
YAP icra katibinin müavini Siyavuş Novruzov Qubada ötən həftə baş verən hadisələrə münasibət bildirib. Siyavuş Novruzov “Modern.az”a deyib ki, Qubada baş verən olayları heç də üsyan hesab etmir. Amma o bu hadisəyə ad verməyə də çətinlik çəkib.
“Mən hesab edirəm ki, hər bir vətəndaşın öz fikrini ifadə etmək azadlığı var. Amma bütün bunlar qanuni çərçivədə olmalıdır. Qubada baş verən olaylara gəlincə, mən bunu üsyan adlandırmıram. Bu, baş vermiş bir hadisədir və bu hadisəyə də hüquqi qiymət veriləcəkdir”, – deyə Novruzov qeyd edib.
S.Novruzovun Qubadakı aksiyada YAP üzvlərinin də iştirakına münasibəti isə belə olub ki, hansı partiyanın üzvü our-olsun, hər kəs qanun qarşısında məsuliyyət daşıyır. ”Etirazlar etmək olar, amma bu etirazlar qanuni formada olmalıdır. Əlbəttə, partiya mənsubiyyətindən aslı olmayaraq, hər kəs qanun qarşısında məsuliyyət daşıyır və hüquq mühafizə orqanları orda baş verən hadisələrə hüquqi qiymət verəcəklər”, – deyə o bildirib.


