“Rauf Həbibov vəzifədən belə getməli deyildi”

«O öz ərizəsi ilə yox, yol verdiyi nöqsanlara görə sərəncamla azad edilməli idi»

“Azərbaycanda elə bir hal olmayıb ki, bir icra başçısı vəzifəsindən azad olunanda onun hansısa nöqsanlarına istinad olunsun”. Bunu, “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal Ismayıloğlu Qubanın icra başçısı Rauf Həbibovun işdən uzaqlaşdırılmasına münasibət bildirərkən deyib.
M.Ismayıloğlu hesab edir ki, R.Həbibov öz ərizəsi ilə yox, məhz yol verdiyi nöqsanlara görə sərəncamla azad olunmalı idi: “Sovet dövründə raykom katibini işdən azad edəndə total yoxlamalar keçirilirdi və yekun qiymət verilirdi. Indi isə belə deyil. Bir günün içində icra başçısının taleyini həll edə bilərlər. Əsas odur ki, onun yerinə göz dikən adamın iddialarını təmin edəcək bir arxası olsun. Bu Azərbaycanda ənənə halını alıb. Rauf Həbibovun işdən çıxarılma metodu bir qədər qeyri-ənənəvi idi. Bunun da əsas səbəbi o idi ki, hakimiyyət ”Eurovision” müsabiqəsi ərəfəsində böyük çaxnaşma yaratmağa cəsarət etmədi. Hətta Vahid Əhmədov bunu xüsusi qeyd etdi ki, prezident güc tətbiq etməmək göstərişi verib. Hakimiyyət bilirdi ki, onsuz da məğlub olub. Sadəcə olaraq, o məğlubiyyətin qəfildən gerçəkləşməsindən təlaşa düşdülər. Məgər Ismayıllıda və ya Göyçayda yaşayan adamlar Qubadakılardan az əziyyət çəkirlər? Vəziyyət oxşardır. Hesab edirəm ki, Qubada baş verənlər izsiz ötüşməyəcək”.