Iran və Rusiyada seçki oldu. Ümumilikdə götürəndə, nəticə hamı üçün bəlli hesab edilə bilər. Formal prosedurlara görə, nəticələr tam açıqlanmasa da, o aydındır ki, seçkilərin yekunu hər iki ölkə ilə bağlı məyusluğu, peşmançılığı bir az da artıracaq. Əslində, başqa şey gözlənilmirdi. Irandakı mollalar sözün əsl mənasında “nüvə azarı”na, ruslarsa böyük Rusiya azarına tutulub. Ölkə də onlara dəstək vermək məcburiyyətindədir. Təbii, Irandan fərqli olaraq, Rusiyada vəziyyət başqa cür ola bilərdi. Amma təəssüf! Bəzi məqamlara bir daha toxunmaq və onları təkrar təhlil etmək üçün elə bir zərurət yoxdur. Bir fikri qeyd edəcəyəm. Rusiya kimi dövlətdə yalnız ən aciz hakimiyyətlər seçkini uduza bilər, bu ölkədə hakimiyyətin seçkini udmaq üçün çox böyük inzibati resursları var: federal subyektlər, əhalinin dörddə bir hissəsinin cəmləşdiyi kənd və qəsəbələr, ordu kontingenti və s. Əsl seçki demək olar ki, yalnız böyük şəhərlərdə keçirilir, çünki orada həm insanlar nisbətən fəaldır, həm də müşahidə imkanları artıqdır. Bütöv halda isə Rusiya “qara çuxur”a daha çox bənzəyir, nəinki seçki baxımından şəffaf ölkəyə!
Molla rejiminin vədləri aydındır, onlar iranlıları da özləri kimi nüvə silahı ilə xəstələndiriblər. Amma bəs ehtimal edilən qalib – Vladimir Putin Rusiyaya nə verəcək? Əksər analitiklər onu tükənmiş, öz missiyasını tam başa vurmuş siyasətçi kimi dəyərləndirir. Seçkidə Jirinovski-Züqanov cütlüyünü özünə rəqib etməklə Putin insanları hansısa bir yeniliklə təəccübləndirmək iqtidarında olmadığını sübut etdi.
Azərbaycana hansı Rusiya lazımdır?
Vladimir Putinə dəstək verməklə azərbaycanlıların bir hissəsi bu suala cavab verdi və adama ilk baxışda elə görünür ki, bu sual bir qədər yersizdir. Amma bəzi nüanslar da var ki, onlar zahiri detallara heç də aludə olmamağa vadar edir. Mən yuxarıda Rusiyada hakimiyyətin tükənməz elektoral resurslarından bir qədər danışdım.
Azərbaycanlıların Putinə dəstək verməsinin iki səbəbi var. Bunlardan biri, həmişə hakimiyyətdə olan kəsə dəstək vermək, hakimiyyətə yarınmaq adətidir. Bir vaxtlar Ukraynada da hamı bilirdi ki, seçkidə Yuşşenko qalib gələcək, amma bizimkilər gedib Ukrayna iqtidarına dəstək verdilər. Ikinci səbəb də odur ki, Rusiyada hakimiyyətin etibarlı resurslarından biri də MDB ölkələrindən olan insanlardır. Bu insanlar bir qayda olaraq, demokratlardan ehtiyat edirlər. Yəni, mən bununla demək istəyirəm ki, azərbaycanlıların da Putinə səs verməsinin hansısa uzaq strateji səbəbləri yoxdur, onlar sadəcə, belə adət ediblər – həmişə kim hakimiyyətdədirsə, ona da səs veriblər.
Rusiya ilə əlaqələrin perspektivinə gəldikdə isə, əgər bəzi detal və nüanslar təsdiqlənsə, Azərbaycan, əksinə, Rusiya ilə strateji ilişkilərini zəiflətməyə cəhd edir. Indi bu tezisi konkretləşdirmək və nədən bu qənaətə gəldiyimizi əsaslandırmaq çətindir. Lakin hiss olunur ki, Azərbaycan Qərblə ciddi oyuna başlayıb. Onu buna vadar edən isə Irandır. Rusiya da Iranla bizim aramızda bir növ sipər olmağa cəhd edir. Onlar da arabir Irandan gələcək təhlükələrə işarə vururlar. Amma ən çox maraq kəsb edən budur ki, bizləri o tərəfdəki 20 milyon azərbaycanlı ilə təhdid etməyə cəhd edirlər. Ola bilsin, kiminsə gözündə o taydakı 20 milyon azərbaycanlı təhlükədir, amma bizim üçün bu daha çox qürur və ümid yeridir. Çünki həmin 20 milyon Azərbaycan əhli bizimlə birləşsə, Rusiyanın regional siyasi arxitekturası bir gündə çökər və elə Dağlıq Qarabağ problemi də iki günə həll olunar!
Gənclər birləşmək istəyirsə…
Bugünlərdə gənclərin bir superpartiyada birləşmək haqda çağırışını eşidib, inanın, sevindim. Mən bir detalı qeyd etmək istəyirəm. Arabir yaşlı nəslin çıxışlarında belə notlar səslənir ki, əgər filan işləri biz etməsək, onu gənclər edəcək! Deməli, artıq önə gənclər keçir. Mən bundan heç də məyusluq hiss etmirəm, əksinə sevinirəm. Amma bir nüans var. Əgər önə gənclik keçir və ümidlər onlara tuşlanırsa, deməli, gəncliyi eşitmək lazımdır. Mən gəncliyə bir çağırış edərdim: niyyətiniz birləşməkdisə, birləşin! “Yuxarı”ların qərarını gözləməyin! Bəlkə proses “aşağı”dan, özü də spontan şəkildə başlamalıdı…

Önə gənclik keçirsə…
•


