Gözün arxada qalmasın, Böyük Insan…

Dünən Onun ölüm ildönümü idi.
Amma qaldırdığı bayrağı deyil, sadəcə, o bayrağın 30 milyon manatlıq dirəyini sevən zehniyyətin yenə yadına düşmədi.
Qəzetlərinə, saytlarına baxdım – bir tək cümlə belə yoxdur haqqında.
Həmişəki kimi, adəti üzrə.
Siz də dünya tarixini qaldırın baxın. Baxın görün, bir ölkədə ən çox xatırlanmağa, ən çox sayğı duyulmağa layiq olduğu halda, ən çox unudulmağa, ən çox xor görülməyə çalışılan ikinci bir lider tapacaqsınızmı?
Başqa hansı ölkədə yoxdan bir dövlət var edən…
O ölkənin sərhədlərini çəkən…
Onu bayrağına, himninə qovuşduran…
O ölkədə ilk universitetin…
Ilk parlamentin…
Ilk ordunun…
Ilk muzeyin əsasını qoyan…
O ölkənin xalqına ilk dəfə azadlığı dadızdıran, o ölkənin xalqını dünyanın mədəni, modern, çağdaş millətləri ilə bir sırada görmək istəyən bir liderə, bir savaşçıya qarşı bunca nankor, bunca əxlaqsız bir münasibət vardır?
***
“Ilk muzey” dedim, yadıma düşdü…
Bugünkü Rüstəm Mustafayev adına Incəsənət Muzeyi Azərbaycanın ilk rəsmi dövlət muzeyidir, Rəsulzadənin dönəmində yaradıldı. Adını “Istiqlal Muzeyi” qoydular.
Dövr dəyişdi, adı da dəyişdi, amma həqiqət dəyişmədi, təbii. Xalq Cümhuriyyətinin mirası kimi qalmaqda davam etdi.
Gəl gör ki, bunlar neylədi? Sevmədikləri, xor gördükləri, unutdurmağa çalışdıqları Rəsulzadənin əmanəti olan o Muzeyin tarixindəki yeganə və dünyada misli olmayan rəzalətə – “eksponat oğurluğu”nun altına imza atdılar.
Bu günədək nə o eksponatlar qaytarıldı, nə oğrular tapıldı.
O da cəhənnəm, bu rəzilliyin, bu rüsvayçılığın cavabdehlərinə vermədikləri fəxri ad, ödül-mödül qalmadı.  
Amma hələ də utanıb-qızarmadan Rəsulzadəni bəyənmirlər.
***
18 ildə yaratdıqları tək-tük universitetlərdən biri – Azərbaycan Beynəlxalq Universitetini qanunsuz, çirkli işlərə bulaşdığına, min bir fırıldağın, hiylənin ünvanına çevrildiyinə görə qapatmaq məcburiyyətində qaldılar, minlərlə gəncin haqqını yeyən, minlərlə ata-ananın cibinə girən o universitet qırığının rektoru çarəsizlikdən ölkədən başını götürüb qaçdı.
Amma cəmi 23 aylıq hakimiyyəti dönəmində qurduğu Universitet hələ də bu ölkənin ən böyük, ən nüfuzlu ali təhsil müəssisəsi sayılarkən utanıb-qızarmadan, vicdanları sızlamadan bəyənmirlər Rəsulzadəni, düşmən elan ediblər onu…
***
Nankorluqları saymaqla bitməz. Amma ən böyük xəyanəti Rəsulzadənin ən böyük mirasına, əmanətinə etdilər – Respublikaçılığın kökünü qazıyıb yerində Monarxiya qurmağa qalxdılar.
Rəsulzadəyə nifrətlərinin tək səbəbi də budur: Rəsulzadənin adı bu ölkədə Respublikaçılığın sinonimidir. Rəsulzadə və Respublikaçılıq – bir quşun qoşa qanadıdır.
O qanadlardan birini qıracaqlar ki, digər qanadın bir anlamı qalmasın. O quş havalanmasın, uçmasın. Və bunların krallıq arzuları pərvazlansın əvəzində.
Amma görməyəcəklər bunu!
Azərbaycan bir şahlığa, bir adamın dədə mülkünə heç vaxt çevrilməyəcək.
Gec, ya tez, bu ölkədə milli iradənin, hüququn, ədalətin, azadlığın üstünlüyü bərqərar olacaq. Bu ölkəni öz bostanı kimi görənlər, ora zülm, əsarət, talan, yalan toxumları əkənlər bu əkdiklərinin bəhrəsini heç vaxt dadmayacaqlar.
***
Sən də rahat uyu qəbrində, Böyük Insan!
Izində yüyürənlər açdığın yolu ot-alağın basmasına izn verməyəcəklər.
O yolu yürüyən insanlar, adını tutub o yola çıxan vicdanlı, duyarlı, mübariz gənclər arzularının, xəyallarının Azərbaycanını gerçəkləşdirəcəklər. Mütləq gerçəkləşdirəcəklər! Uğruna ömrünü şam kimi əritdiyin bu Vətən torpaqları üzərində yenidən Azadlıq, Özgürlük rüzgarları əsəcək.
Bu gün adını unutdurmağa çalışanlar tarixin hər dönəmində nifrət və ikrahla xatırlanarkən Sənin adın Çağdaşlığa, Demokratiyaya, Mədəniyyətə bağlılığımızın simgəsi kimi səslənəcək.
Inan bizə, güvən bizə.
Inan, güvən və rahat uyu, Böyük Insan!
Gözün arxada qalmasın.