Rusiyada inqilab küləyi əsir (FOTOLAR/VİDEOLAR)

Putin zora əl atdı; müxalifət təslim olmur; ABŞ narahatlığını bildirdi

Gecə saatlarına doğru Rusiya KİV məlumat yayıb ki, Puşkin meydanında həbs edilən bir çox müxalifətçilər, o cümlədən ictimai fəalların lider simaları Aleksey Navalnıy, Sergey Udalçov, İlya Yaşin sərbəst buraxılıblar.

***

ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol martın 5-də Moskvanın Puşkin meydanında müxalifətin mitinqini polis və xüsusi təyinatlıların zorla dağıdaraq, insanları həbs etməsindən narahat olduğunu bildirib. Səfir özünün Twitter səhifəsində yazıb ki, Puşkin meydanında dinc nümayişçilərin həbsini narahatlıqla izləyib. Səfir xatırladıb ki, söz və toplaşmaq azadlığı universal dəyərdir.

***

Moskvada Rusiya müxalifəti və hökumət qüvvələri arasında qarşıdurma davam edib. Müxalifətin Puşkin meydanında təşkil etdiyi mitinq polis və xüsusi təyinatlılar tərəfindən dağıdılandan sonra bir neçə yüz nəfər aksiya iştirakçısı Tver küçəsi ilə metronun “Mayakovski” stansiyasına doğru yürüş edib. Xüsus Təyinatlı Polis Dəstəsi (“OMON”) dinc yürüş iştirakçılarının qarşısını Triumfal meydanına yaxın ərazidə kəsib, onların bir çoxunu həbs edib, qalanlarını isə metroya sıxışdırıb.

Müxalifət fəalı Sergey Udalçov “Azadlıq” radiosunun rus redaksiyasına məlumat verib ki, Puşkin meydanı zəbt olunarkən yüzlərlə aksiyaçı həbs edilib. Udalçov da Puşkin meydanında həbs edilənlər sırasındadır. O, məlumatı hələ meydanın yaxınlığında həbs edilənlərin doldurulduğu avtobusda  olarkən çatdıra bilib. Udalçov deyib ki, özü şəxsən meydanın yaxınlığında 20 etriazçılarla dolu avtobus görüb.

Başqa bir müxalifət fəalı İlya Yaşin də Puşkin meydanında ən azı 100 nəfərin həbs edildiyini bildirib.

Rusiya DİN-in yaydığı məlumata görə isə 250 nəfər saxlanılıb.

Rusiya KİV-in məlumatına görə, bütün baş verənlərə baxmayaraq Puşkin meydanına müxalifət tərəfdarlarının yeni dəstələri axın edir. Onlar periodik olaraq “Putinsiz Rusiya” şüarı qışqırırlar.

ABŞ Putini “seçilmiş prezident” saymır?

Bu arada ABŞ Dövlət Departamenti bəyanat yayaraq seçkilər zamanı saxtakarlıq hallarının baş verməsindən ciddi narahatlıq keçirdiyini bəyan edib. Bəyanatda diqqət çəkən məqam “ABŞ Rusiyanın seçilmiş prezidenti ilə əməkdaşlıq etməyə hazırdır” fikirləridir. Çünki rəsmi bəyanatda Vladimir Putinin adı seçkilərin qalibi kimi qeyd olunmur. “Associated Press” bildirib ki, ABŞ hökuməti Putinə “seçilməsi” münasibətilə rəsmi təbrik də göndərməyib.

Bundan başqa Dövlət Departamenti Rusiya hökumətini seçkilər zamanı qeydə alınmış pozuntuların müstəqil araşdırılmasını təmin etməyə çağırıb. Departament həmçinin, seçkilərin nəticələrinə dair ATƏT və AŞ PA müşahidəçilərinin verdiklləri rəylə razı olduğunu bəyan edib.

Xatırladaq ki, ATƏT və AŞ PA seçkilərin əvvəldən axıradək saxtalaşdırıldığı, kimin qutudan çıxacağınıın əvvəlcədən bəlli olduğu haqda rəy verib.

Gürcüstan Putinin “seçilməsinə” məyus olub

Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalantadze keçirdiyi brifinqdə Putinin yenidən Rusiya prezidenti seçilməsinə münasibət bildirib. Onun sözlərinə görə, Putin bu vəzifəyə seçiləcəyini gizlətməyib:“Onun prezident seçilməsi çox kədərli faktdır, bu onu göstərir ki, Rusiyanın inkişaf perspektivi çox azdır”.

