Quba inqilabına gedən yollar

«Əyalət WikiLeaks»i – qiyam, yoxsa inqilab?
(II yazı)

Qubada baş verənlər iqtidarın 18 illik əyalət siyasətinin nəticəsidir. Əliyevlərin hakimiyyətə gəlişi ilə bölgələrdəki yerli sakinlərin sürətlə yüz illər boyu yaşam tərzləri, əsas məşğuliyyətləri, nəhayət, adət-ənənələri, süni, naşı təcrübələrə məruz qaldı. Zəngin təbiət Azərbaycandan, demək olar, heç nəyi əsirgəməyib. Hər bir bölgə əsrlər boyu yerləşdiyi coğrafi şəraitə, torpaqların verimliliyinə, iqlim amilinin təsirinə görə fəaliyyətlərini bu və ya digər məşğuliyyətlər üzrə qurmağa nail olmuşdular. Hətta sovet dönəmi zamanı bu gələnəklərə toxunulmamış, kollektiv təsərrüfat çərçivəsində, bu fəaliyyətlər davam etdirilmiş və yerli əhalinin ənənəvi məşğuliyyətləri heç vaxt məhdudlaşdırılmamışdır. Yəni bir növ kolxoz, sovxoz bu fəaliyyətlərin sadəcə formasını dəyişdirmişdir.  
Monopoliyanın gətirdiyi faciələr
Xatırlayırsınızsa, 3-4 il əvvəl, Neftçala və Xəzərsahili rayon əhalisi arasında intiharlar baş alıb gedirdi. Intihar edənlərin çoxu 35-45 yaşlarında ailə başçıları idi. Mətbuatda onlar haqqında gedən yazılarda bir məqam çox maraqlı idi – onların hamısı əvvəllər balıq tutmaqla ailələrini saxlayırmışlar!!!
Xırda balıq təknəsini sataraq, yapışdıqları hər işdə uğursuzluğa düçar olaraq və sonda uşaqlarının üzünə baxmaqdan utanaraq çıxış yolunu intihar etməkdə görürdülər. Yəni insanı geninə qədər işləmiş məşğuliyyətindən ayırdığın zaman, onun ölüm fərmanını da vermiş olursan.
Tez-tez Nardaran və başqa Bakıətrafı kəndlərdə narazılıqlar dalğasını müşahidə edirik, iqtidar bunu islam fundamentalizmi, inqilabla və… narkomaniya ilə süsləməyə çalışsa da, səbəb tamam başqadır. Bu bölgə insanları da əsrlər boyu ənənəvi məşğuliyyətlərindən “ayrılıblar”.
Balıqçılıq, ilin dörd fəslində də yetişdirdikləri gül,  tərəvəz məhsulları ilə “başqaları”, yəni hakim zümrə məşğul olur. Sadə bir mexanizm – yayda su, qışda qaz və mazut “çatışmazlığı”(!), işə düşür və insanlar etiraz etdikləri zaman isə onlara divan tutulur, nəticədə hacının, məşədinin və digər kənd ağsaqallarının “cibindən”(!) narkotik tapılır. Əhaliyə isə qışda isinməyə belə qaz vermirlər…
Digər bölgələrdə vəziyyət daha acınacaqlıdır. Kolxoz dağılarkən sevinən və hektarlarla torpaq əldə edən kəndlilər, indi sovet quruluşunun nostaljisini yaşayırlar. Bu torpaqları düşünülmüş şəkildə iri məmurlar ələ keçirdi. Ssenari təxminən bu cür idi – əkib-becərmək üçün bütün əngəllər yaradıldı, çətinliklə əldə olunan məhsulun bazara çıxışı əngəlləndi və nəticədə cana doymuş kəndli əkin sahələrini elə bu əngəli yaradanlara satdı və ac qalmamaq üçün onların təsərrüfatlarında çalışmağa başladı. Tipik orta əsrlərdə olduğu kimi….
Yoxsulluqla zənginliyin kəsişdiyi Quba
Icra başçısının təhqiramiz sözləri olmasaydı bütün bunlar olacaqdımı?
Əlbəttə, olacaqdı, ola bilər bir az gec, amma mütləq baş verəcəkdi bu hadisələr…
Hər il mətbuatda Quba əhalisinin əsas qazanc mənbəyi olan meyvə və tərəvəzin satışında rast gəldikləri əngəllər barədə çoxlu materiallar gedir. Alma və digər meyvələrin nəinki yaxın xaricdə, hətta Bakıda da satışı əngəllənir, əhalini onu ucuz qiymətə satmağa məcbur edirlər.
Iri oliqarxların açdıqları konserv və şirə zavodları, demək olar, Quba daxil olmaqla, meyvə-tərəvəz yetişdirən rayonlardakı qəbul məntəqələri bürokratik aparatın gücü ilə əhalidən məhsulları ucuz qiymətə “toplayır”. Rayonlardakı hüquq-mühafizə orqanları da, bu işdə oliqarxlara yardımlarını “əsirgəmirlər”.
Və elə bir məmur yoxdur ki, onun Qubada bir və yaxud bir neçə villası olmasın. Bundan başqa, istirahət mərkəzləri, dəniz kənarındakı plyaj və ona bitişik obyektlər də, vəzifəli şəxslərindir.
Hətta mövsümi ev kirayə vermək şansları da, demək olar, sıfıra bərabərdir. Məmurlar hər kəsimdən olan vətəndaşları “düşünərək” ucuz gecəqondular da tikiblər. Qubalılar nəhayət, iqtidara “dur” deməyi bacardılar.
Heç bir xaos-filan olmadı, sadəcə hələlik bir adamın – icra başçısının daşınmaz əmlakı yandırıldı. Bu, hakimiyyətə bir mesajdır, çünki Qubada daşınmaz əmlakı milyonlarla ölçülən yüzlərlə məmur var.
Biz bu mesajın necə qəbul edildiyini Ilham Əliyevin bölgələrə ilk səfəri zamanı görəcəyik. Yenəmi məktəb direktorlarını, icra nümayəndələrini, bələdiyyə sədrlərini, toplayıb bunu “sadə xalq”ın prezidentlə “görüşü” kimi sırımağa cəhd edəcəklər? Maraqlıdır…