Bakıda daha bir partlayış təhlükəsi

Nərimanov rayonunda ikimərtəbəli bina qaz sızmasından hər an partlaya bilər

Bakının Nərimanov rayonunda, 5 saylı şəhər klinik xəstəxanası ilə üzbəüz Həsənoğlu küçəsindəki ikimərtəbəli binada partlayış baş verə bilər. Buna səbəb binaya daxil olan təbii qaz xətinin zədələnməsidir. Artıq bir gündür ki, xəttdən qaz sızması baş versə də, aidiyyatı orqanlar heç bir tədbir görmürlər.
Sakinlərin əməkdaşımıza dediyinə görə, qaz sızması barədə həm Fövqəladə Hallar Nazirliyinə, həm də «102» xidmətinə məlumat veriblər. Qaz sızmasının bilərəkdən təşkil edildiyini düşünən sakinlərin sözlərinə görə, onlara qarşı da paytaxtın digər yerlərində mənzillərindən çıxmaq istəməyən vətəndaşlara tətbiq edilən «ssenari» işə salınıb.
Xatırladaq ki, mənzillərini «su qiymətinə» tikinti şirkətlərinə satmayan vətəndaşların evlərinin işığının, qazının, kanalizasiya və su xəttlərinin kəsilməsi artıq ənənənə halını alıb.
Sakinlər onu da bildirdilər ki, partlayışın baş vermə ehtimalı böyük olduğundan onlar mənzillərində yaşamağa qorxurlar. Sakinlər məcbur qalıb qaz xəttini özləri taxta tıxacla qapayıblar. Lakin bununla sızmanın qarşısını almaq mümkün deyil.

İnformasiya şöbəsi