Saakaşvilinin Bakı səfəri qalmaqalla bitdi

Parlamentdə Gürcüstan prezidentinə qarşı bəyanat verildi

Qonağın Bakıda Rusiyanı sərt tənqid etməsi və Rəsulzadədən sitat gətirməsi hakimiyyəti diksindirdi

Azərbaycanda səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili dünən Milli Məclisdə çıxış edib. Gürcüstan prezidenti çıxışında Rusiyanın ünvanına sərt tənqidlər səsləndirib. “Bu gün Rusiya yüz il bundan əvvəl yaşadığı tarixi yaşayır. Hər bir dövrdə Rusiya öz işğalçı məqsədinin qurbanı olub. Elə SSRI də öz daxilindən – imperiya siyasəti ucbatından dağıldı”,- deyə Mixail Saakaşvili vurğulayıb.
Gürcüstan prezidenti daha sonra qeyd edib ki, Qafqazda dost və qonşu ölkələr olan Azərbaycan və Gürcüstan öz müstəqilliklərini qazanıb. Bu müstəqilliyə heç bir ölkə, xüsusilə də Rusiya qənim kəsilə bilməyəcək.

Mixail Saakaşvili deyib ki, o, Rusiya xalqına qarşı deyil, əksinə rus xalqına güclü dövlət arzulayır: “Sadəcə, Rusiya bu gün də qonşu ölkələrdə, xüsusilə Qafqazda imperiya məqsədlərindən əl çəkmir ki, biz də bunun qəti əleyhinəyik. Mən Rusiyaya çox qüdrətli olmağı arzulayıram ki, dövlət olaraq öz sərhədlərini dəqiq bilsin”.

Gürcüstan-Azərbaycan münasibətlərinə toxunan Mixail Saakaşvili deyib ki, bu ölkələr arasında strateji əməkdaşlıq və əsrlər boyu davam edən dostluq əlaqələri var: “Azərbaycan və Gürcüstan tarix boyu oxşar problemlər yaşayır. Biz qələbələrdə və məğlubiyyətlərdə bir olmuşuq – istər xristianlara, istər müsəlmanlara qarşı… Ilk dəfə Azərbaycan Respublikasının müstəqilliyi 1918-ci ildə Tiflisdə elan olunub”.
Gürcüstan prezidenti çıxış edərkən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məşhur  “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözlərini Azərbaycan dilində səsləndirib. O, çıxışının sonunda bu şüarı bir daha təkrarlayıb.

Fəzail Ağamalı: “Saakaşvili gəlib hamımızı təhqir etdi; Mən bunu avantürist çıxış adlandırıram”

Deputatlar Mixail Saakaşvilinin çıxışını alqışla qarşılasa da, sonradan bəlli olub ki, Gürcüstan prezidentinin fikirləri hökumətin narahatlığına səbəb olub.
Iqtidaryönlü deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı jurnalistlər üçün keçirdiyi brifinqdə Saaşkavilini asıb-kəsib: “Saakaşvili sanki hansısa beynəlxalq təşkilatın tribunasından danışırdı. Öz ənənəsinə sadiq qalaraq o, Rusiyanın ünvanına kəskin ifadələr işlətdi. Mən onun sözlərinə qiymət vermək istəmirəm. Lakin mahiyyət etibarı ilə Milli Məclisin tribunasından belə fikirlər səsləndirmək siyasi etikadan kənardır. Mən bu çıxışı avantürist çıxış adlandırıram. Çünki Rusiya ilə Azərbaycanın mehriban qonşuluq münasibətləri var. Azərbaycan hansısa dövlətin daxilindəki problemlərlə məşğul olmamalıdır. Saakaşvili çıxışında bizi buna cəlb etməyə cəhd göstərdi”.

Fəzail Ağamalı Gürcüstan prezidentinin çıxışında mərhum Heydər Əliyevin adını çəkməməsinə də toxunub: “Gürcüstanın bir dövlət kimi qalıb yaşamasında Azərbaycanın, ulu öndər Heydər Əliyevin böyük rolu var. Mən tam əminəm ki, gürcü xalqı ulu öndər Heydər Əliyevin Gürcüstan dövləti qarşısındakı xidmətlərini dəyərləndirir və ulu öndərə böyük sayğı duyur”.
Deputat brifinqdən əvvəl Milli Məclisin iclasında Gürcüstan prezidentini tənqid etmək istəyib, lakin vitse-spiker Ziyafət Əsgərov buna mane olub. “Hörmətli Mixail Saakaşvili Gürcüstan dövlətinin prezidentidir. Çox xahiş edirəm onun nə deyib-demədiyini müzakirə etməyək”,- deyə o, bildirib.
Fəzail Ağamalı buna etiraz edərək yerindən deyib: “Mixail Saakaşvili bu gün gəlib hamımızı təhqir etdi. Heç kim də buna münasibət bildirmədi. Niyə qoymursunuz fikrimi deyim? Fikrimi deməyə imkan yaratmasanız, çöldə mətbuat konfransı keçirib sözümü jurnalistlərə deyəcəm”.

Güman ki, Fəzail Ağamalının timsalında Gürcüstan prezidentinə qarşı baş qaldıran qəzəbin bir səbəbi də onun parlament tribunasından YAP hakimiyyətinin “Ümummilli lider”, “Ulu öndər” elan etdiyi Heydər Əliyevi yox, Məhəmməd Əmin Rəsulzadəni xatırlamasıdır. Zatən Ağamalının “Gürcüstanın bir dövlət kimi qalıb yaşamasında Heydər Əliyevin böyük rolu” haqda dedikləri də bu gümanı artırır. Daha ciddi səbəb isə Ağamalının da açıq ifadə etdiyi kimi, Saakaşvilinin Rusiya əleyhinə səsləndirdiyi fikirlər ola bilər. AVP sədrinin Saakaşviliyə öz təşəbbüsü ilə hücum edib-etmədiyi də cavab axtarılası maraqlı məqamlardan biridir.

Azad