Çaturyan soyadlı DTK əməkdaşını kim ifşa edib?
Bəlli olduğu kimi, 1988-ci il fevralın 28-də Sumqayıtda baş verən hadisələrlə bağlı istintaq yenilənib. Oxucuların diqqətinə çatdıraq ki, o zaman bu hadisələrlə bağlı keçirilən məhkəmə prosesində dövlət ittihamını müdafiə edən, hazırda vəkilliklə məşğul olan Aslan Ismayılovun arxiv materialları əsasında yazdığı “Sumqayıt hadisələri: SSRI-nin süqutunun başlanğıcı” kitabı nəşr olunandan sonra Ilham Əliyev istintaqın yenilənməsi barədə göstəriş verib. O vaxtdan iki il keçsə də, istintaq heç bir iş görməyib. Lakin bu hadisələrin növbəti ildönümündə Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov istintaqın bəzi mətləblərə aydınlıq gətirdiyini iddia edib. Onun sözlərinə görə, araşdırmalar nəticəsində o zaman məhkəmə prosesində Çaturyan soyadlı bir şəxsin məhkumlara təzyiq etdiyini, bu hadisələrin təşkilatçısı milliyyətcə erməni Eduard Qriqoryana təlimatlar verdiyi bəlli olub. Fuad Ələsgərovun bu fikirlərini bir neçə gün sonra dövlət televiziyasında Sumqayıt hadisələri ilə bağlı verilişdə baş prokurorun birinci müavini Rüstəm Usubov səsləndirib. Əslində isə həm Fuad Ələsgərov, həm də Rüstəm Usubov həqiqəti tam olaraq ictimaiyyətin diqqətinə çatdırmayıblar. Həqiqət ondan ibarətdir ki, Çaturyanla bağlı faktı istintaq üzə çıxarmayıb. Bu fakt Aslan Ismayılovun yazdığı kitabdan götürülüb. Çaturyanı hələ o zaman Aslan Ismayılov ifşa edib. O, bu adamı məhkəmədə yaxalayaraq sədr Hüseyn Talıbovun kabinetinə aparıb. Sonradan bəlli olub ki, bu adam DTK-nin əməkdaşıdır. Elə bu səbəbdən də onun barəsində hər hansı tədbir görülməyib. Aslan Ismayılov sonradan kitabında bu barədə təfsilatı ilə yazıb. Həmçinin mətbuata müsahibələrində bu məsələyə toxunub. Hətta istintaqa Çaturyanla bağı ifadə verib. Yəni, faktiki olaraq bu məsələni istintaq ortaya çıxarmayıb. Amma indi gözdən pərdə asmaq üçün bu məsələ istintaqın xidməti kimi qələmə verilir.
Görünür, hakimiyyət iki ildir ki, istintaqın faktiki olaraq heç bir iş görmədiyinin fərqindədir. Amma vəziyyətdən çıxmaq, ictimaiyyətə hansısa açıqlamalar vermək lazımdır axı. Ona görə də bu cür saxtakarlığa əl atıblar. Başqa şəxsin xidmətini öz adlarına çıxıblar. Hələ biz onu söyləmirik ki, Aslan Ismayılov dəfələrlə bəyan edib ki, o istintaqa kömək etməyə hazırdır. Vəkil hesab edir ki, istintaq baş verənləri ciddi şəkildə araşdırsa, bir sıra qaranlıq məqamlara aydınlıq gələ bilər ki, bununla ermənilərin təbliğatını darmadağın etmək olar. Lakin Azərbaycan hakimiyyəti hansısa səbəbdən bu məsələyə maraq göstərmir. Bir məqamı da qeyd edək ki, Sumqayıt hadisələrinin əsl mahiyyətini bilmək üçün Aslan Ismayılovun kitabı hazırda yeganə mənbədir. Amma hakimiyyət nə özü bu mənbədən yararlanır, nə də yerli və beynəlxalq aləmin yararlanmasına imkan verir.
Azad


