Vaqif Axundovun “sığorta davası”

General sabiq işçisinə sığorta pulunun verilməsini qadağan edib

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti Xüsusi Dövlət Mühafizə Xidmətinin(XDMX) sabiq əməkdaşı baş leytenant Asif Lətifov pulunu ödəməkdən imtina edib. Bu barədə qəzetimizə Asif Lətifovun özü məlumat verib. Onun sözlərinə görə, Binəqədi rayon Məhkəməsi pulun ödənilməsi barədə qərar çıxarıb: “Lakin pulu almağa gedəndə mənə dedilər ki, sənin məsələn qəlizdi. Pulu verə bilməyəcəyik. Səbəbini soruşduqda dedilər ki, məhkəmənin qərarından apelyasiya şikayəti hazırlanır. Maraqlıdır ki, yalnız mənlə bağlı qərardan apelyasiya şikayəti verilib. Mən bunu özümə qarşı qərəz hesab edirəm. Və düşünürəm ki, sığorta şirkəti bunu Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun sifarişi ilə həyata keçirib”.
Asif Lətifov başqa bir maraqlı faktı diqqətimizə çatdırıb. Onun sözlərinə görə, anası Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğana müraciət edib: “Müraciət mənə qarşı haqsızlıqla bağlı olub. Maraqlıdır ki, bu məktub it-bata düşüb. Təsəvvür edin, məktub ünvana çatmayıb, ”Azərpoçt”dan soruşuram deyirlər itib. Bütün bunlar eyni mərkəzdən idarə olunur. Yəni, Vaqif Axundov bütün vasitələrdən istifadə edərək məni mövqeyimdən çəkindirməyə çalışır. Lakin mən mübarizəmi sona qədər aparmaqda israrlıyam”.
Oxucuların diqqətinə çatdıraq ki, Asif Lətifov 17 il XDMX-nin “Betta” qrupunda çalışıb. Göstərdiyi xidmətlərə görə dəfələrlə təltif olunub. Lakin ötən ilin martında işdən çıxarılıb. Onun işdən çıxarılmasına səbəb kimi xidməti uyğunsuzluq göstərilir. Əslində isə Asif Lətifov XDMX-dəki neqativ hallara qarşı mübarizə apardığına görə rəhbərliyin hədəfinə gəlib.
Yeri gəlmişkən, redaksiyamıza daxil olan məlumatlara görə, Asif Lətifovun işdən azad edilməsində Vaqif Axundov deyil, Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyuov maraqlı olub. Çünki Asif Lətifov Bəylər Əyyubovun yaxın qohumu olan “Betta” qrupunun komandiri Fikrət Rzayevin işçilərdən qanunsuz pul yığmasına kəskin etiraz edib. Eyni zamanda onun xidmət zamanı yol verdiyi nöqsanları sükutla müşahidə edə bilməyib.
Asif Lətifov bu məlumatın həqiqət olub-olmadığı barədə konkret bir söz deməyib: “Doğrudur, mən Fikrət Rzayevin qanunsuz əməllərinə, nöqsanlarına etiraz etmişəm. Amma onu deyə bilmərəm ki, bu məlumat doğrudur ya yox. Mənə bəlli olan odur ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Vaqif Axundovdur və mən onun əmrilə işdən çıxarılmışam”.