Rayonda keçirilən müşavirədə nə baş verib
Quba uğrunda oliqarxların savaşı başlanıb; Kəmaləddin Heydərov rayonu ələ keçirməyə çalışır
Quba hadisələri baş verən gün rayonda keçirilən müşavirədə nəqliyyat naziri Ziya Məmmədov deputat Vahid Əhmədovu ittiham edib. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, nazir vəziyyətin bu həddə çatmasında Qubadan seçilən deputatı da təqsirkar sayıb. Ziya Məmmədov Vahid Əhmədova deyib ki, bu məsələdə onun böyük suçu var.
Vahid Əhmədov isə “Azadlıq”a açıqlamasında xəbərin əsassız olduğunu deyib. Bununla belə, deputatın həm hadisələr baş verən gün, həm də sonrakı günlər verdiyi açıqlamalar Ziya Məmmədovun ittihamlarına tuş gəlməsini inandırıcı edir.
Vahid Əhmədov deyib ki, Rauf Həbibovun çıxışından yanvar ayında xəbər tutub və bu barədə müvafiq qurumlara məlumat verib. Qubada vəziyyətin gərgin olduğunu, Rauf Həbibovla bağlı tədbir görülməsinin vacibliyini vurğulayıb. Bundan əlavə Vahid Əhmədov müsahibələrində bildirib ki, Quba üsyanı yalnız Rauf Həbibovun rayon camaatını təhqir etdiyinə görə baş verməyib. Ümumiyyətlə icra başçısının fəaliyyəti dözülməz olub. Uzun müddətdir ki, Rauf Həbibovun qanunsuz əməllərinə səbr edən əhalinin nəhayət səbr kasası daşıb.
Vahid Əhmədov bunları açıqlayırsa, deməli, əvvəldən də əhalinin mövqeyini dəstəkləyib. Mümkündür ki, Ziya Məmmədov məhz buna görə onu ittiham edib.
Deputat Rauf Həbibovla bağlı açıqlamalarını hələ davam etdirir. O, “Hürriyyət” qəzetinə müsahibəsində də bildirib ki, Qubadakı hadisələr Rauf Həbibovun özbaşınalığı ilə bağlı olub. Onun sözlərinə görə baş verənlər bir günün içində meydana gəlməyib: “Icra başçısı ilə bağlı xeyli sayda şikayətlər, narazılıqlar var idi. Rauf Həbibov müəyyən məsələlərin həllində siyasi səhvlərə yol vermişdi.
Qubada çox ciddi problemlər var idi ki, mən millət vəkili olaraq bununla bağlı bəzi məsələlər qaldırmışdım. Ona görə də baş verənlərin anidən ortaya çıxdığını düşünmək yanlış olardı”.
Ziya Məmmədov qoçularını camaatın üzərinə göndərib?
Ziya Məmmədov Qubadakı hadisələr zamanı etirazçıları yatırmaq üçün Dağıstandan reket-idmançılar dəvət edib. Bu barədə məlumatı “Hürriyyət” qəzeti yayıb. Məlumatda deyilir ki, həmin dəstə Ziya Məmmədova məxsus “ZQAN Holdinq”in qoçu dəstələrindən işarə gözləyirmiş. “Dağıstanlı muzdlular hər an qan tökməyə belə, hazır idilər”, – deyə məlumatda bildirilir.
Bu arada “Yeni Müsavat” qəzeti məlumat yayıb ki, Quba hadisələri ilə bağlı Ilham Əliyevin keçirdiyi müşavirədə nazirlərdən biri etirazı yatırmaqdan ötrü silaha əl atmağı təklif edib. Lakin müzakirələr zamanı bu təklif qəbul olunmayıb.
Quba uğrunda oliqarxların savaşı
Rauf Həbibovun Qubanın icra başçısı postundan uzaqlaşıdırılması ilə oliqarxlar arasında bu rayon uğrunda mübarizə başlayıb. Nəqliyyat naziri yenidən Qubaya özünə yaxın adamın icra başçısı təyin olunmasına çalışır. Çünki yalnız bu halda Qubanı əlində saxlaya bilər. Lakin digər oliqarxlar da bu rayonu ələ keçirmək niyyətindədir. Bu sırada xüsusilə Kəmaləddin Heydərovun adı çəkilir. Məlumatlara görə, hazırda Rauf Həbibovun səlahiyyətlərini icra edən birinci müavin Sahib Məmmədov ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun yaxın adamıdır. Hüseynqulu Bağırov isə “fövqəlnazir”in yaxın çevrəsinə daxil olan şəxs hesab edilir. Bu baxımdan Kəmaləddin Heydərov çalışır ki, icra başçısı postuna Sahib Məmmədov yiyələnsin. Bu baş tutarsa Ziya Məmmədov Qubaya nəzarəti itirəcək.
Qubada aksiyanın iştirakçıları saxlanılır
Son sutkalar ərzində 1 mart iğtişaşlarının təşkilatçıları və iştirakçılarının saxlanması və istintaqı barədə məlumatlar daxil olur. Yerli jurnalistlər məlumat verir ki, hüquq-mühafizə orqanları onlardan iğtişaşların foto və video materiallarını tələb edir. Onların köməyi ilə bu və ya digər şəxslərin orada iştirakı aydınlaşdırılır. Qeyri-rəsmi məlumatlara görə, tutulanların sayı 25-ə çatıb.
Istintaq qrupu, həmçinin iğtişaşların təşkil edilməsində sosial şəbəkələrdən istifadə dərəcəsini öyrənir. Belə ki, Internet forumlarda 1 martda küçəyə çıxmağa çağıranlar və icra hakimiyyəti başçısının qalmaqallı çıxışını və iğtişaşların özünü Internetə yerləşdirənlər araşdırılır.
Istintaq əvvəlki tək hadisələrin səbəbi və motivi barədə şərh vermir.
Qubada nardaranlılar iğtişaş təşkil edib?
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov həbs olunanların sayı və kimliyi, hansı maddələrlə cinayət məsuliyyətinə cəlb olunmaları barədə Turan-ın suallarını cavablandırmaqdan imtina edib. “Istintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə o bildirib.
Qubada dolaşan şayiələrə görə, həbs olunanların əksəriyyəti yerli sakinlər yox, Bakının Nardaran və Maştağa kəndlərinin sakinləridir.
Öz növbəsində Nardaran ağsaqqalları bu cür fikirləri inkar edərək bildiriblər ki, son günlər qəsəbə sakinlərindən heç kim saxlanmayıb və belə şayiələr qəsdən yayılır.
Martın 7-də Qubada növbəti etiraz aksiyası keçirilə bilər
Qubada bir qrup sakin yenidən etiraz aksiyasına başlamaq istəyib, lakin sonradan aksiya martın 7-nə keçirilib. Bu barədə Turan-a hüquq müdafiəçisi Arzu Abdullayeva Qubadakı mənbələrə istinadən bildirib.
Vətəndaşların narazılığına səbəb martın 1-də aksiyada iştirak edənlərin saxlanmasıdır. Bundan əlavə, adamları fasiləsiz olaraq dindirməyə aparırlar.
Informasiya şöbəsi