Onun Surət Hüseynovla müharibəsi 6 rayonu ermənilərə verdi
İsa Sadıqov
1980-ci illərin sonu, 90-cı illərin əvvəlindəki həmin qarışıq günlərə nəzər salıb birmənalı şəkildə söyləmək olar ki, o zamanlarda Heydər Əliyevi hakimiyyətə gətirə biləcək bütün yollar hökmən qapadılmalı idi. Sadəcə olaraq, Azərbaycanda əksəriyyət belə hesab edirdi ki, adam ağır xəstədir, kifayət qədər qocalıb və onun Vətənə dönərək son çağlarını burada keçirmək kimi qutsal bir haqqı var. Hətta onun çox ağır maddi durumu barədə də informasiyalar qəsdən yayılırdı ki, Heydər Əliyevin adı ətrafında yalnız kövrək duyğular yaransın. Sadəcə olaraq, həmin zamanlar Heydər Əliyevin siyasi iddialarının yaranmasının qarşısını almaq üçün KQB təcrübəsi olan respublika rəhbərliyi yox idi.
Bu hadisələr dövlət çevrilişi deyildi
Burada bir qədər irəli gedib bir daha altından xətt çəkərək söyləmək istəyirəm ki, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrinin mahiyyətində dövlət çevrilişi adlandırıla biləcək heç nə yox idi. Mən bu hadisələrin iştirakçısı və şahidi olaraq, bu məsələləri çoxlarından daha yaxşı bilirəm. Dövlət çevrilişi, həm də silahlı dövlət çevrilişi 1993-cü ilin iyun ayında baş verdi – qanuni hakimiyyət devrildi, qiyamçılar insan qanı axıtdılar, prezident qvardiyasının üzvləri avtobusda öz komandirləri ilə birlikdə vəhşicəsinə qətlə yetirildilər. Bu vaxta qədər həmin qvardiyaçıların xatirəsi rəsmi şəkildə anılmayıb – hakimiyyət bütün vasitələrlə bu mövzudan yayınıb.
Surət başa düşdü ki, onu öldürmək istəyirlər
Şübhəsiz, bu hadisələrin arxasında indiki hakimiyyətin o zamankı siyasi ideoloqları dayanırdı. Onlar Surət Hüseynov və başqalarından öz siyasi planlarının icrası məqsədilə istifadə etdilər: bu barədə mən artıq qeyd etmişəm ki, onların hər biri üçün ayrı-ayrı rollar müəyyən edilmişdi. Amma iş başa çatandan sonra Əliyev hakimiyyəti heç kimlə bölüşmək istəmədiyini açıq şəkildə nümayiş etdirməyə başladı. Bu halda isə həm Surət Hüseynovun, həm də Rövşən Cavadovun etiraz etmək hüququ, əlbəttə ki, var idi. Axı onlar öz canları, adamları, resursları bahasına dövlət çevrilişi planına razılıq verərək, haradasa koalisiyaya daxil olmuşdular. Doğrudur, dövlət çevrilişi ərəfəsində Surət Hüseynovun itkiləri çox olmamışdı, amma bu itkilər çox ola bilərdi. Üstəlik, əgər çevriliş baş tutmasaydı, yalnız onlar bu uğursuzluğa görə cavab verməli olacaqdılar. Mən bunları “koalisiya” iştirakçıları nöqteyi-nəzərindən dəyərləndirirəm. Amma birdən-birə, bütün işlər başa çatandan və dövlət çevrilişi baş tutandan sonra səlahiyyətli postlara tamamilə kənar adamlar – Əliyevin təyin etdiyi şəxslər sahib olurlar. Bu adamlar heç nə ilə risk etməyən, başını balta altına qoymayan insanlar idi. Həm də proses yalnız bu şəkildə başa çatmadı. Bu adamlar nəinki hakimiyyətdən kənarda saxlanıldı, həm də üstəlik, həyatları ilə risk altına düşdülər. 1993-cü ilin avqust-sentyabr aylarında Surət Hüseynov başa düşdü ki, onu nəinki aldadıblar, hətta öldürmək istəyirlər.
Çevrilişdən dərhal sonra Surəti baş nazir qoydular və güc nazirliklərini də onun tabeçiliyinə verdilər. Amma bu strukturlar tamamilə sıradan çıxarıldı. Məqsəd Surət Hüseynovun bacarıqsızlığını sübut etmək idi. Və buna nail oldular. Heydər Əliyevlə Surət Hüseynovun qarşıdurması bizə 6 rayonun itirilməsi bahasına başa gəldi. Heydər Əliyev qalib gəldi, Surət isə məğlub olduğunu başa düşdü və hansısa müddətə Gəncəyə çəkildi. Onun Gəncəyə çəkilməsi Heydər Əliyevi narahat etməyə başladı. Hətta parlament tribunasından da səsləndi: “Baxın, çıxıb gedib Gəncəyə, oturub orda, mənə də qulaq asmır”. Yəqin, onun həmin çıxışlarını çoxları xatırlayır.
