Qubaya niyə Ziya Məmmədov getdi?

 21-ci əsrdə ölkənin məmurlar arasında bölüşdürülməsi idarəçiliyi vəhşilik və talançılıqdır

Mahal Ismayıloğlu: «Hakimiyyət regionları bu cür bölməklə özü üçün müəyyən təhlükəsizlik zolağı yaratdığını düşünür»

Qubada baş verən olaylar və nəqliyyat naziri Ziya Məmmədovun dərhal hadisə yerinə ezam olunması bir daha təsdiqləyir ki, ölkə oliqarx-məmurlar arasında “quberniyalar”a bölünüb. Çünki Z.Məmmədovun Qubaya yollanması və baş verənləri sakitləşdirməyə çalışması onun tutduğu postla uyğun gəlmir. Bu səfəri yalnız sözügedən ərazinin onun idarəçiliyində olması ilə izah etmək olar. Bəs 21-ci əsrdə bu cür yanaşma, ölkənin idarəçiliyini ayrı-ayrı məmurlar səviyyəsində reallaşdırmaq nə dərəcədə düzgündür?
IP üzvü Mahal Ismayıloğlunun fikrincə, hakimiyyətin bu cür idarəçilik formasına üstünlük verməsi təəccüblü deyil və iqtidarın mahiyyətindən irəli gəlir. Hakimiyyətin Azərbaycan rayonlarını məmurlar arasında bölən zaman idarəçiliyi daha da asanlaşdıracağını düşündüyünü deyən M.Ismayıloğlu vurğuladı ki, iqtidar bununla daha uğurlu idarəçiliyə sahib olcağına ümid edir: “Dövlət başçısına yaxın olan adamlar arasında regionları böldükləri zaman hakimiyyət elə zənn etdi ki, özü üçün müəyyən təhlükəsizlik zolağı yaratmış olacaq. Amma məsələ burasındadır ki, hazırda yaşadığımız dünyada bu cür idarəçilik qəbulolunmazdır. Bu idarəçilik formasında yerdəki idarəçilik artıq dövlət başçısına yox, konkret məmura tabe olacaq. Bu zaman da icra başçısı hərəkətləri ilə daha çox məmurun maraqlarını təmin etməyə çalışacaq. Quba hadisələri göstərdi ki, bu cür idarəçiliyin kifayət qədər ziddiyyətli məqamları var və bu cür sistem uzun müddət davam edə bilməz”.

Məhz sistemin tələbi olaraq Z.Məmmədovun Qubaya dərhal səfər etdiyini deyən M.Ismayıloğlunun fikrincə, bu bir daha göstərir ki, həmin zona məmurlar içərisində Z.Məmmədova tapşırılıb. Hakimiyyətin bu düşüncə tərzini vəhşilik adlandıran M.Ismayıloğlunun fikrincə, baş verənlər bir daha göstərir ki, hakimiyyət xaraktercə talançıdır: “Azərbaycan coğrafiyası dövlət başçısına yaxın məmurların qohumları arasında bölüşdürülüb. Yəni Azərbaycan xalqı bu hakimiyyəti o qədərmi sevir ki, iqtidar məmurlarının onların başının üstündə dayanmasını istəyir? Yəni bu sevgi o qədərmi dərindir ki, xalq parlamentə onu talayan şəxslərin başqa qohumlarını seçir? Aranmış situasiyaya uyğun olaraq müxalifət addımlar atmalıdır. Unutmaq lazım deyil ki, Tunis hadisələri kiçik bir ərazidə başlayan narazılıqdan böyümüşdü. Heç inandırıcı deyil ki, neçə dəfə seçkini kobud şəkildə saxtalaşdıran, zorakılığa əl atan hakimiyyət normal seçki keçirəcək”.
Z.Məmmədovun baş verən proseslərin səbəbkarı kimi göstərilməsini də yanlış sayan M.Ismayıloğlu vurğuladı ki, Qubada baş verən ədalətsizlik bütün bölgələrdə var. Hakimiyyətə qarşı narazılığın təkcə Quba ilə məhdudlaşmadığını deyən IP üzvü qeyd etdi ki, baş verənlərə görə Z.Məmmədovun üzr istəməsi də situasiyanı dəyişməyəcək. Çünki bu zaman Gəncə əhalisi Bəylər Əyyubovun, Qəbələ caamatı isə Kəmaləddin Heydərovun üzrlərini qəbul etsin.

Hikmət