Bəs, Qubada baş verən üsyana görə həbslər, repressiyalar aparılmayacaqdı? Bəs, oddan don geyinən Vahid Əhmədov and-aman edirdi? Bəs, prezidentin işdən kənarlaşdırdığı tərbiyəsiz başçını cəzalandıracağı vədi verilirdi? Bəs, Ziya Məmmədov “camaatın adından” üzr istəyirdi qubalılardan? Nooldu?
Gələn xəbərlər kimlərinsə evindən aparıldığı, təşkilatçılarla bağlı məlumat toplandığı, xalqın qəzəbinin ifadəçisi olanların həbsə atıldığı barədədir. Prokurorluq isə heç bir açıqlama vermir, daş kimi susur. Tərbiyəsiz başçı haqqında hansısa ölçü götürülməsi nə rəsmi, nə də qeyri-rəsmi xəbərlər sırasında yer alıb.
Bu hakimiyyətin Quba hadisələrindən hansısa dərs götürəcəyi əvvəlcədən şübhəliydi. Dərs götürən olsaydılar, Misirdən başlayıb Liviyada davam edən od-alovdan nəticə çıxarardılar və Quba hadisələrinə ehtiyac qalmazdı. Bunlar xəmiri rüşvətdən, suyu korrupsiyadan yoğrulmuş hakimiyyətlərini və bu hakimiyyətin sütunu olan rüşvətxor məmurlarını qorumaq yolunda istintaqa başlayıblar. Başqa heç nə!
Quba üsyanından və ondan sonrakı hadisələrdən isə əslində xalq özü nəticə çıxarmalıdır. Xalq bir daha əmin olmalıdır ki: bunlar vədə sadiq, sözə bütöv adamlar deyil – necə ki, illərdi bu xalqa yalan vədlər verirlər; bunların məqsədi öz rejimlərinin ömrünü mümkün qədər uzatmaq və daha çox yığmaq, qamarlamaq, talamaqdır – necə ki, illərdir bu siyasəti aparırlar; etirazın səbəblərini öyrənmək yox, etirazçıları türmələrə doldurmaq bunların xarakteridir – necə ki, illərdi işləri-gücləri deyən dilləri kəsmək, düşünən başları qoparmaqdır.
Yenə vəd verdilər
Mən yazmaqdan bezdim, bunlar yalançı vəd verməkdən, saxta proqnozlar açıqlamaqdan, biabırçı statistika sərgiləməkdən bezmədilər.
Dünən Iqtisadi Inkişaf Nazirinin müavini 2012-ci ildə iqtisadi inkişafın 5 faiz artacağını söylədi. 2011-ci ilin “iqtisadi inkişafın” faciəvi statistikasını müzakirə etmək əvəzinə növbəti yalanlara start veriblər. Bunlar yaddaşsızdır, yoxsa xalqı yaddaşsız, manqurt hesab edib ələ salırlar?
Ilham Əliyev də 2011-ci ildə 10 faizlik iqtisadi artım vəd etmişdi. Nooldu? Rəsmi statistikaya görə, ötən il cəmi 0,1 faizlik artım müşahidə olundu Azərbaycan iqtisadiyyatında. Bu rəqəmin fonunda utanmadan 2011-ci ili “uğurlu il” adlandırıb yenidən artım proqnozları verməkmi olar? Ölkəni hansı duruma saldıqlarının, hansı saxtakarlığı etdiklərinin, hansı yalanı danışdıqlarının fərqindəsinizmi?
Ötən il 0,1 faizlik artım qarşılığında 7,9 faizlik inflyasiya olub. Təsəvvür edirsinizmi ölkə iqtisadiyyatı hansı sürətlə çökür?
Hanı bunların “analoqu olmayan” inkişafı? 2006-cı ildə neft bumunun başlaması ilə 36 faizlik illik artımı az qala ABŞ-ın gözünə soxub, bunu düzgün iqtisadi siyasətlə əsaslandırır, qos-qoca dövlətlərə dərs verməkdən çəkinmirdilər. Nooldu? Hara uçdu iqtisadi-siyasi uzaqgörənlik?
Dəhşət odur ki, bu faciəvi statistikanın müqabilində ağlagəlməz korrupsiya proyektlərini dayandırmaq niyyətində də deyillər.
Bilmirdiniz ki, Şərə xidmətin axırı yoxdur?
Indi də Səfər Əbiyev-Lənkəran Əliyev qarşıdurması gündəmə gəlib. Nə imiş səbəb? Doğrudanmı iki general bir evi bölə bilmir?
Inanmıram. Səbəb ayrıdır: biri rüşvət aparatının vintciyi funksiyasını yerinə yetirirmiş, bəyənməyiblər, sıradan çıxarıblar və bu adam başlayıb əlindən çıxanların davasını aparmağa. Eynilə keçmiş ABU-nun keçmiş rektoru Elşad Abdullayev, Iqtisad Universitetinin rektor müşaviri Bədirxan Musayev… kimi.
Illərlə Şərə xidmət eləməyin, haram yeməyin aqibəti başqa nə cür olmalıydı? Bilmirdiniz ki, bu Şər ləzzətlə yediklərinizi bir gün burnunuzdan gətirəcək?

Quba hadisələrindən xalq nəticə çıxarmalıdır
•


