Polis rəisinin müavini işdən çıxarıldı; keçmiş başçı ölkədən getdi; əhali təzyiq altındadır
Quba rayon polis rəisinin müavini Azər Rzayev vəzifəsindən azad edilib. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, rəis müavininin işdən çıxarılması Quba hadisələrinin təşkilində rol alması ilə bağlıdır. Hətta bəzi məlumatlarda onun həbs olunduğu da bildirilir. Lakin Daxili Işlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Azər Rzayevin işdən çıxarıldığını təsdiqləsə də, onun Quba hadisələrinin təşkilatçılığında təqsirləndirilərək həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib.
Rəis müavini niyə işdən çıxarılıb?
“Azadlıq”ın əldə etdiyi bilgiyə görə Azər Rzayev Qubanın Rauf Həbibovdan əvvəlki icra başçısı Arzuman Əliyevin kürəkənidir.
Məlumatlarda deyilir ki, nəqliyyat naziri Ziya Məmmədovun təhriki ilə hüquq-mühafizə orqanları Quba hadisələrini Arzuman Əliyevin üzərinə yıxmağa çalışırlar. Azər Rzayevin işdən çıxarılması da bununla əlaqələndirilir. Arzuman Əliyev hazırda bizneslə məşğul olur. Məlumatlara görə, Rauf Həbibovun məlum çıxışından sonra ilk olaraq Arzuman Əliyev onun yanına gedib və səsləndirdiyi təhqirlərin cavabını verib.
Bu arada məlumat yayılıb ki, Qubadakı xalq etirazlarından sonra istefaya göndərilən Rauf Həbibov ölkəni tərk edib. “Gunxeber.com” saytı Rauf Həbibova yaxın çevrələrə istinadən xəbər verir ki, Rauf Həbibov Qubadakı xalq etirazları dalğasında evinin yandırılmasından və istefaya göndərilməsindən depressiyaya düşüb. Bu baxımdan o, iki gün öncə Azərbaycanı tərk edib. Sabiq icra başçısı Britaniyaya, övladlarının yanına yollanıb. Rauf Həbibovun qızı və oğlu bu ölkədə təhsil alır. Xəbərdə deyilir ki, Rauf Həbibov heç də ölkədən qaçmayıb. Sadəcə depressiyadan çıxmaq üçün bir müddət Britaniyada qalmağı planlaşdırılır.
Qubada narazılıq yenidən baş qaldıra bilər
Rayonda isə narazılıqlar yenidən baş qaldıra bilər. Icra başçısının istefasına nail olan rayon sakinləri indi icra hakimiyyəti strukturunun tam yenilənməsini istəyirlər.
Rayon sakini Arif Səmədov AzadlıqRadiosuna deyib ki, icra hakimiyyətinin səlahiyyətlərini icra edən şəxsdən tutmuş bu qurumda çalışan adamların hamısının adına köhnə icra başçısının villaları, torpaq sahələri var və bu səbəbdən də onları yeni adamlar əvəzləməlidir: “Futbolda bir komanda məğlub olanda ora yeni məşqçi, yeni nəfəs gəlir. Bizim rayona yeni nəfəs lazımdır. Sahib də getməlidir, polis rəisi də getməlidir. Hamı getməlidir ki, rayonda sabitlik olsun. Rayon yaşasın deyə mütləq yeniləşmə olmalıdır. Onu bilin. Çünki keçmiş icra başçısı müavinlərinin adına Qubada torpaq sahələri alıb”.
Günahsız adamları istintaqa cəlb edirlər
Arif Səmədov adamların addımbaşı izləndiyini bildirib: “Çayxanalara adamlar qoyublar, adamları müxtəlif yerlərə çağırırlar, qubalıları bir-birinin üzünə durğuzurlar, qorxudurlar. Bilmirik pul alırlar ya yox, xəbərimiz yoxdur. Fakt odur ki, Bakıdan gələn yoxlama zamanı rayon sakinlərini üz-üzə qoymaq istəyirlər. Heç nədən xəbəri olmayan, günahsız adamları istintaqa cəlb edirlər. Mən bunu 100 faiz əminliklə deyirəm”.
