“Milan” və “Benfika” 1/4 finalda, “Arsenal” və “Zenit” ÇL-lə vidalaşdı

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Səfərdə “Milan”a 0:4 hesabı ilə məğlub olan “Arsenal” rəqibini doğma azarkeşləri önündə məğlub etməyə çalışacaqdı. Lakin bu görüşün daha çox formal xarakteri daşıyacağı gözlənilirdi. “Arsenal” bunun əksinə olaraq ilk hissədə 3 cavabsız qol vursa da, lazım olan 4-cü topu rəqib qapısında keçirə bilməyib və ÇL-də mübarizəni dayandırıb.

Digər oyun isə Portuqaliyada baş tutub. Burada yerli “Benfika” klubu Rusiya “Zenit”ini sınağa çəkib. Öz meydanında 3:2 hesabı ilə qələbə qazanan Peterburq təmsilçisi bu üstünlüyünü qorumağa çalışacaqdı. Lakin doğma azarkeşləri önündə 2 cavabsız qolla qalib gələn “Benfika” növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, sabah daha iki qarşılaşma baş tutacaq. APOEL öz meydanında “Lion”u, “Barselona” isə “Bayer” (Leverkuzen) klubunu qəbul edəcək.