Şahmar Mövsümov uzun xahiş-minnətdən sonra avtomobilini geri ala bilib
Naxçıvan Muxtar Respulikası Ali Məclisinin sədri Vasif Talıbov Bakıda olarkən Neft Fondunun prezidenti Şahmar Mövsümovun xidməti avtomobilini müsadirə edib. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, buna səbəb Şahmar Mövsümovun sürücüsünün Vasif Talıbovun avtomobilini arxada qoyması olub.
Bildirilir ki, bundan qəzəblənən Ali Məclis sədri dərhal mühafizəçilərinə avtomobilin saxlanması barədə göstəriş verib. Talıbovun mühafizəçiləri göstərişi uğurla yerinə yetirib. Məlumata görə, həmin vaxt Şahmar Mövsümov avtomobildə olmayıb. Lakin Vasif Talıbov maşının kimə məxsus olduğunu bilib. Bununla belə avtomobil sürücüdən alınıb. Şahmar Mövsümov məsələdən xəbər tutduqdan sonra özünün Vasif Talıbovla şəxsi tanışlığı olmadığına görə müxtəlif adamlar vasitəsilə ona avtomobili geri qaytarmaq barədə xəbər göndərib. Lakin Naxçıvan “xanı” heç kimi eşitməyib. Sonradan Şahmar Mövsümova izah edilib ki, Vasif Talıbova özü zəng vurub xahiş etsə, bəlkə avtomobili geri ala bilər. Neft Fondunun prezidenti məsləhətə qulaq asaraq “xan”a zəng vurub. Uzun xahiş-minnətdən sonra Vasif Talıbov avtomobili qaytarmağa razılıq verib.
Informasiya şöbəsi