Hamı başqa, mən başqa: məni ilgiləndirmir Qubada nə baş verib – məni ilgiləndirən Qubanı kimin satmağıdır. Quba IH başçısı Rauf Həbibov demiş, çoxları kimi mən də inanmışdım: Qubanı qubalılar satıb. Özü də, bağışlayın, ardını deyə bilmərəm: sonra qubalılar məni düz başa düşməzlər. Onlar, deyiləni düz başa düşmədiklərindən Rauf Həbibov kimi gözəl bir oliqarxiya prorabını işdən qovdular. Bu isə son iyirmi illik Azərbaycan tarixində, ən başlıcası, əliyevçi rejim dönəmində görünməmiş göstərgədir. Belə getsə, Sabirabad da qalxacaq – rejimin Kür daşqınından sonrakı KORRUPSIYA daşqınına görə!
R.Həbibov başçı postundakı sonuncu çıxışında “Məni düz başa düşməyiblər”, – dedi. Indi mən başa düşmədim: sən nə dilində danışmışdın? Bəlkə, quş dilində? Yox, o sənin, sənin kimilərin bacaracağı iş deyil. “O, quş dilidir, onu Nəsimi bilir ancaq”. Nəsimi, bir də Nəsimi kimilər. Oğrular yox. Sən bu xalqla xalqın dilində danışmısan, sənin kimilərin sevimli “ümummilli liderinin” dediyinə güvənməklə danışmısan: “Bizim xalqımız dözümlü xalqdır”.
19 illik əliyevçi qardaş, adam nədi, traktorun, tankın da dözüm limiti var. Bu ölkənin başçısı qubalılara krediti 25 faizə, Lukaşenkoya 0,01 faizə verirsə, üstəlik, qubalılara Belarusdan ucuz bir “Belarus” traktoru da alıb vermirsə, dözüm limiti tükənməsin, neyləsin?! Xalqın dözüm limiti: onu qudurğan davranışlarınınz, ağzıbaşına danışmalarınızla tükətmisiz.
Qubanı kim satıb? Qubalılar R.Həbibovun ev-eşiyinə od vurub yandırmaqla ortaya daşdan keçən tutarqa, tarixdə qalacaq fakt qoydular: Qubanı biz satmamışıq! Onda Qubanı kim satıb? Niyə görə Quba yanğınlarını söndürməyə nəqliyyat naziri Ziya Məmmədov göndərilmişdi? Deyirlər, Qubanı o alıbmış. Olsun, bəs satan kim olub? Məni burası ilgiləndirir.
Gərəsən, Qubada baş verənlər başqa oliqarxlara satılan rayonlarda da baş verə bilərmi? Indilər, belə. Bax, bunu mən zəng vurub Yunus Oğuzdan soruşacam. Işdi, Yunus Oğuz and-aman eləyib “Kapital”ı mən yazmamışam” desə, onda sayğılı kolleqamız Arif Babayevə (MTN) zəng vuracam: məncə, MTN-də “Kapital”ın əlyazması olmamış olmaz.
Yaxınlarda Münhendə Azərbaycanı Mübarəkin Misiri ilə tutuşduranlara Ilham Əliyev yaman demişdi: “…onu görməyəcəksiz”. Indi mən Quba yanğını ilə bağlı almanlardan quşqulanıram. Bilirsiz, almanlardan nə desən gözləmək olar. Yadımdadı, dələduzlar Reyxstaqı özləri yandırıb, Georgi Dmitrovun üstünə yıxmışdılar. Üstəlik, ona məhkəmə də qurmuşdular. Yazıq, o gedən getdi – indi Rauf Həbibov gedən kimi…
Oliqarxiya prorabı hara gedir-getsin, özü bilər, məni ilgiləndirən Qubanı kimin satmağıdır. Düzü, işin başlanğıcında, isti-isti mən yaxından tanıdığım iki adamdan quşqulanmışdım: Şahvələd Çobanoğlu ilə Elnur Astanbəylidən. Birinci mənə dönə-dönə deyib: “Neçə ildi yaxşı bir qəzet çıxarmaq istəyirəm, pul tapmıram”. Ikincidən dönə-dönə eşitmişəm: “Bəy, canım çıxdı Xırdalana gedib-gəlməkdən, bir az çox qonorar ala bilsəydim, lap ucqarda olsa da, Bakının özündəcə kirədə qalardım, daha Xırdalanda yox”. Baxın: ikisi də illərdən bəri pul axtarır. Belələri Qubanı satmazdılarmı? Satardılar! Satardılar, di gəl, bunların Qubanı satmaq statusları yoxdur. Onda Qubanı kim satıb? Indinin sorusu bu – bunu bilməli! Qubalılarla bir yerdə biz hamımız Qubanı satanı tapmalıyıq. Yoxsa, başçı postunu satın almış oğrunun evini yandır, onu işdən qov – işlər düzəlməycək. Görəcəksiz, rejim qurucusunun (KQB generalı) prinsiplərinə uyğun olaraq, kimsə Qubanı daha pisin birisinə satacaq – xalqı umsuq etmək üçün. Alan bəlli… satanı tapmalı!
Yazını indiki kommunist-kapitalist nomenklatura qalıqlarının sevimli şairi Süleyman Rüstəmin sözlərilə bitirirəm:
“Şimaldan Günəş doğmaz” – deyir təbiət elmi,
Günəş Şimaldan doğdu – Quba Günəş deyilmi?!

Qubanı kim satıb?
•