“Hökumət dinc etiraz aksiyalarına olan münasibətini kardinal şəkildə dəyişməlidir”
Con Dalhuysen: “Hakimiyyət dərk etməlidir ki, “Eurovision” kimi möhtəşəm bir tədbirə ev sahibliyi etmək, ölkədə addımbaşı baş verən insan haqları pozuntularının səviyyəsini pərdələyə bilməyəcək”
“Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatı martın 6-da Bakıda AXCP fəallarının vicdan məhbuslarına dəstək məqsədilə keçirdikləri aksiyanı polisin qəddarlıqla dağıtmasını və bu zaman iştirakçılardan bir neçəsini döyməsini pisləyən bəyanat yayıb.
“Azərbaycan hakimiyyəti Bakıda dinc etiraz aksiyası keçirilərkən dörd gənc fəalın polis tərəfindən döyülməsi faktını dərhal araşdırmağa başlamalıdır”, deyə bəyanatında bildirilir. Bəyanatda daha sonra deyilir ki, Bakının mərkəzində keçirilən aksiyada Cabbar Savalanlı və Dəyanət Babayev polis əməkdaşları tərəfindən xüsusi amansızlıqla döyülərək, digər 14 nəfər və bir neçə jurnalistlə birlikdə həbs olunublar. Aksiya iştirakçıları olan Əbülfəz Qurbanlı və Məcid Mərcanlı isə bir qədər sonra, Yasamal rayonu Polis İdarəsində döyülüblər. Akiya “Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatının vicdan məhbusu elan etdiyi iki siyasi məhbusun həbsxanada döyülməsi xəbərinə etiraz əlaməti olaraq keçirilib.
“Bu ilin may ayında Azərbaycanda keçirilən “Eurovision” beynəlxalq mahnı müsabiqəsini təxminən 125 milyon adam izləyəcək. Ötən ilin oktyabr ayında bu keçmiş Sovet respublikası BMT-nin təhlükəsizlik şurasının üzvü seçilib. Dinc aksiya iştirakçılarını hələ də döyməkdə və həbsxanalara doldurmaqda davam edən Azərbaycan hakimiyyəti gerçək formada özünü insan haqlarına, demokratiyaya hörmət edən tərəf kimi təqdim edə bilmir. Hakimiyyət dərk etməlidir ki, “Eurovision” kimi möhtəşəm bir tədbirə ev sahibliyi etmək ölkədə addımbaşı baş verən insan haqları pozuntularının səviyyəsini pərdələyə bilməyəcək. Hökumət dinc etiraz aksiyalarına olan münasibətini kardinal şəkildə dəyişməlidir”, – deyə “Amnesty İnternational” təşkilatının Avropa və Mərkəzi Asiya proqramı üzrə direktor müavini Con Dalhuysen bildirib.
Dalhuysen əlavə edib ki, hakimiyyət aksiya keçirən fəallara qarşı hücumla bağlı təhqiqata başlamalı, eyni zamanda “Amnesty İnternational”ın vicdan məhbusu elan etdiyi Babək Həsənov və Məhəmməd Məcidliyə qarşı işgəncələr barədə yayılan informasiyalar da araşdırılmalıdır.


