Pərvin Əhmədinejad parlament seçkilərinin saxtalaşdırıldığını deyir
İran prezidenti Mahmud Əhmədinejadın bacısı Pərvin Əhmədinejad martın 2-də keçirilən parlament seçkilərində saxtakarlığın olduğu haqda bəyanat verib. Əhmədinejad ailəsinin doğulduğu Germsar şəhərindən namizəd olmuş Pərvin Əhmədinejad seçkini digər mühafizəkar rəqibinə 2 min səs fərqilə uduzduqdan sonra ölkə müxalifətinin 2009-ci ildə səsləndirdiyi iddianı dilə gətirib.
Türkiyənin “Hürriyet” qəzeti yazır ki, Pərvin Əhmədinejad namizəd olduğu bölgədə səsverməyə hiylə qatıldığı iddiası ilə müvafiq qurumlara şikayət ərizəsi verdiyini bildirib: “Namizəd olduğum bölgədə seçki günü və gecə bəzi pozuntulara yol verilib. Bunu bir çox seçici də təsbit edib. Bu pozuntular haqda əlaqədar təşkilatlara yazılı şikayət verdim və yetkililərin cavabını gözləyirəm”.
Parlamentdə 1 yeri olan Germsar şəhərində 10 namizəd mübarizəyə qoşulub və rəsmi məlumatlara görə, prezidentin bacısı Pərvin Əhmədinejad ikinci yer tutumaqla rəqibi Qulamrza Katibə uduzub. Bu nəticə prezident Əhmədinejada ağır zərbə kimi qiymətləndirilir.
Bu arada “PressTV” nəticələrə dair son məlumatları açıqlayıb. Məlumata görə, səslərin 90 faizi hesablanıb və parlamentdəki 290 yerdən 190-nın sahibi bəlli olub. Onların 75 faizdən çoxunun dini lider Xameneyiyə yaxın adamlar olduğu bildirilir.
azadliq.info


