AXCP fəalıyla bağlı dünyaya çağırış edildi

Resurs Mərkəzi Zeynalabdin Bağırzadənin həbsini pislədi

Demokratiya və QHT-in Inkişaf Resurs Mərkəzi martın 2-də Naxçıvanın Babək rayonu Nehrəm kənd sakini, AXCP fəalı Zeynalabdin Bağırzadənin 7,5 il həbs cəzasına məhkum olunmasından narahatlığını və təəssüfünü bildirir.  
Bu barədə mərkəzin bəyanatında deyilir. Z.Bağırzadə Babək rayonu “Çernobıl əlillər Cəmiyyətinin” üzvü olsa da 2011-ci il  dekabrın 26-da saxta ittihamlarla 3 ay azadlıqdan məhrum edilib. Z.Bağırzadənin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev məhkəmə prosesinin qərəzli sifarişlə keçirildiyini bildirib. Sənəddə deyilir ki, Z.Bağırzadəyə qarşı təzyiqlər 2011-ci ilin yayından başlayıb. Yerli hakimiyyət orqanları Z. Bağırzadənin və onun qardaşı Yaşar Bağırsoyun siyasi fəaliyyətlərini əngəlləmək məqsədilə onların fermer təsərrüfatlarının fəaliyyətinə maneələr törədib.
Üç gün Babək rayon Polis Idarəsində vəhşicəsinə döyülən qardaşlar işgəncələrə məruz qalıblar.
Resurs Mərkəzi Z.Bağırzadəyə qarşı başlanmış qərəzli kampaniyanın dayandırılmasını və onun dərhal azadlığa buraxılmasını tələb edir. Qurum eyni zamanda Naxçıvan MR-də siyasi əqidəsinə və dünyagörüşünə görə insanlara qarşı təqib və təzyiqlərin dayandırılmasını, siyasi və ictimai fəaliyyət üçün şərait yaradılmasını tələb edir. Hakimiyyət orqanları ATƏT, Avropa Şurası və BMT qarşısında götürdüyü öhdəliklərə əməl etməlidir. Resurs Mərkəzi insan hüquq və azadlıqlarına hörmət edən bütün yerli və beynəlxalq təşkilatları, dövlət orqanlarını Naxçıvan MR-də baş verən özbaşınalıqlara münasibət bildirməyə çağırır(Turan).