***

OMON hücuma keçir və…

Aksiyanın elan olunmuş vaxtda bitməsinə yaxın mitinqin aparıcıları Sergey Udalçov və Tamara Lazareva mitinqçiləri dağılmamağa çağırıb. Onlar Putinin asanlıqla hakimiyyəti verməyəcəyini deyib. Sergey Udalçov Putin hakimiyyətdən getməyənə qədər meydanı tərk etməyəcəyini bildirib. Ona həyat yoldaşı İrina Udalçova və və Dövlət Dumasının deputatı İliya Ponomaryov dəstək verib. Bu vaxt xüsusi təyinatlılar müxtəlif istiqamətlərdən aksiyanın keçirildiyi meydana daxil olub. Onlar mitinq iştirakçılarına rezin dəyənək və suvuran maşınlar vasitəsilə hücum ediblər. OMON-çular aksiya iştirakçılarını zor gücü ilə dağıtmaqla yanaşı müxalif liderlər Sergey Udalçov, Aleksey Navalnı, Yevgeniya Çirikova və İlya Yaşın həbs olunub. Müxalif fəallar 100-ə yaxın aksiya iştirakçısının həbs olunduğunu bildirib.

Regionlar da Putinə qarşı ayağa qalxdı

AntiPutin mitinqləri paytaxt Moskva ilə yanaşı Nijniy Novqorod, Voronej, Rostov-na-Donu, Barnaul, Yekaterinburq, Novosibirsk kimi şəhərlərdə də keçirilib. Həmin şəhərlərdə seçkilərin nəticələrinə etiraz edən yüzlərlə insan icazəsiz aksiyaya qatılıb. Onlar Putinin yenidən prezident “seçilməsinə” etirazlarını bildiriblər. Təhlükəsizlik qüvvələri aksiyaların icazəsiz olduğunu əsas gətirərək iştirakçılara qarşı zorakılıq işlədib. Aksiya iştirakçıları arasında həbs olunanlar da var.

***

Qərb Putinin seçkisinə mənfi qiymət verdi

Moskvanın Puşkin meydanında müxalifətin mitinqində “Moskva göz yaşlarına inanmır” şüarı qaldırılıb. Bu, yenidən prezident seçilən Putinin ötən gün tərəfdarları qarşısında çıxışı zamanı ağladığı haqda iddialara cavab kimi düşünülüb.
Mitinqdə çıxış edənlər də Putinin “göz yaşlarına” toxunublar.

İlya Yaşin deyib: “Biz bu göz yaşlarını terror aktlarından sonra gördükmü? Yox. Bu göz yaşları zəif adamındır. Məgər qələbəni belə – küçələrə zirehli texnika çıxarmaqla müdafiə edirlər?”.

Sergey Udalçov da oxşar sualla müraciət edib: “Əgər seçkilər düzgün olubsa, nəyə görə Moskva ordu ilə zəbt olunub?!”. Daha sonra o, “Mən bu meydandan getməyəcəm, nə qədər ki Putin getməyəcək” deyə bildirib.

Kasparov da Putinin “göz yaşlarına” işarə edərək deyib ki, bu, göz yaşları yox, botoksdur: “Bu saxta botoksu Rusiyanın xəritəsindən silməyin vaxtıdır”.

Navalnı meydana “Bu julik və oğru dəstəsindən bundan artıq nə gözləyirdiniz?” deyə müraciət edib. O bildirib ki, Putin əleyhinə güclü təbliğata başlayacaqıar. “Biz nail olacağıq ki, hər kəs neft və qaz sözlərini eşidəndə, julik və oğruları xatırlayacaq. Putin sözünü eşidəndə isə ağıllarına ən yaxşı halda “Putin oğru” gələcək”.

Moskvanın Puşkin meydanında müxalifətin “Ədalətli seçkilər naminə” mitinqi başlayıb. Aksiyanı Vladimir Rıjkov açıb. O, prezident seçkilərini qeyr-legitim elan edib: “Onların seçkisi oyun, hakimiyyətləri qeyri-legitimdir”. Sonra o, təkrar parlament və prezident seçkilərinin keçirilməsi, saxtakarlıqların araşdırılması, siyasi sitemin islahatı və siyasi məhbusların azad edilməsi tələbi ilə çıxış edib.
Təşkilatçılar mitinqə başlanğıcdan 20 min nəfərin toplaşdığını bildiriblər. Meydanın ətrafında polis qüvvələri növbə tutub.

