Qüdsi Osmanov Xocalı filminin göstərilməsinə niyə imkan verməyib?
Xocalı qətliamının ildönümü münasibəti ilə Sank-Peterburq şəhərində də anım mərasimi keçirilib. Azərbaycanın Sank-Peterburqdakı konsulu Qüdsi Osmanovun rəhbərliyi ilə fevralın 26-da 2-ci Qəza Mədəniyyət Mərkəzində düzənlənən «Xocalıya həqiqət» adlı bu elmi-praktik konfransda maraqlı hadisələr yaşanıb.
«Sank-Peterburqda Azərbaycan diasporu» regional təşkilatının sədr müavini Məzahir Həsənov Azərbaycan hakimiyyətinin tənqidi ilə seçilən çıxışının sonunda Xocalı filminin göstərilməsini istəyib. Hətta zala Çingiz Mustafayevin Xocalı qırğını ilə bağlı çəkdiyi məşhur görüntünü də gətizdirib. M.Həsənov alman faşizmindən əziyyət çəkən peterbrqluların bu erməni faşizminin dəhşətlərini görəndən sonra azərbaycanlılara mənəvi dəstək olacaqlarına inandığını deyib və tədbir iştirakçıları bunu alqışlarla qarşılayıblar.
Ancaq bu zaman təkrar kürsüyə qalxan Qüdsi Osmanov filmin göstərilməsinə qarşı çıxıb. Əvvəlcə fikrini zalda azyaşlı uşaqların və ahılların olması ilə əsaslandırıb. M.Həsənovun «uşaqlar və ürəyi xəstə olanlar zaldan çıxsınlar, biz bu həqiqətləri göstərək» təklifindən sonra isə Q.Osmanov daha qəribə «varianta» əl atıb.
Ötən ilin martında Novruz Bayramı münasibətilə təşkil edilən tədbirdə «qız qalmaqalı» ilə üzləşən konsul o zamankı ittihamları həmin vaxt zalda olan həyat yoldaşının da eşitdiyini xatırladıb: «Həyat yoldaşım o zaman hamilə idi və biz bilmirdik ki, oğlan övladımız olacaq».
Xocalıya həsr olunan tədbirdə konsulun birdən-birə ailəsi barədə danışmasını iştirakçılar birmənalı qarşılamayıblar.
Ən anlaşılmaz məqam isə konsulun müxtəlif bəhanələrlə erməni vəhşiliyini görüntüləyən kadrların nümayişinə imkan verməməsi olub. Sank-Peterburqdakı mənbələrin bildirdiyinə görə, Q.Osmanovun Xocalı konfransındakı hərəkəti burada yaşayan soydaşlarımız arasında ciddi narazılıq doğurub və bu hərəkətin motivi ilə bağlı müxtəlif mülahizələr səslənməyə başlayıb.
«Xocalıya həqiqət» elmi-praktik konfransında M.Həsənovun çıxışı və Q.Osmanovun filmin nümayişinin əleyhinə çıxmasını http://youtu.be/olLDS9ghW_c linki ilə izləyə bilərsiniz.
İnformasiya şöbəsi



