«Imişlidəki «Neftbaza»nın özəlləşdirilməsində Çingiz adlı bir şəxs qalib gəlib, amma o, mən deyiləm»
Millət vəkili Çingiz Qənizadənin adı Imişlidəki “Neftbaza”nın özəlləşdirilməsində hallanır. Bu barədə informasiyanı son sayında “Reytinq” qəzeti dərc edib. Bundan başqa, bu özəlləşdirmə əməliyyatında Imişli icra hakimiyyətinin başçısı Əbülfəz Ağayevin də adı hallanır. Təməli 1940-cı ildə qoyulmuş və 10 hektarlıq ərazini əhatə edən “Imişli Neftbaza”sı vaxtilə 4-5 rayonu yanacaqla təmin edib. Qəzetin yazdığına görə, dəyəri qat-qat yüksək olan dövlət obyektini Ç.Qənizadə 74 min manata özəlləşdirib.
Məsələ ilə bağlı Çingiz Qənizadənin münasibətini öyrəndik. Ç.Qənizadə qəzetdə yazılanların həqiqətdən uzaq olduğunu bildirdi. ARDNŞ-in ölkə ərazisində bütün “Neftbaza”ları özəlləşdirməyə çıxardığını deyən Ç.Qənizadə bildirdi ki, artıq xeyli sayda “neftbaza” özəlləşdirilib. O cümlədən Imişlidəki “Neftbaza”nın özəlləşdirildiyini bizim nəzərimizə çatdıran Ç.Qənizadə vurğuladı ki, proses qaydalara uyğun keçirilib: “Imişlidəki ”Neftbaza”nın özəlləşdirilməsi zamanı Çingiz adlı bir şəxs qalib gəlib. Görünür, bu şəxsi kimsə mənlə səhv salıb. Əslində bu bazanın fəaliyyətə başlaması Imişli və ətraf rayonlar üçün mühüm hadisədir. “Neftbaza”nın özəlləşdirilməsi həmin sahədəki bəzi özəl yanacaqdoldurma sahiblərinin yanlış informasiyalar yaymasına səbəb olub. Çünki “Neftbaza” işləmədiyinə görə idarə və müəssisələr məcbur idi ki, nəğd pul ilə özəl yanacaqdoldurma məntəqələrindən yanacaq alsın”.
Xəyal


