«Çünki Azərbaycan hökumətinin taleyi Kremldə həll olunur»
Ilham Əliyev Rusiyanın yeni prezidenti Vladimir Putini tez-tələsik təbrik etdi. Təbrik elə bir vaxtda ünvanlandı ki, hələ seçkiyə nə yerli, nə də beynəlxalq miqyasda yekun qiymət verilmişdi. Halbuki Rusiyada səslər yenidən sayıla, nəticələr dəyişə də bilərdi. Özü də nədənsə Azərbaycanın dövlət başçısı fəaliyyəti dövründə məhz avtoritar rejimlərin rəhbərlərinə belə tələsik təbrik teleqramları ünvanlayıb. Və seçkiyə aid növbəti prosedurları nəzərə belə, almaq istəməyib.
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, Azərbaycan hakimiyyəti üçün Rusiyadakı seçkinin nəticələri və ölkə rəhbərliyinə avtoritar xarakterli şəxsin gəlməsi olduqca əhəmiyyətlidir. Elə tələsik təbrik də bundan irəli gəlir: “Inqilab dalğası ərəb ölkələrindən gəlsə də, bu dalğanın Azərbaycandakı proseslərə təsir imkanları nəzəri xarakter daşıyır. Şimaldan gələn inqilab dalğası isə Azərbaycan hakimiyyətini sarsıtmaq üçün güclü vasitədir. Heç kimdə şübhə yoxdur ki, Azərbaycan hakimiyyətinin bütün addımları Kreml tərəfindən ciddi nəzarətdə saxlanılır. Onların razılığı olmadan heç bir addım atılmır. Azərbaycanın Türkiyə və Iranla bağlı hər hansı bir məsələsi yarananda, bu, mütləq Rusiyada müzakirəyə çıxarılır. Azərbaycandakı hakimiyyətin taleyi Kremldə həll olunur”.
N.Məmmədli hesab edir ki, başqa bir səbəb Azərbaycan hakimiyyətinin Rusiyadan qorxmasıdır: “Ona görə də hamıdan əvvəl təbrik edirlər və Kremlə rəğbətlərini ifadə edirlər. Bu, belə cür asılı hakimiyyətlər üçün olduqca vacib məsələdir”.