Heydər Əliyevlə ilk görüşüm
1993-cü ilin noyabr ayının əvvəllərində bizi Gəncədə Heydər Əliyevin də iştirak etdiyi genişləndirilmiş kollegiyaya yığdılar. Hərbi birləşmələrin bütün komandirləri bu müşavirəyə dəvət edilmişdilər. Həmin vaxt mən artıq müdafiə nazirinin müavini idim. Məni ilk dəfə Heydər Əliyevə onun tələbilə təqdim etmişdilər. Ilk görüşümüzdə o, əlini mənə uzadaraq dedi: “Mən də elə bilirdim, sənin boyun 2 metrdən, yaşın isə 50-dən artıqdır”. Mən cavab verdim ki, boyum 1,76-dır, yaş etibarilə isə, xeyli gəncəm. O zamanlar mənim adım bir çox hadisələrlə bağlı hallanırdı, görünür, onun təəssüratları da həmin söz-söhbətə görə müəyyənləşmişdi.
Kollegiyada bir çox çıxışlar, təkliflər oldu. Orada dövlətin bir çox rəhbər vəzifəli şəxsləri iştirak edirdilər. Amma Surət Hüseynov orada deyildi. Birdən Goranboy batalyonunun Musto adlı komandirinə söz verdilər. Bu, məni təəccübləndirdi, çünki müşavirəyə əsasən yüksək hərbi çinlilər – briqada komandirləri və daha yuxarı vəzifəli şəxslər dəvətli idi. Mustonun çıxışı hamını heyrətləndirdi. Surətin doğma şəhərində belə çıxış etmək onun karyerasının bitdiyini elan etməyə bərabər idi. Hamı başa düşdü ki, Surəti təbdən çıxarıb tələyə salmaq istəyirlər. Eyni zamanda, hamıya aydın idi ki, Musto sadəcə olaraq, kimlərsə tərəfindən xüsusi olaraq ilhamlandırılmış adamdır.
Mustonun çıxışı Surətin sonu demək idi
Mustonun çıxışı belə başladı ki, Surət Hüseynov satqın və xəyanətkardır, məhz onun cinayəti nəticəsində bu qədər rayonlar itirilib: “Mən Heydər Əliyevin göstərişilə Surətin təpəsinə güllə sıxmağa da hazıram”.
Sonra o, əlavə etdi ki, ona Qarabağı tamamilə azad etmək üçün cəmi 40 dənə tank lazımdır.
Mustonun çıxışı boyu Heydər Əliyev ona diqqətlə, dodaqlarında təbəssüm elementilə qulaq asır, yeri gəldikcə, hətta başını da yırğalayırdı. Hamıya aydın oldu ki, bu gündən etibarən Surət Hüseynov heç kimdir. Və bu nöqtə bütün hərbi rəhbərliyin hüzurunda qoyulurdu. Bu, Heydər Əliyevin Surət Hüseynov üzərində tam və birdəfəlik qələbəsi idi.
Qəhrəmanlar “Vətən xaini” adı ilə həbsxanalara basıldılar
Bu məsələlər barədə daha detallı olaraq, mən 1993-cü ilin iyun hadisələrini təsvir edərkən bəhs edəcəyəm. Yalnız bir məqamı qeyd etmək istəyirəm ki, oktyabr hadisələrindən sonra baş verənləri “dövlət çevrilişi” adlandıra bilmək üçün çoxlu sayda günahsız insanlar həbsə atıldı. Onların arasında döyüş əməliyyatlarının iştirakçısı olan əsgərlər, əlillər, generallar, zabitlər vardı. Həbs edilənlərin 90 faizindən çoxunun oktyabr hadisələrinin nə demək olduğu barədə heç bir anlayışı və fikri yox idi. Heydər Əliyev heç bir əsas olmadan “dövlət çevrilişi” ssenarisi yarada bildi.
Bir zamanlar mənə Əliyevin bu “dövlət çevrilişləri”nin iştirakçıları ilə bir yerdə “oturmaq” nəsib olub. Mən onların bir çoxunu tanıyırdım, bir çoxu ilə yaxşı şəxsi münasibətlərim vardı. Bu adamlar hüdudsuz bir yaramazlığın qurbanları olaraq həbsxanaya atılmışdılar. Müharibənin od-alovu içərisindən keçən, onun əziyyətlərini daşıyan bu adamlar “Vətən xaini” adlandırılaraq, həbsxanalara doldurulurdular. Bu da dəhşətli bir faciədir və bu barədə daha sonralar bəhs edəcəyik.
70-ci illərin “pripiskası” ilə müharibə aparmaq cəhdi
Indi isə OMON hadisələrinə qayıdıram. Əliyev başa düşürdü ki, OMON-la münasibətləri aydınlaşdırmaq, haqq-hesab çəkmək daha ağır olacaq. OMON-un tərkibində fərarilər və narkomanlar yox idi. Onların hamısı yüksək təlim görmüş, əla döyüş təcrübəsi və yüksək sədaqət göstəriciləri olan insanlar idi. Üstəlik OMON ona lazım idi. Axı hər halda, müharibə gedirdi. O, bütün gücü ilə çalışırdı ki, müharibədə revanş götürsün, özünü 70-80-ci illərdə olduğu kimi, uğurlu mövqeyə çıxara bilsin. Amma unudurdu ki, müharibə “pripiskalar” və kütləvi yaltaqlıqlarla yerinə yetirilən 5 illik planlar deyil. Burada tamamilə başqa keyfiyyətlər, xüsusilə, sərkərdəlik qabiliyyəti tələb olunur. Heydər Əliyevdə sərkərdəlik qabiliyyəti yox idi. O, döyüş sənətində də 70-80-ci illərin saxta raportlarıyla bağlı iş üsulunu tətbiq etmək istədi. Amma bu, 1993-94-cü illərin faciəli qış kampaniyasından başqa heç nəyə gətirib çıxara bilməzdi…
(ardı var)