Sual verə bilməyən jurnalistika

Iki gündə iki qonşu ölkədə seçkilərə tamaşa etdik. Rusiyada guya prezident seçkisi keçirildi, əslində isə növbəti dəfə demokratiyaya tüpürüldü. Putin hər mənada karusel üsulu ilə yenidən prezidentliyə qayıtdı. Hər mənada deyirəm – çünki həm səsvermə vaxtı bizə də çox yaxşı tanış olan “karusel” üsulu işə salındı, həm də Putinin əvvəl prezident, sonra baş nazir, daha sonra yenidən prezident olmasının özü “karusel” janrının parlaq nümunəsidir.
Seçki günü ilə bağlı heç nə yazmağa dəyməz, zatən böyük çoxluğun gözləntisi seçkidən sonrakı günlərlə bağlıdır. Rus xalqının inqilabi duyğularının oyanacağına ümidlərimiz hələ də qalır.
Bəlkə də bunu ən azı, rus demokratları qədər biz də istəyirik, çünki Putin Rusiyası avtoritarizmin hökm sürdüyü bütün keçmiş Sovet ölkələri kimi, Azərbaycandakı rejimin də əsas ilhamvericisi, ağıl xocasıdır. Necə ki, bu saat bizdə universitet rektoru şair, nazir delfin, prokuror oğlu müğənni, polis rəisi otel saxlayır, Rusiya da avtoritar rejimləri bəsləyir, onlara sponsorluq etməklə məşğuldur. Əksəriyyət inanır ki, Rusiyada anti-demokratik rejimin çöküşü yalnız bu şimal nəhənginin coğrafiyası ilə kifayətlənməyəcək, avtomatik olaraq Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Özbəkistan… da dəyişəcək.
Gəlin inanaq ki, 4 martda keçirilən seçki şousu ilə Rusiyada heç nə bitmir, əslində başlayır.
Iranda keçirilən parlament seçkiləri ilə bağlı isə uzun-uzadı danışmağa dəyməz, buna seçkidən başqa istənilən ad vermək olar. Təkcə müxalifətin iştirak etməməsi Irandakı parlament seçkisinin nəmənə bir zad olduğunu təsəvvür etmək üçün kifayətdir. Amma əgər bəzilərinə bu da yetərli deyilsə, onda başqa bir məqamı xatırladım: təsəvvür edin ki, prezident Əhmədinejadın bacısı seçkilərin görünməmiş saxtakarlıq şəraitində keçdiyini deyib!
Yeri gəlmişkən, Əhmədinejadın bacısı deputatlığa namizəd idi, amma mandat qazana bilmədi. Bunun günahını isə o yalnız seçki saxtakarlığında yox, həm də qardaşının əfəlliyində axtarmalıdır. Bizdə allahın Kərəm Həsənovu belə, qardaşını aparıb parlamentdə oturda bilir, amma Əhmədinejad bunu bacarmırsa, daha nə prezidentdir? Getsin qabağına beş-on qoyun qatsın, otarsın.
Amma zarafat bir yana, Əhmədinejadın bacısının parlamentə düşə bilməməsi və bunu saxtakarlıqla izah etməsi məni çox yandırdı. Buyurun, bu da bəyənmədiyimiz, Azərbaycanla xurcuntayı hesab etdiyimiz Iran! Bizdə Ilham Əliyev əmisinə və xanımına, Ramiz Mehdiyev kürəkəninə, Ziya Məmmədov qardaşına və qudasına, Kəmaləddin Heydərov atasına ən yüksək faizlə səs yazıb mandat verir, Iranda isə prezidentin bacısına qapını göstərirlər. Biz heç Iran da deyiliksə, onda vəziyyətimizin nə qədər ağır, dözülməz olduğunu özünüz təsəvvür edin.
Təsəvvür etməyə yenə çətinlik çəkirsinizsə, onda mən kömək edim. Rəsmi divar qəzeti olan “Azərbaycan”ın baş redaktoru Bəxtiyar Sadıqovun “mediaforum”a açıqlamasını oxuyuram, oxuya-oxuya da Həsən bəy Zərdabinin məzarında neçə dəfə o üz-bu üzünə çevrildiyini düşünürəm.
Saytın əməkdaşı baş redaktorlara “Müsahibə üçün Ilham Əliyevə müraciət edib-etmədikləri barədə” soruşub. Bilirsiniz ki, bizim möhtərəm KIV-ə dövlət qrantlarını yerli mətbuata, müsahibəni isə xarici mediaya verir. Ortaya məntiqi sual çıxır: yerli mətbuatı bəyənmirsə, ona bu yardımı niyə edir?
Bu suala cavab verməyə başlasaq, başağrısı olacaq, yaxşısı budur Bəxtiyar Sadıqovun “mediaforum”un sualına verdiyi cavaba keçək. Sitat: “O (yəni Ilham Əliyev – E.A.), demək olar, bizi maraqlandıran bütün sualları öz cavabları ilə əhatə edir. Biz məxsusi olaraq prezidentdən müsahibə götürməyə ehtiyac duymuruq. Bütün məsələlərdə bizi qabaqlayır. Lazım olan açıqlamalar prezidentin özündən gəlir”.
Bu sözlərin jurnalistika adına nə qədər utancverici olduğunu azacıq ağlı olan, normal düşüncəyə malik hər kəs bilir. Mənsə az qalıram, bu ölkədə ilk qəzetin çıxdığı günə daş yağdırmadığı üçün Tanrıya qarğayım. Görün jurnalistika bu ölkədə nə qədər rəzil günlərə gəlib düşdü.
Sualı olmayan, soruşmayan, sorğulamayan, sadəcə, danışılanla kifayətlənən, şübhələnməyən bir jurnalistika anlayışına sahib olanların ölkəsində yaşamaq, onlarla həmkar sayılmaq özü bir cəzadır, özü bir işgəncədir, özü bir əzabdır. Bilmirəm, daha bizi şərləyib tutmaq, ayağımızın üstündən maşın sürmək, başımıza torba keçirmək bunların nəyinə lazımdır?