Prosesi saxlama

Mübarizədə olmayan adamın mübariz insanları başa düşməməsi adi haldır. Ona görə də tez-tez sual verirlər. “Niyə rahat yaşamırsınız?”, “Guya dəyişəcəksiniz?”, “Siz bunların öhdəsindən gələn deyilsiniz…” kimi qınaqlar gəlir tez-tez. Axırıncı dəfə evdəkilərlə söhbətdə bu qınaqlara cavab verməyə çalışdım. Bu yazını da həm evdə, həm də çöldə bunlara cavab verməkdə dostlara kömək etmək üçün və bizim əslində nə işlə məşğul olduğumuzu izah etmək üçün yazıram.

Diktaturaya, insan hüquqlarının pozulmasına, köləliyə, beyin yuyulmasına qarşı azadlıq, ədalət, inkişaf naminə mübarizə aparmaq hansısa qələbəyə hesablanmır. Bəli, ola bilər ki, mən Ilham Əliyevin öhdəsindən gələ bilməyim, lap hamımız birləşək və öhdəsindən gələ bilməyək (Tarixdə misallar var, məsələn, Bəşər Əsədin atası Hafiz Əsəd 1982-ci ildə öz xalqının soyqırımını təşkil etdi, 30 min nəfəri öldürüb hakimiyyətini qorudu. Ilham Əliyev, əlbəttə, Hafiz Əsəd qədər beynəlxalq dəstəyə, onun kimi idarəçilik qabiliyyətinə, qətiyyətə sahib deyil və belə şeylər bizdə olan deyil, amma nəzəri cəhətdən planlaşdırıram). Kimisə ümidsizliyə salmaq istəmirəm, amma “uzaqbaşılar”ı göstərmək istəyirəm. Tutaq ki, hakimiyyəti devirə və demokratik idarəçilik qura bilmədik. Deməli, mübarizə aparmamalıyıq? O zaman bizim yalnız öz çıxarlarını düşünən, qarından başqa dərdi olmayan, bitki həyatı yaşayan KÜTlədən fərqimiz nə olacaq?!
Biz əlimiz çatan nəticələr üçün çalışmırıq ki, ümidsizləşib mübarizədən əl çəkək. Biz PROSESi saxlayırıq. Proses həmişə yaşayır, amma onu səngiməyə qoymamaq lazımdır. Insan fitrən azadlığa meyllidir, çünki şüur məhz seçim azadlığı deməkdir və insanın heyvandan fərqi şüurda, yəni instinktdən fərqli olaraq azadlığımızın olmasındadır. SSRI kimi qatı totalitar dövlətdə də proses ölməmişdi, xəmiri azadlıqla yoğrulan insanların beyinlərində yaşayırdı. Ona görə də xırda laxlama meydana milyonları tökdü.
Yəni proses istər-istəməz gedir, amma bir var SSRI-dəki kimi hansısa beyinlərdə getsin, bir də var real olaraq prosesin getdiyini nümayiş etdirəsən, insanların gələcəyə inamını qırmayasan, ümidlərin yaşadığını hər gün, heç olmasa hər ay göstərə biləsən. Proses SSRI-dəki kimi səngimiş vəziyyətdə gedəndən sonda qurulan demokratiyanın da ömrü 1 il olur və yenə totalitarizm general-mayoru hakimiyyətə yiyələnir. Çünki insanlar 70 il ərzində ümidlərini öldürməklə məşğul olublar, ona görə öldürürdülər ki, daxillərində olan, fitrətlərindən gələn azadlığa can atma – vicdan onlara rahatlıq versin.
Indi isə SSRI-dən fərqli olaraq, daxillərində daşıdıqları prosesi xaricə çıxaranlar var. Nə qədər təhlükəli olsa da, bu “xaricə çıxarma”ya görə öldürülən, döyülən, həbsə atılan, işgəncə görən, satılan, alınan, qovulan… olsa da, bu yolu gedənlər var. Onlar bilirlər ki, bu xalqın taleyini onların indiki cəsarətləri, vicdanları həll edir. Prosesi ölməyə qoymayanlardır ki, nə vaxtsa qurulacaq demokratik idarəçiliyin təməlini 1992-ci ildəkindən daha möhkəm atırlar.
Əlbəttə, diktaturanın sonu olacaq. Dediyim kimi, uzaqbaşı biz görməyəcəyik o günü. Baxın, o zaman bizim indi gördüyümüz işlərin əhəmiyyəti daha aydın görünəcək. Çünki indi dəli kimi karyerasına, təhlükəsizliyinə, gəncliyinə heyfi gəlmədən mübarizə aparanların gördükləri işin – PROSESI SAXLAMAnın mənfəətlərini insanlar öz həyatlarında hiss edəcəklər. O zaman biləcəklər ki, vaxtilə Azərbaycanı Türkmənistan olmağa qoymayan mübariz insanlar nə böyük iş görüblər.
Altruizmlə, vicdanının səsinə qulaq asmaqla, cəsarətləri ilə mübarizəni davam etdirən, prosesi saxlayan insanlara “dəlisən?” tipli sual verənlər ya bu prosessaxlama məsələsini anlamırlar, ya da anlayaraq əclaflıq edirlər. Heç birinə baxmadan yalnız yola davam etmək lazımdır. Onsuz da gələcək biz istədiyimiz kimi olacaq, əsas məsələ indinin necə – şərəfli və ya şərəfsiz yaşanmağındadır.
Əli Kərimlinin nidaçılara verdiyi məsləhəti xatırlatmam yerinə düşür, təxminən belə demişdi: “Əmin olsanız ki, siz qələbəni görməyəcəksiniz, yenə də mübarizədən əl çəkməyin. Məhz qələbə naminə yox, mübarizə naminə mübarizə aparın”.

Zaur Qurbanlı