Müxalifətin mitinqi ilə eyni zamanda Manej meydanında Putin tərəfdarları mitinq keçirir.

***

Moskavda prezident seçkisi sonrası mitinqlər başlayıb. Kommunistlərin mitinq yerinə hələ ki 300 nəfər yığışıb. KPRF lideri Gennadi Züqanov səsvrmədə ikinci yer tutsa da, kommunistlər prezident seçkisini qeyri-legitim elan ediblər. Bu arada Zyuqanov bildirib ki, onun tərəfdarları müxalifətin Puşkin meydanında “Azad seçkilər naminə” aksiyasına da qoşulacaqlar. Zyuqanov seçki nəticələri haqda deyib: “Seçkilər göstərdi ki, hakimiyyət partiyası ədalətli seçkiyə hazır deyil. Hakimiyyətin namizədinə qələbəni Çurov təmin etdi”.

Kommunistlərin mitinqi ilə eyni zamanda Tverskoy küçəsindən yürüşlə Puşkin meydanında müxalifətin mitinqi keçiriləcək. Müxalifətçilər növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsini tələb edəcəklər. Hələ ki meydanda min nəfər yığılıb. Bu arada müxalifətin mitinq keçirəcəyi meydanın yaxınlığına 120 avtobus polis və xüsusi təyinatlıların gətirildiyi xəbər verilir. Təhlükəsizlik qüvvələri yaxın ərazilərdə yerləşdirilib. Nəqliyyatın hərəkəti məhdudlaşıb.

Manej meydanında isə Putin tərəfdarlarının mitinqi artıq başlayıb. Mitinq “Rusiya, Putin, qələbə” şüarı altında keçirilir. Aksiyada Putin tərəfdarı gənclər təşkilatları, Vahid Rusiya Partiyasının üzvləri iştirak edir. Putini dəstəkləyən gənclər təşkilatları Moskavanın daha bir neçə yerində aksiyası keçirəcəklərini bildiriblər.

Seçki qarşıdurması ilə yanaşı rəqiblər arasında əməkdaşlıq da gözə dəyir. Seçkidə qalib gələn Putin digər namizəd Mixail Proxorovla görüşüb, onun ünvanına xoş sözlər deyib: “Əgər siz öz partiyanızı yaratmaq qərarını verəcəksinizsə, bizim aramızda konstruktiv dialoq üçün imkan yarana bilər”. Ekspertlər bunu Rusiya siyasətinə yeni atılan və müstəqil şəkildə seçkiyə qatılan Proxorovun 8 faiz səs toplamaqla həm iqtidar, həm də müxalifətin diqqətini cəlb etməsi kimi izah edirlər.

Qərb mediası: “Bu seçkilər Putinin sonunun başlanğıcıdır”

Rusiyadakı seçkilər Qərb mətbuatının da gündəmində olub. Qərbin aparıcı KİV-i Putinin yenidən prezident seçilməsini “Yaxın illərdə Rusiyadan yaxşı nəsə gözləmək lazım deyil” deyə şərh ediblər. “The Guardian” yazır: “Putinin qayıdışı Rusiya ilə münasibətlərin normallaşdırılması səylərini zibil yeşiyinə atdı. Rusiya ilə Böyük Britaniyanın münasibətləri təhlükə altına düşdü”.

“The Wall Street Journal”: “Putinin prezident postunu tutması Rusiyada sabitliyin pozulmasına yol açacaq”.

“Chatham House” analitik mərkəzinin Rusiya və Avrasiya üzrə eksperti Con Laf  “BBC”yə bildirib ki, 2012-ci il seçkiləri Putin rejiminin sonunun başlangıcıdır.

“The Financial Times”: “Putinin 3-cü dəfə Kreml başçısı olması “rus çarı”nın sonunun startıdır”.

Rusiya müxalifəti növbədənkənar seçkilər tələb edəcək

Rusiya müxalifəti Moskvanın Puşkin meydanına təyin etdiyi mitinqdə növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsini tələb edən qətnamə qəbul olunacaq. “Lenta.ru”nun verdiyi məlumata görə, bu haqda “Ədalətli seçki uğrunda” mitinqlərinin təşkilat komitəsi qərar verib. Dumaya və prezident postuna növbədənkənar seçkilərin keçirilməsini müxalifət əvvəl də tələb etmişdi. Təşkilat komitəsi həmçinin siyasi məhbusların azad edilməsi, MSK sədri Vladimir Çurovun istefası, müxalifət partiyalarının qeydə alınması tələblərini irəli sürür.

