Neftin qiyməti aşağı düşən kimi avtoritarizmin dayaqları laxlayacaq, nəticədə hazırda zorakılıq yolu ilə yatırılan islahatlar, azadlıq meylləri yenidən baş qaldıracaq: “Rusiya hazırda SSRI-nin yolu ilə gedir. Kremlin yenidən eyni taleyi yaşayacağı zaman uzaqda deyil. Çünki Putinin idarəçilik metodları ilə Rusiyanı uzun müddət sabit və bütöv saxlamaq mümkün olmayacaq. Baxaq Putin və ətrafının çiyinləri bu cür ağır yükü nə qədər saxlaya biləcək”.
“Putin müxalifətin siyasi fəaliyyət çevrəsini bir qədər daraldaraq avtoritarizmi möhkəmləndirməyə cəhd edəcək”
![]()
Ekspert Zəfər Quliyev hazırda Rusiyada baş verənlərin əvvəlcədən proqnozlaşdırıldığını söylədi. Çünki müxalifət seçkidən sonra nəticələrdən asılı olmayaraq küçələrə çıxacağını bəyan etmişdi. Digər tərəfdən, Putinin bütün imitasiya oyununa baxmayaraq onun tam demokratik seçki keçirəcəyi inandırıcı deyildi: “Seçkilərin şəffaflığının yeni texnologiyalar hesabına qaldırılmasına baxmayaraq hakimiyyət yenə də pozuntulara getdi. Seçkidən sonra müxalifətin aksiyaları gözlənilən olduğu kimi, hakimiyyətin sərt reaksiyası da proqnozlaşdırılırdı. Seçkiqabağı Putinin ritorikasının liberallaşmasına baxmayaraq sonradan baş verənlər göstərdi ki, bu, bir kampaniya idi. Bununla Putin əlavə imiclər qazanmaq istəyirdi və yeni davranış modeli tətbiq edirdi. Amma Putinin siyasi baxışları bütün dünyaya bəlli olduğu kimi, Rusiyaya da aydın idi”.
Seçkidən qabaq və sonra ölkəni məhz Putinin idarə etməsinin sirr olmadığını deyən Z.Quliyev qeyd etdi ki, hazırkı baş nazirin son sərt reaksiyası cəmiyyət və demokratik qüvvələrə bir mesaj idi. Putin bəyan edir ki, artıq seçki oyunları bitib və bütün növ azadlıqlar məhdudlaşdırılacaq. Ona görə Putinin bundan sonrakı addımları daha sərt və qətiyyətli olacaq. Putinin sosial siyasətdə müəyyən yumşalmaya getməsini istisna etməyən Z.Quliyev konkret olaraq siyasi müstəvidə hər hansı dəyişikliyin olacağını gözləmir. Əksinə Putin müxalifətin siyasi fəaliyyət çevrəsini bir qədər daraldacaq. Bu isə Rusiyada avtoritarizmin dayaqlarının daha da möhkəmləndirilməsinə bir cəhddir.
Xəyal


