Qubanın icra başçısını qoruyan güclü əllər

Rauf Həbibov Qubada Ilham Əliyevə, Ramiz Mehdiyevə, Ziya Məmmədova və Vilayət Eyvazova villa tikdirib

Quba hadisələrində həbs olunmuş Samir Xammədov Cinayət Məcəlləsinin 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham olunur. O, ittihamları qəbul etmir. Bu haqda AzadlıqRadiosuna onun vəkili Qubad Salayev məlumat verib. Vəkilin sözlərinə görə, Samir Xammədov hazırda Bakı Istintaq Təcridxanasında saxlanılır. Vəkil martın 7-də onunla görüşəcək.
Quba hadisələrində ittiham olunan Fərhad Abdulrəhmanov da Cinayət Məcəlləsinin 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) və 233-cü maddələri ilə ittiham olunur.
Onun vəkili AzadlıqRadiosuna bildirib ki, Fərhad Abdulrəhmanovla martın 5-də DIN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində görüşüb. Vəkilin sözlərinə görə, o, yaxın günlərdə Bakı Istintaq Təcridxanasına göndəriləcək.
Qubada baş verən hadisələrin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsi aparır. Baş Prokurorluğun mətbuat xidmətindən cinayət işinin hansı maddələri ilə araşdırıldığı, istintaqın gedişi, həbs edilənlərin sayı ilə bağlı məlumat verilmir.

Qubada baş verənlər rayonun sabiq icra başçısı Rauf Həbibovun özbaşınalığı və qubalıları təhqir etməsi ilə bağlı olsa da, nədənsə istintaq işi başqa səmtdə aparır. Yəni, hadisələrin əsas günahkarı Rauf Həbibov bir kənarda qalıb, onunla bağlı müvafiq maddələrlə cinayət işi başlanmayıb – hər halda bu barədə heç bir məlumat yoxdur – və görünən odur ki, istintaq sabiq icra başçısının əmlakının hayına qalıb. Saxlanılanlara qarşı irəli sürülən maddələr belə deməyə əsas verir.
Bəs nədən Rauf Həbibov məsuliyyətdən kənarda saxlanılır? Əldə etdiyimiz məlumatlara görə, bu, sabiq icra başçısının bir neçə iri çəkili məmur tərəfindən qorunması ilə bağlıdır. Rauf Həbibovun nəqliyyat naziri Ziya Məmmədovla yaxın olması bəllidir. Onun icra başçısı olmasında da nəqliyyat nazirinin mühüm rolu olub. Lakin əldə etdiyimiz məlumatlara görə, Rauf Həbibovun karyera qazanmasında ona ilk dəstək verən Ali Məhkəmənin sədri Ramiz Rzayev olub. Ramiz Rzayev baş prokurorun müavini olanda Rauf Həbibova irəli getmək üçün xeyli əmək sərf edib. Bundan başqa, Rauf Həbibov Qubada Ziya Məmmədovla yanaşı, ölkə başçısı Ilham Əliyevə, Ramiz Mehdiyevə və daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazova dəbdəbəli villa tikib. Məhz bütün bunlara görə Rauf Həbibov toxunulmaz şəxsə çevrilib.
Bu arada qeyd edək ki, Rauf Həbibov icra başçısı olduğu 5 il müddətində Qubada xeyli mülk sahibi olub. Onun çıxışının əks olunduğu videorolikdə bu mülklərin siyahısı da var. Həmin siyahını oxucuların diqqətinə çatdırırıq:
– Qaynanası adına M.Qorki küçəsində 3 mərtəbəli bina, 4 mərtəbəli yarımçıq bina;
– Qələdüz kəndində Qudyalçay üzərində 1,5 milyon manatlıq villa və qarşısında 4 hektar sahə;
– Olimpiya Kompleksinin qarşısında villa;
– Abadlıq işləri üçün ayrılmış 800 min manatı köhnə boruları yerə basdırmaqla silib;
– 2 saylı konserv zavodunun arxasında bacanağı Qüdrətin qızının adına 1 hektar torpaq sahəsi;
– Bestuci Marlinskinin büstünün yerində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adına tikilmiş bina, icarəyə verilib;
– Quba liseyinin arxasında müavininin əri Rəşidin adına 8 sot torpaq sahəsi;
– Quba Texnikumunun arxasında müavini Xanımsonanın qohumlarının adına 20 sot torpaq;
– Keçmiş kənd-kimya binaları və 2 hektar torpaq sahəsi köməkçisi Emil Bəbişovun adına olan firmaya satılıb;
– Şəhərin mərkəzində yerləşən parkın sahəsi MTN-in rayon şöbəsində işləyən gözətçinin adına rəsmiləşdirilərək Beynəlxalq Banka 250 min manata satılıb;
– Icra nümayəndəliklərindən, bələdiyyə sədrlərindən, sahibkarlardan Heydər Əliyev muzeyi tikmək adı ilə pul yığaraq öz yaşadığı sahəni genişləndirib;
– Heydər Əliyev parkının tikintisi üçün əvvəlki icra başçısının ayırdığı 8 hektar torpağın 3 hektarını Ziya Məmmədova verib. Nəqliyyat naziri isə orada 12 mərtəbəli bina inşa edib.
Ziya Məmmədovun Quba hadisələrində deputat Vahid Əhmədovu da ittiham etməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, nazir Qubada keçirilən müşavirədə deputata bildirib ki, məsələnin bu həddə çatmasında onun da təqsiri var. Vahid Əhmədov bu məlumatı təkzib etmişdi.
Maraqlıdır ki, artıq bəzi hökumətyönlü mətbuat orqanlarında Vahid Əhmədov Quba hadisələrinə görə suçlanır. Bildirilir ki, deputat keçmiş bazarkom, hazırkı bələdiyyə sədrilə dostdur. Və Quba hadisələrində hər iki şəxsin böyük rolu olub.

Hikmət