Orxan Kərimovun həyatı təhlükədə

Vəkil təcili tədbir görülməsi üçün ədliyyə naziri Fikrət Məmmədova müraciət etdi

Təhsil Nazirliyinin həbsdə olan işçisi Orxan Kərimovun vəkili Ramiz Məmmədov ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Müraciətdə deyilir ki, hazırda Bakı Istintaq təcridxanasında saxlanılan O. Kərimovun həyatı təhlükədədir.
Vəkil bildirir ki, indiyədək müxtəlif instansiyalara – Istintaq orqanına, təcridxana rəhbərliyinə, Ədliyyə Nazirliyi Tibb Baş Idarəsinə dəfələrlə müraciət olunmasına baxmayaraq, kardioloji müayinə və cərrahiyyə əməliyyatına ehtiyacı olan O.Kərimovun kardioloji mərkəzlərdən birində ürək damarlarına stend qoyulmasına reaksiya verən yoxdur.
“Orxan Kərimovun özünün kəskin ürək ağrıları ilə əlaqədar təcridxana həkimlərinə çoxsaylı müraciətlərinə baxmayaraq, onun müalicəsi üçün heç bir tədbir görülməmişdir. Xəstənin vəziyyəti hər gün kəskinləşsə də, bizə rəsmi cavab verən yoxdur. O.Kərimov təcridxana şəraitində də cərrahiyyə əməliyyatına razılıq verir”.
Müraciətdə daha sonra deyilir ki, O.Kərimov 2009-cu ilin iyul ayında Mərkəzi Klinik Xəstəxanada əməliyyat keçirmiş və ürəyinə DRIVER stendi implantə edilmişdir. “Hal- hazırda onun ürək damarlarının tutulması vəziyyətinin qiymətləndirilməsi üçün angioqrafiya müayinəsinə və müalicə həkimi kardioloq-cərrah Firdovsi Ibrahimov tərəfindən növbəti əməliyyatın aparılmasına ehtiyacı var. Yaranmış vəziyyəti nəzərə alaraq əməliyyatın harada, ixtisaslaşdırılmış kardioloji və ya təcridxana şəraitində keçirilməsinin Orxan Kərimov üçün heç bir əhəmiyyəti yoxdur. Təcridxanada saxlanıldığı 9 ay ərzində həkimlər onun qohumlarından aldığı dərmanlarla kifayətlənərək müalicəsi üçün heç bir tədbir görməmişlər. Orxan Kərimovun həyatı ciddi təhlükə qarşısında qaldığından, hər an kritik vəziyyətin yarana biləcəyini nəzərə alaraq Sizə müraciət etmək məcburiyyətində qaldım.
Qeyd olunanları nəzərə alaraq, Orxan Kərimovun ürəyinə təcili tibbi müdaxilənin təşkil edilməsinin, bunun kardioloji müəssisələrdə və ya təcridxana şəraitində keçirilməsinin mümkünlüyü, əməliyyatın dövlət və ya xəstənin öz hesabına keçiriləcəyi imkanları barədə müdafiə tərəfinə, Orxan Kərimovun özünə, qohumlarına məlumat verilməsi və əməliyyatın təxirə salınmadan həyata keçirilməsi barədə göstəriş vermənizi xahiş edirəm. Bu müraciətim Orxan Kərimovun iradəsinə uyğundur”.
Informasiya şöbəsi