Suriya diktatoru daha bir şəhəri yerlə-yeksan etməyə hazırlaşır
Suriyada Bəşər Əsəd rejiminin müxaliflərə yönəlik hücumları davam edir. Martın 5-də hökumət qüvvələrinin Bəşər Əsəd əleyhdarlarına qarşı keçirdiyi xüsusi əməliyyat zamanı 60 müxalif qətlə yetirilib. Onların Dəraa, Homs və paytaxt Dəməşqin müxtəlif bölgələrində aparılan “reydlər” zamanı öldürüldüyü deyilir. Rastan şəhərində isə müxaliflərin qərargahları və sıx məskunlaşdığı yerlər hökumət qüvvələri tərəfindən top və tanklardan atəşə tutulub. Rastan sakinləri hökumət qüvvələrinin Homs şəhərində reallaşdırdığı qırğının burada da təkrarlayacağından qorxduğu üçün bölgəni tərk etməyə başlayıb. Artıq 2 mindən çox suriyalı Livan ərazisinə keçib.
Əsəd rejiminin qanlı əməllərini davam etdirməsi Suriya hakimiyyətinə qarşı olanların mövqeyini daha da sərtləşdirib. Səudiyyə Ərəbistanı xarici işlər naziri Saudi Əl Faysal dövlət televiziyası ilə yayımlanan çıxışında suriyalı müxaliflərin özlərini Bəşər Əsəd əsgərlərindən qorumaq üçün silahlanma hüquqlarının olduğunu söyləyib. Səudiyyə Krallığının Suriyadakı demokratik hərakatı dəstəklədiyini deyən Faysal Bəşər Əsədin dərhal istefa verməli olduğunu bildirib. Nazir Suriyadakı rejimin xalq tərəfindən qəbul olunmadığını da vurğulayıb.
Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin atası Favaz Axraş İngiltərədə yayımlanan “Express” qəzetinə verdiyi açıqlamasında qızının təhlükəsizliyindən narahat olduğunu söyləyib. İngiltərədə kardioloq kimi çalışan Bəşər Əsədin qayınatası Suriyada baş verənlərdən və 7 min insanın ölümünə yol açan hadisələrdən dəhşətə gəldiyini bildirib.
“Express” qəzeti Əsma Əsədin Suriyadan çıxmaq istədiyini lakin buna icazə verilmədiyini də yazıb.
Bu arada amerikalı rəsmilər İranın Suriyada artan gərginlikdə əlinin olduğuna dair iddialarını təkrarlayıb. Bölgədə çalışan ABŞ kəşfiyyatıyla əlaqəsi olan və adlarının açıqlanmasını istəməyən rəsmilər Bəşər Əsəd ordusunun Homs şəhərindəki müxalifət hərakatını yatırmaqda İranın böyük dəstəyi olduğunu deyib. Rəsmi əlavə edib ki, İran, Suriya hakimiyyətini silahla təmin edir, kəşfiyyat dəstəyi verir və müxlaif hərakatın yatırılması üçün məsləhətçilər göndərir. Suriyalı müxaliflər də yüzlərlə İran caususunun ölkələrinə gəldiyini və özləri ilə silah, elektron izləmə cihazları gətirdiklərini iddia edirlər.
Misirdə ərəbcə nəşr olunan “Asharq al Alwas” qəzeti Suriya hava məkanı üzərində uçan pilotsiz kəşfiyyat təyyarələrinin Türkiyəyə məxsus radarlar tərəfindən müəyyən edildiyini yazıb. Adı açıqlanmayan türkiyəli rəsmiyə istinadən yayımlanan xəbərdə deyilir ki, həmin cəasus təyyarələri İsrail istehsalıdır və suriyalı müxalifləri izləyir. Toplanan məlumatları da Bəşər Əsədin hərbi dairələrinə ötürür. Bundan sonra isə müxaliflərin müəyyənləşdirilmiş yerləri hokumət qüvvələrinin hücumuna məruz qalır.
Son hadisələr Suriyayla bağlı diplomatic səylərin artmasına səbəb olub. BMT-nin keşmiş baş katibi, təşkilatın Suriya üzrə xüsusi təmsilçisi Kofi Annanın martın10-da Dəməşqə səfər edəcəyi açıqlanıb. Bununla yanaşı Çin hökuməti də Suriyadakı keçmiş səfiri Li Hua Qinqin də bu gün Dəməşqə gedəcəyini bildirib. Linin səfər zamanı ölkəsinin Suriyaya hərbi müdaxiləyə qarşı olduğunu bildirməklə yanaşı Bəşər Əsəd rejimini atəşkəsə getmək üçün razı salmağa çalışacağı deyilir.
İnformasiya şöbəsi