Qeyd edək ki, mitinq saat 19:00-da başlamalıdır.

“Seçkilər saxtalaşdırılıb; inzibati resurslardan isifadə olunub; qutudan kimin çıxacağı bəlli idi”

ATƏT və AŞPA (Avropa Şurası Parlament Assambleyası) Rusiyadakı prezident seçkiləriylə bağlı ilkin rəyini açıqlayıb. ATƏT-in müşahidə missiyasının rəhbəri Tonino Pikula seçkilər zamanı ciddi problemlər olduğunu söyləyib: “Seçkilərdə ədalətli və azad rəqabət olmayıb. Hökumətin iqtidar namizədinin lehinə inzibati resursları işlətməsi və vəzifədən sui-istifadə halları baş verib. Seçki prosesi ümumiyyətlə əvvəldən sona qədər ciddi qanun pozuntuları ilə müşahidə olunub. Seçkilərdə kimin qələbə qazanacağı əvvəldən məlum idi”.

AŞPA-nın müşahidə missiyasının rəhbəri Toni Koks də prezident seçkilərinin ədalətli və azad olmadığını bildirib. Onun sözlərinə görə, proses ərzində namizədlərə qeyri-bərabər hüquqların tanınması, seçicilərin seçim imkanlarının məhdudlaşdırılması halları baş verib. Koks əlavə edib ki, Rusiyada ATƏT və AŞPA qarşısında götürülən öhdəliklərə uyğun seçkilər keçirilməyib. O, prezident seçkilərinin bu ilin aprelində AŞPA-nin yaz ssesiyasında müzakirə olunacağını da vurğulayıb.

İttihamlar cavab verən Rusiya Mərkəzi Seçki Kommissiyasının (MKS) sədri Vladimir Çurov bildirib ki, bəzi beynəlxalq təşkilatların müşahidə missiyalarının üzvləri siyasi yox, hərbi kəşfiyyat qurumlarının əməkdaşları kimi çıxış edilər.

***

Hətta Medvedevin də səs verdiyi məntəqədə saxtakarlıq olub

Rusiyanın məhşur teleaparıcısı, seçkiləri müşahidə edən ictimai fəallardan ibarət “Seçicilər liqası”nın üzvü Kseniya Sobçak seçki məntəqələrində “karusel”in şahidi olduğunu deyib. Onun bildirdiyinə görə, Moskvanın 114 saylı seçki məntəqəsində “karusel” iştiraçılarının sayı 125 nəfər olub. Seçkidə iştirak üçün verilən əlavə ərizələrin hamısı bir imza ilə yazılıb. 117 saylı məntəqədə isə o, seçki saxtakarlığı edənləri yerindəcə tuta bilib.
Eyni sxemlə “karusel”də işləyən “Metallissentr” şirkətinin 75 üzvü qeydə alınıb. Sobçak həmçinin məntəqə sədrinin əlində bu şəxslərin telefon nömrələrinin qeyd olunduğu siyahıya da rast gəlib. Sobçakın araşdırmasına görə, bir seçicinin 5 məntəqədə Putinə səs verməsi üçün 5000 rubl təklif olunubmuş. O, saxtakarlıq haqda Rusiya MSK sədri Çurova xəbərdarlıq edib.
Pxşar saxtakarlığın hətta rusiya prezidenti Dmitri Medvedevin səs verdiyi məntəqədə də qeydə alındığı bildirilir. Seçkidə iştirak etmiş müstəqil namizəd Mixail Proxorovun nümayəndəsi Olqa Semenova bəyan edib ki, bu məntəqədə səslərin sayılamsına qanunla nəzərdə tutulan vaxtdan yarım saat gec başlanıb. Həmin müddətdə isə məntəqə sədri telefonda kiminləsə məsləhətləşib. Ümumiyyətlə bu məntəqədə pozuntularla bağlı müşahidəçilər 6 şikayət təqdim ediblər, ancaq məntəqə komissiyası onlardan yalnız üçünü qəbul edib.

