Seçki qutuları açılmamış on minlərlə insan Putinə dəstək mitinqinə qoşuldu və heç kim heç bir maneə ilə qarşılaşmadı – kimisə saxlamadılar, kimisə ötəri belə olsa, yoxlamadılar. Amma ertəsi gün müxalifətin aksiya keçirmək üçün toplaşmaq istədiyi yeri hərbçilər dövrəyə aldı, insanları mitinqə yoxlayaraq buraxmağa başladılar…
Mən əvvəllər Putinə etinasız münasibət bəsləyirdim və düşünürdüm ki, qonşu dövlətin prezidentidir, vəssalam! Amma o gün bu hadisəni görəndən sonra başa düşdüm ki, mən Putinə nifrət edirəm! Buna bənzər hissi mən 20 Yanvarda keçirmişdim. O vaxt ürəyimin buzunu Rusiya ədəbiyyatı əritmişdi. Indi mənim ruslarla heç bir problemim yoxdur, amma o Putin ki var, mən ona sözün əsl mənasında nifrət etdim. Bir ara məndə belə təəssürat yarandı ki, tandem özü də başa düşür ki, Rusiyada dəyişiklik, necə deyərlər, qaçılmazdır. Çünki neftin hesabına ölkənin valyuta ehtiyatlarını nə qədər istəsən artırmaq olar, indi bunun üçün yaşıl işıq yanıb. Amma Rusiya sözün əsl mənasında azad insan qıtlığı, necə deyərlər, azad insan defisiti və korluğu yaşayır. Təşəbbüskarlıq olmasa, ölkə sadəcə tənbəlləşəcək. Bəli, bu şeyləri Putinin də dərk etdiyini düşünürdüm. Amma gördüm ki, yanılmışam.
Putin ölkəni və dünyanı hələ də Jirinovski və Züqanov ilə qorxudur. Mənim isə qənaətim budur ki, rusiyalılar və Rusiya daha böyük aqibətə layiqdir. Bu gün Rusiya artıq Qoqolun şinelindən çıxmaq, Korolenkonun və Nekrasovun sərt sətirlərindən yuxarı qalxmaq əzmindədir. Mən bu yaxınlarda bir Rusiya yazıçısının fikirlərilə tanış oldum. O deyirdi ki, mənə nə böyük-filan Rusiya, nə də başqa bir şey lazımdır, mənə insanların ləyaqətlə yaşadığı ölkə verin, mənə belə bir ölkə lazımdır! Mən əminəm daha çox rusiyalı məhz bu qənaəti bölüşür. Amma onlar eşidilmir.
V.Putin ona dəstək üçün toplaşmış insanları salamlayarkən başladı prezidentin səlahiyyətlərindən danışmağa, sanki rus milləti prezidentin səlahiyyətlərini bilmirdi. Putin bir tezisi xüsusi intonasiya ilə dedi: “Prezident Ali Baş Komandandır!” Təsəvvür edirsinizmi, bu adam özünü bir sərkərdə hesab edir! Kimə lazımdır onun ali baş komandanlığı? O yazıq çeçen xalqını bombalamaq üçünmü, yoxsa kiçik Gürcüstana necə bir dərs verdiyilə öyünmək üçünmü?
Rusiya siyasi texnoloqları bizi necə öyrədir?
Burada bizim hakimiyyəti demək daha düzgün olardı. Mən müxalifətin necə çətinliklə mitinq keçirdiyinə baxanda öz aksiyalarımız yada düşdü. Bəli, heç aksiya yerinə çatmamış bir də görürsən ki, artıq polis maşınlarla orada bizi gözləyir. Tanış mənzərədir, deyilmi? Bizimkilərin Rusiya siyasi texnoloqlarının cızdığı modellə işləməsi də heç kim üçün təəccüblü görünmür. Bəli, əvvəllər partiya instruktorları olurdu. Onlar indi də var və bizi idarə edirlər. O sistem heç dəyişməyib. Gözəl də “təcrübə mübadiləsi” aparılır. Mən bu təşəbbüsə, bu hala baxanda bilmirəm həmin adamlara acıyım, yoxsa, əksinə gülüm. O qədər bəsit situasiyadır ki, hətta Makiavelli bundan darıxardı, bezərdi! Mənim qənaətim budur ki, zorla idarə etmək üçün heç bir böyük ağıl tələb olunmur, çünki bu sahədə min illərin təcrübəsi var. Çətini azad insanı idarə etməkdir, bu təcrübə o qədər də böyük deyil, tarixi iki yüz il ola, ya olmaya!
Bilirsiniz, bunlar düşünür ki, o siyasətçi güclüdür ki, vasitələrə selektiv yanaşmır. Bir baxın, Putin qalib gəldi. Amma kimə? Jirinovskiyə, Züqanova! Jirinovskinin qurduğu kulounada artıq hamını bezdirib. Mən demirəm ki, o, tamam bəsit və maraqsız ssenari ilə oynayır. Bu adam xırda siyasi biznesmendir – Rusiya üçün yox, Rusiyanın siyasi isteblişmenti üçün dəqiq bir rol oynayır. Bunun mahiyyətinə varmaq o qədərmi çətindir? Putin Nemtsova, Yavlinskiyə qalib gələydi! Mən sonuncuları heç də böyük rəqib hesab etmirəm. Amma Rusiya gerçəkliyində hələ onlardan başqası yoxdur. Heç olmasa, onlara qalib gəlib prezident olmaq olardı!..
Biz “siyasi oyun” yazdıqda bu siyasət adamlarının lap xoşuna gəlir. Məntiq sadədir: bacarırsansa, sən də oyna! Necə izah edib başa salasan ki, yox, bu oyun bizlik deyil!

Bir siyasi oyunun məntiqi
•


