Çin öz ordusunu lokal müharibələrdə qələbəyə hazırlayır. Bunun üçün Çinin hərbi büdcəsi 2012-ci ildə 106 milyard dollaracan artırılıb. Keçən illə müqayisədə artım 11,2% təşkil edir. Çinin baş naziri Ven Zyabao deyib: “Biz silahlı qüvvələrimizin geniş miqyaslı hərbi tapşırıqları yerinə yetirə bilmə imkanlarını təkmilləşdirəcəyik. Onların qarşısında duran ən vacib məsələ informasiya məkanı və lokal müharibələrdə qələbədir.” Çin uzun müddətdir Vyetnam, Yaponiya və Filippinlə ərazi mübahisələri aparır. Son 20 ildə Çinin hərdbi büdcəsi hər il artmaqda davam edir. Hərbi xərclərə görə isə ABŞ-dan sonra ikinci yerdədir. Rəsmi Pekin Tayvanı öz ərazisi hesab edir və hücum üçün sərhəddə yüzlərlə raket yerləşdirib.
Hərbi xərclərin bu qədər artırılmasını ABŞ-ın Sakit okean hövzəsində güclənmək istəkləri ilə bağlamaq olar. ABŞ Çinin artan iqtisadi gücünə hərbi genişlənmə ilə cavab verir. Digər tərəfdən bu iki ölkə arasında nüvə müharibəsi təhlükəsi ucbatından birbaşa müharibə istisnadır. Ehtimal ki, gələcək müharibələr iki supergücün maraqlarının toqquşduğu dünyanın müxtəlif regionlarında baş verəcək. Eynən “soyuq müharibə” dövründə gedən yerli müharibələr kimi.
azadlıq.info