Dağıstan Respublikasının 1402 saylı seçki məntəqəsində prezident seçkislərinin nəticələri ləğv edilib. “RİA Novosti” agentliyinin verdiyi məlumata görə, Tarumov rayonu seçki komissiyasının nümayəndəsi bildirib ki, bu məntəqədə komissiya üzvləri seçki qutusunu vaxtından əvvəl açaraq bülletenlərin hesablanmasına başlayıblar. Bu fakt ciddi qanun pozuntusu kimi qəbul olunduğu üçün məntəqədə seçkinin nəticələrini ləğv edilib. Təhqiqat Komitəsi araşdırmaya Tarumov kənd mədəniyyət evindəki seçki məntəqəsində veb-kamera vasitəsilə seçki qutusuna bir neçə şəxsin çoxlu sayda bülleten atması əks olunduqdan sonra başlayıb.

Moskvada anti-Putin mitinqi elan olundu

Rusiyada prezident seçkilərinin nəticəsinə etiraz məqsədilə martın 5-də Moskvada müxalifətin  mitinqi təyin olunub. Mitinq Moskva vaxtı ilə saat 19:00-da Puşkin meydanında başlamalıdır. “Ədalətli seçkilər uğrunda” devizi ilə keçiriləcək aksiya Dumaya seçkilərdən sonra başlayan çoxminlik mitinqlərin davamı hesab olunur.
Moskva merinin müavini Aleksandr Qorbenko bildirib ki, müxalifətin mitinqində 10-30 min arası insanın iştirakı güman edilir. Facebook-da 8 min nəfəri mitinqə qoşulacağını təsdiqləyib. Təşkilatçılar isə mitinqə Moskva meriyasın güman etdiyindən daha çox insanın çıxacağını gözləyir.
Martın 5-də müxalifətlə yanaşı Putin tərəfdarlarının da mitinq keçirəcəyi xəbər verilir.

***

Rusiyada seçki bitdi: Putin qalib elan olundu

Saat 0130-a olan məlumata görə, Rusiya Mərkəzi Seçki Komissiyası bülletenlərin yarıdan çoxunu sayıb. Sayılmış bülletenlərin nəticələrinə əsasən Vahid Rusiya Partiyasının namizədi, hazırkı başnazir Vladimir Putin 64,66 faiz səslə birinci yerdədir. İkinci yerdə Kommunist Partiyasının sədri Gennadi Züqanov gəlir – 17,11 faiz.

Elan edilən nəticələrə görə, sonrakı yerləri bölüşən Mixail Proxorov 6,91, Vladimir Jİrinovski 6,51, Sergey Mİronov 3,74 faiz toplayıb.

Səslərin sayılması davam edir. Bununla belə seçkidə ikinci tutrun olmayacağı şübhə doğurmur.

Rusiya KİV-in məlumatına görə, Putin ilkin qələbəsi haqda Moskvada bayram mitinqi təşkil edən tərəfdarları qarşısında məlumat verib. O, Manej meydanında təşkil edilən mitinqə hazırkı prezident Dmitri Medvedevlə gəlib.

Züqanov ilkin nəticələr açıqlanandan sona bəyan edib ki, seçkilər düzgün və ədalətli olmayıb, təmsil etdiyi partiya bu seçkini legitim saymır və nəticələrə qarşı mübarizə aparacaqlar. Lakin o, mübarizəni meydanlarda aparmayacaqlaını bildirib.

Jirinovski və Mironov isə nəticələrlə barışaraq, məğlubiyyətlərini qəbul ediblər. Onların Putini qələbə münasibətilə təbrik etdikləri də gələn məlumatlar arasındadır.

Proxorov isə öz partiyasını quracağını və yenidən prezidentlik uğrunda mübarizəyə hazırlaşacağını bəyan edib. O, seçkilərin ədalətsiz olduğunu, ancaq nəticələrin legitimliyi haqqında araşdırmalardan sonra fikir bildirəcəyiini deyib.

***

Rusiya MSK-nın məlumatına görə artıq səslərin 20%-i hesablanıb.Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov “Rusiya 24” kanalıdan canlı çıxış edib.O bildirib ki,artıq seçkilərin birinci mərhələsi başa çatıb.

İlk mərhələdə Vladimir Putin səslərin 62,5 faizini qazanıb. Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov səslərin 17,61 faizini,Vladimir Jirinovski 7.5 faiz,milyarder Mixail Proxorov 7.57 faiz,Sergey Mironov isə 3.68 faiz səs toplayıb. 

Gennadi Züqanov seçkinin qeyri legitim olduğunu hesab edir.O, bildirib ki, seçkilər ədalətli keçirilməyib və seçkinin nəticələrini tanımır.

***

Son məlumata görə, Rusiyada keçirilən prezident seçkisində 56 faizdən artıq seçici iştirak edib.