Quba rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Sahib Məmmədovdan deyilənlərə hər hansı münasibət öyrənmək mümkün olmayıb. Icra hakimiyyətindən digər səlahiyyətlilər isə deyilənlərə münasibət bildirmək istəmədiklərini dedilər. Sahib Məmmədov martın 7-də “Mediaforum” saytına müsahibəsində rayonda tam sakitlik olduğunu bildirib. O deyib ki, rayonda heç bir toplaşmaqdan söhbət gedə bilməz.
Baş prokurorluq təzyiqləri təkzib edir
1 mart hadisələri ilə bağlı Qubada istintaq aparan Baş Prokurorluq əməkdaşlarının günahsız adamları istintaqa cəlb etməsi və kiməsə hansısa formada təzyiqlər göstərilməsi ilə bağlı deyilənləri Baş Prokurorluq təkzib edir. Baş Prokurorluğun sözçüsü Eldar Sultanova görə, Qubada baş vermiş hadisələrlə bağlı obyektiv və hərtərəfli istintaq aparılmaqla çoxsaylı şahidlər dindirilir. Eldar Sultanova görə, bu zaman hər hansı şəxsin hüquqlarının pozulmasından söhbət gedə bilməz: “Deyilənlər şayiədir və həqiqəti əks etdirmir”.
Hüquq müdafiəçiləri Qubaya səfərlərini təxirə salıblar
Bir qrup hüquq müdafiəçisinin Qubaya planlaşdırılan səfəri təxirə salınıb. Hüquq müdafiəçisi Arzu Abdullayeva deyir ki, onlar martın 7-də keçiriləcəyi bildirilən aksiyaya görə rayona getməyi planlaşdırırlarmış. Amma son anda aksiyanın həftənin sonuna qədər təxirə salındığı barədə məlumat gəldiyindən səfəri təxirə salıblar. Arzu Abdullayevanın sözlərinə görə, bu dəfə adamlar icra başçısının səlahiyyətlərini icra edən Sahib Məmmədova qarşı aksiya keçirməyi planlaşdırılarmış: “Çünki o icra hakimiyyətində sosial-müdafiə məsələlərinə baxan zaman adamların əlilliyə görə aldıqları pullardan və pensiyadan müxtəlif faizlər tutulurmuş. Əhalinin ona da münasibəti pisdir. Bu səbəbdən də adamlar yenidən aksiya keçirməyi planlaşdırırmışlar ki, o, icra başçısı təyin olunmasın. Onun qarşısını almaq üçün belə bir təşəbbüs göstəriblər. Bizdə olan məlumata görə, sakinlər aksiyanı həftənin sonunda keçirməyi planlaşdırırlar”.
Arzu Abdullayeva deyir ki, bu səbəbdən də bir qrup hüquq-müdafiəçisi həftəsonu Qubaya səfər etməyi planlaşdırır.
Hadisələrdə Bakı kəndlərinin sakinləri iştirak etməyiblər
Nardaran kənd Ağsaqqallar Şurası Quba hadisələri ilə bağlı bəyanat yayıb. Bəyanatda Qubada baş verən hadisələrdən narahatlıq keçirildiyi ifadə edilir. Həm də bu hadisələr iqtidarın səhv kadr siyasətinin nəticəsi kimi dəyərləndirilir. Keçmiş icra başçısının rayon əhalisini aşağılaması pislənilir.
Müəlliflərin fikrincə, Qubada hadisələrin belə kəskin şəkil alması təkcə icra başçısının təhqirlərilə bağlı deyil, həm də neçə illər boyu həllini tapmayan bu və ya digər problemlərlə əlaqəlidir.
Bəzi mətbu orqanlarda bu hadisələrdə Nardaran və Maştağa kənd sakinlərinin iştirakı haqda xəbərlərə toxunan müəlliflər bunları “yanlış xəbərlər” adlandırıblar. “Belə xəbərlər də Quba əhalisini aşağılamaq cəhdidir, onların Allahdan başqa heç kəsin yardımına ehtiyacı yoxdur”, – müəlliflər bildiriblər.
Hadisələr başa çatdıqdan sonrakı ilk günlərdə hüquq-mühafizə orqanları Quba hadisələrində “nardaranlı və maştağalıların iştirakı” fikrini ortaya atıblar(Turan).