Tarixdə elə bir hadisə yoxdur ki, analoqu və tərifi olmasın. Qiyam, iğtişaş, üsyan, çevriliş və nəhayət, inqilab əldə olunan nəticələrə görə təsnifatlara bölünür. Quba hadisələri zamanı fikir verdinizsə, tarixçilər susdular. Çünki onlar bu tip tarixi hadisələrin ən azı hansı qəbul olunmuş kateqoriyalara bölündüyündən xəbərdardırlar. Bilirlər ki, qiyam, iğtişaş, itaətsizlik zamanı, tədricən qarşıya qoyulan məqsədə nail olunursa, miqyasından asılı olmayaraq, bu hadisələr artıq ilkin mənasını itirir, keyfiyyət dəyişikliyinə məruz qalır və nəticədə… inqilab baş verir.
Qubada əhali heç bir silah-sursat işlətmədən, dinc yolla, prezidentin fərmanı ilə təyin olunmuş icra hakimiyyəti başçısını istefa verməyə məcbur etdi. Və yalnız bundan sonra sakitləşdı, ədalət naminə qeyd etmək lazımdır ki, iqtidar müqavimət göstərməməklə düzgün addım atdı və ilk dəfə olaraq dolayısı yolla səhvini etiraf etməyə məcbur oldu.
Icra başçıları – şəcərə inqibatorları
Yəqin ki, Nizami rayonunun keçmiş icra başçısı Mehbalı Əliyevi xatırlayırsınız. Rayon ərazisi, əsl şəxsi obyektlərin tikinti meydanını xatırladırdı. Mümkün olar hər yerə bir obyekt “pərçim” edilirdi. Artıq 3 ilə yaxındır ki, o vəzifədən gedib, amma hələ tikinti eyni templə davam etdirilir, görünür, son qarış torpaq qalanadək davam edəcək…
Azərbaycanda icra başçılarını xarakterizə etmək qədər asan şey yoxdur. Vəzifə, məqsəd, sonluq eyni – Heydər Əliyev adına park və muzey inşa etmək, Olimpiya kompleksi (sauna ağırlıqlı), vəssalam. Bundan sonra “özfəaliyyət” başlayır. Icra başçısı, təxminən bir il öz iqtisadi vəziyyətini düzəltməklə, necə deyərlər, mayanı xilas etməklə məşğul olur. Rayon mərkəzində və ayrı-ayrı səfalı yerlərdə, şəxsi yaşayış evləri tikdirir, yerli biznes sferasına sürətlə nüfuz etməyə başlayır və onu Bakıdakı əsas biznesinə inteqrasiya “etdirir”.
Bundan başqa, rayonun bütün istehsal sahələrinə, idarə və müəssisələrinə “rajon”(xərac) kəsir. Özündən əvvəlki icra başçısının da biznesinin başqa rayona (icra başçıları adətən, “rokirovka” üsulu ilə, bir rayondan o birinə desant kimi atılır, bu gün elə icra başçıları var ki, 4-5 rayona rəhbərlik ediblər – X.Ə.) köçürülməsinə yardımçı olur.
Bütün bunlardan sonra icra başçısı getdiyi rayonun insanlarını, spesifik adət-ənənələrini “öyrənməklə” məşğul olur, rayonun görməli yerləri ilə tanış olur,.. bir sözlə, biznes təmayüllü macəralar…
Qubanın keçmiş icra başçısının öz firmasına “Balbelan” (“Şəcərə ağacı” anlamına gəlir) adını qoyması isə, mistik tapıntıdır. Zümrə simvolikası, gələcəyə optimist nöqteyi-nəzərdən…
Mərkəz monopoliyası və… “Yuryev” günü
Əyalət üçün həyati əhəmiyyət daşıyan – meyvə-tərəvəz, balıqçılıq, qoyunçuluq və maldarlıq, əkin və otlaq sahələri, daş-qum yataqları, pambıqçılıq və s. kimi önəmli sahələr isə Bakıda oturan iri oliqarx məmurların inhisarındadır. Mineral gübrə və texnikanı ağır şərt və faizlərlə alan, süni bürokratik məngənədə boğulan xırda kəndli təssərüfatı asılı vəziyyətə düşür və faktiki olaraq, inhisarçı-məmurlara çalışır. Iki əsr oncə, Rusiyada mövcud olmuş təhkimçilik qanunları, heç bir kosmetik dəyişikliyə uğramadan, inadla tətbiq olunur. Bir gün ağır kreditlərdən qurtulub azad surətdə fəaliyyət göstərmək ümidi hər ötən il azalır. Çar Rusiyasında eyni problemi yaşayan rus kəndliləri məhsul yığımı zamanı daha da qurtulmaq əvəzinə daha da borclanırdılar. Məşhur “al nənə, bu da sənə Yuryev günü” ifadəsi də buradan yaranmışdır.
Fikir vermisinizsə, Ilham Əliyev mütəmadi olaraq rayonların sosial-iqtisadi inkişafına(!) müxtəlif məbləğlərdə (2-10 milyon manat) pul ayırır. Işin ən ilginc tərəfi elə bundan sonra başlanır. Yardım ayrılan rayonlardakı ictimai-siyasi vəziyyət ani olaraq gərginləşir, icra başçısı ilə yerli sahibkarlar arasında sanki “müharibə” başlayır.
Ayrılan vəsait yolda “əriyib”(!) yoxa çıxır, icra başçısı isə sanki əsrarəngiz “həmin məbləğı yerli sahibkarlardan toplayın” əmrini alır. Həmin məbləği ən qısa vaxtda cəm etmək isə icra başçısının “boynunun borcuna” çevrilir, sonrakı karyerası üçün “önəm” daşıyır…
Iqtidarın Quba inqilabından sonra siyasətində hansı korrektələr edəcəyi haqda müxtəlif fikirlər yürütmək olardı. Lakin xeyli müddət keçməsinə baxmayaraq, adət etdiyimiz “günah keçiləri axtarılması” ssenarisi əvvəlki siyasətin dəyişməyəcəyinə əsas verir.

“Əyalət WikiLeaks”i – qiyam, yoxsa inqilab? (I YAZI)
•