Bir sıra regionlarda artıq səsvermə başa çatıb və səslərin hesablanması gedir.

Səsvermələr zamanı insanların mütəşəkkil şəkildə seçki məntəqələrinə gətirilməsi, təkrar səsvermələr və seçicilərin ələ alınması da daxil olmaqla qanun pozuntularına yol verildiyi bildirilir.

Hüquqşünas və korrupsiyadan yazan blogger Aleksey Navalnıy seçkiləri müstəqil müşahidə mərkəzində jurnalistlərə açqlamasında hakimiyyəti seçkini saxtalaşdırmaqda- fırıldaqçılıqda ittiham edib.

Müxlifət liderlərindən biri Mixail Kasyanov isə Moskvada jurnalistlərə açıqlamasında
deyib ki, hər şey bu gecə bəlli olacaq və sabah ölkədə yeni etiraz dalğası gözlənilir.

***

Müstəqil müşahidəçilər qrupu seçkidə qanun pozuntularının minlərlə olduğunu söyləyirlər.Rusiyanın Mərkəzi Seçki Komissiyası isə 86 yerdə qanun pozuntusunun olduğunu deyir.

Putinin “karusel”çiləri tutulub

“Liqa Izbiratel” müşahidə missiyası paytaxt Moskvada 2 “karusel” dəstəsi aşkarlayıb.Onlar paytaxdadı müxtəlif məntəqələri dolaşaraq Putinə səs veriblər. “Karusel” dəstələrinin hər birində 20-25 nəfər seciçi olub.

Saat fərqinə görə artıq Kamçatka vilayətində öncədən başlayan seçkilər başa çatıb.

 Rəsmi məlumata görə, Moskva vaxtı ilə saat 10-da seçicilərin 12 faizi səs verib. Müşahidəçilər və hüquq müdafiəçiləri bildirilər ki, səsvermə zamanı pozuntular qeydə alınıb.

Baykal Hüquq Müdafiə Mərkəzi isə bildirib ki, seçki məntəqələrində hərbçilər və müəssisə əməkdaşlarının bir dəfədən artıq səs verdiyi müşahidə edilib.
 
“Azadlıq” radiosunun əməkdaşı Ekaterinburqdan xəbər verir ki, Rusiya Kommunist Partiyasının nümayəndələri bir avtobus adam saxlayıblar. Onların bir dəfədən artıq səs vediyindən şübhələniblər.

Qanun pozuntuları barədə siyasətçi və fəallar «Twitter» sosial şəbəkədə də məlumatlar yayırlar.

Prezidentliyə bütün namizədlər artıq səsə veriblər. Ən sonda səs verən namizəd Vladimir Putin olub.O, seçki məntəqəsinə həyat yoldaşı Lüdmila ilə gələrək səs verib.

Hazırkı prezident Dmitri Medvedev və xanımı Svetlana da seçki məntəqəsinə birlikdə gələrək səs veriblər.

***

Rusiyada prezident seçkilərində səsvermə başlanıb. Yakutiya və Amur vilayətində də məntəqələr açılıb. Bundan əvvəl Uşaq Şərq seçiciləri səs verib. İlk dəfə olaraq məntəqələrin çoxunda veb kameralar quraşdırılıb. Veb kameralar vasitəsilə səsvermənin gedişini canlı izləmək mümkündür.

Namizədlərdən biri, Mixail Proxorov da artıq Krasnoyarsk vilayətində səs verib. Qalan namizədlər paytaxt Moskvada səs verəcəklər.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov deyib ki, seçkinin ilk dəqiqələrində seçki məntəqələrində yaranan növbələr “çox maraqlı nəticələr gözləməyə əsas verir”. (“İnterfaks”)

“Azadlıq” radiosunun Rusiya xidməti xəbər verir ki, hələlik müşahidəçilərdən səsvermə zamanı qanun pozuntularının baş verməsi barədə məlumat daxil olmayıb.

Seçkidə təhlükəsizliyin qorunmasına 380 min polis cəlb edilib.

Seçkidə 5 namizəd mübarizə aparır: hakimiyyətin namizədi Vladimir Putin, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov, “Ədalətli Rusiya”dan Sergey Mironov və milyarder Mixail Proxorov.

Sağçı müxalifətin 2 namizədi – “Yabloko” Partiyasından Qriqori Yavlinski və yazıçı Eduard Limonov seçkiyə buraxılmayıb.