İlham Əliyev Quba haqqında

Devrilən icra başçısının fəaliyyətini prezident xeyli tərif edib

Quba hadisələri bir mövzunu da aktuallaşdırdı. Bu, faktiki olaraq qovulan icra başçısının şəxsiyyəti ilə bağlı bir məqamdır. Indi çoxları haqlı olaraq başçı Rauf Həbibovu bədnam edən çıxışı tənqid etsə də, sual verirlər, bəyəm bu adamın qabiliyyətsizliyi onu ora təyin edən insanlara bəlli deyildimi?

Qoçu, yoxsa icra başçısı

Əslində obyektiv şərhçilərin də qeyd etdiyi kimi, Rauf Həbibov Əliyevçi rejimin istisna şəxsiyyətlərindən olmayıb; kiçik istisnalarla ölkədəki əksər məmurların xalqa, vətəndaşlara münasibəti R.Həbibovunkundan fərqlənmir. Qubadakı mənbələr deyir ki, prezidentin bu adamın “yerində olmayan şəxs” olmadığı barədə qərar verməsi üçün ən azı bir il əvvəl addım atılmalı idi.
Yada salaq ki, ötən il martın sonunda Quba Rayon Icra Hakimiyyətinin başçısı Rauf Həbibov Mədəniyyət və Turizm Nazirliyinin Quba Turizm Informasiya Mərkəzinin (Quba TIM) müdiri Könül Hacıyevanı döyüb təhqir etmiş, otağındakı suvenir qabı ona tullamışdı. Bu haqda həmin çağın qəzetlərindən ətraflı oxumaq olar.

Qubanın problemi bir gündə yaranmayıb

Kiçik məmura qarşı bu cür kobud və təhqiramiz mövqe sərgiləyən adamı kürsüdə saxlamaq üsyanla da nəticələnməli idi.
Quba üsyanından sonra bəziləri olayın mahiyyətini dəyişmək üçün “etiraflar” etməyə başlayıblar. Guya ki, Qubada bəzi sosial problemlər var və bu, insanları narahat edir. Guya artıq dövlət başçısı həmin problemlərdən hali olub və yaxınlarda onlar aradan qaldırılacaq. Bu fikirlərdə səmimiyyətin olmadığını bircə faktla göstərmək mümkündür.

Onun üzünə toz  hələ qonmayıb

Nəzərə almaq lazımdır ki, Ilham Əliyevin Qubaya son səfəri çox uzaq tarixdə olmayıb. 24 sentyabrda o, rayonda yarım gününü keçirib, bir neçə obyektin açılışında iştirak edib, ümumilikdə bir saata qədər çıxış edib. O, çıxışlarda zərrə qədər də problemlərdən, qubalıların sosial çətinliklərindən söz açmayıb, əksinə, hər şeyin gözəl və inkişafda olduğunu deyib. Biz o çıxışdan bəzi hissələri təqdim edirik.
Qubanın “analoqsuz inkişafı” haqqında danışır Ilham Əliyev
“Indi hər bir rayon mərkəzində, hər bir şəhərdə içməli su, kanalizasiya layihələri icra edilir, qazlaşdırma prosesi uğurla gedir. Insanların normal yaşaması üçün lazım olan bütün digər tədbirlər görülür. Xəstəxanalar, məktəblər, idman qurğuları, idman kompleksləri yaradılır. Bu inkişafı qubalılar öz rayonlarının timsalında da görə bilirlər.
…Quba Azərbaycanın qədim şəhəridir, qədim diyarımızdır. Azərbaycanın qədim şəhərlərinə dövlət tərəfindən diqqət də xüsusi məna daşımalıdır.
Bizim bütün şəhərlərimiz abadlaşır. Hər bir rayonda, hər bir qəsəbədə inkişaf gedir. Hər bir rayonun, şəhərin inkişafı Prezident kimi mənim üçün əhəmiyyətlidir və vacibdir. Ancaq tarixi nöqteyi-nəzərdən Azərbaycanda elə qədim diyarlar, şəhərlər var ki, onların adları qədim xəritələrdə də göstərilir. Quba da o şəhərlərin arasında özünə layiq yer tuta bilmişdir. Buna görə Qubaya xüsusi diqqət göstərilməlidir”.

Quba nəzarətim altındadır

“Bildiyiniz kimi, mən dəfələrlə Qubada olmuşam və vəziyyətlə maraqlanmışam. Demək istəyirəm ki, əmin ola bilərsiniz, Qubada gedən proseslər daim mənim nəzarətim altındadır, mən burada gedən işlərlə daim maraqlanıram. Burada yenilikləri, gözəl binaları, abadlığı görəndə mən də sizin kimi sevinirəm”.
Bu çıxışlardan sonra əlavə izah, şərh verməyə ehtiyac qalırmı? Prezidentin şəxsi nəzarəti altında olan bir rayonda insanları gözgörəti təhqir edən icra başçısı varsa, vətəndaşları üsyana qaldıracaq qədər sosial problemlər varsa, başqa rayonlardakı durumu özünüz təsəvvür edin.

Natiq Güləhmədoğlu