Quba üsyanının iki detalından yazıram:
Bir: Icra başçısının əvəzindən nəqliyyat naziri Ziya Məmmədov xalqdan üzr istədi. Azərbaycandakı mafiya sistemindən xəbərsiz olanlar bunu eşidincə özlərinə sual verdilər: üzrxahlığı Ziya müəllim niyə edir? Bəyəm icra başçısı onun tabeçiliyində olan işçidir? O məxluq Ilham Əliyevin nümayəndəsi deyilmi?
Ziya müəllim belə üzr istəyəcək qədər təvazökar olsaydı, çoxdan xalqın önünə çıxıb hər gün xalqdan bərbad günə qoyduğu yollara, it günündəki nəqliyyat sisteminə, “ZQAN Holdinq”ə, “1 milyon manatlıq” ayıya görə üzr istəyərdi. Biz də deyərdik, qardaş, bərəkallah.
Qibleyi-aləm Ilham Əliyevin idarəetmə kəramətinə bələd olanlar üçün Ziya Məmmədovun Qubada zühur etməsi tam təbii bir hadisə idi. Çünki illərdir Azərbaycan bu cür talanır; bölgələr xanlıqlar kimi ərazilərə bölünüb, onların hərəsinə cavabdeh kimi bir məmur müəyyənləşdirilib. Bu hüquq dövləti adına böyük həqarətin müəllifləri isə XXI əsrdə yaşayan XVII əsr təfəkkürlü feodallardır.
Quba hadisələrinin təkrarlanmaması üçün yol sadədir: insanları talamayacaqsan, taladınsa, heç olmasa, onları aşkarda təhqir etməyəcəksən. Yoxsa, olmaz ki, insanı ac, işsiz qoy, qüruru ilə oyna, təhqir et, sonra da elədiklərinə əl çalmasını istə. Sabirin sözü olmasın, insanlar qanır axı…
Qubada baş verənlərə görə məsuliyyət birbaşa Ilham Əliyevin üzərindədir. Çünki o başçını Qubaya sən, mən yox, prezident təyin edib.
Tutaq ki, təyin edib, kadrın zay olduğunu sonra bilib. Ən azı, bir həftədir ki, başçının qubalılara yönəlik təhqiramız çıxışı mediada dolaşır. Bəs niyə Ilham Əliyev bu həssas məsələyə reaksiya vermirdi? Niyəsinə o iki gün əvvəl cavab verib, oxuyaq: “Ona görə, biz təəccüblənməməliyik ki, haradasa kimsə nə isə yazdı, kim isə ağzını büzdü. Biz buna fikir verməməliyik, bu, təbiidir” (Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışından).
Iki: Şanlı ordumuzun döyüş hazırlığının necə yüksək və çevik olduğunu Quba üsyanında görə bilərsiniz.
Əsgərlər gözyaşardıcı qazdan istifadə edirlər, camaatla birgə özləri də boğulurlar. Amma nə ağıllarına gəlir, nə də komanda verən olur ki, özlərilə daşıdıqları əleyhqazdan istifadə etsinlər. Bu, hələ Daxili Qoşunların əsgərləri idi. Heç kim inkar edə bilməz ki, silahlı qüvvələrin bu növü Allah qoymasa, ölkəmizdə ən hazırlıqlı qüvvə sayılır.
Destruktiv hakimiyyət
Beynəlxalq hüquq-müdafiə təşkilatı “Human Rights Watch” Azərbaycanla bağlı iki gün əvvəlki hesabatında gözəl bir cümlə işlədib: “Azərbaycan hökuməti təkcə insanların evlərini yox, onların həyatını da dağıdır”.
Heyf, illərdir müxalifəti qaralamaq üçün əliyevçi rejimin çəkdiyi zəhmətə. Nooldu bəs, dağıdıcı müxalifət idi?
Artıq Azərbaycan hakimiyyətinə beynəlxalq səviyyədə “dağıdıcı” adı verildi. Zəhmət çəkin, öz adınızı başqalarına yapışdırmayın. Müxalifət də yəqin, haqqınızı yeməz. Insafən, bu adı dişinizlə, dırnağınızla qazanmısınız, ona görə də “dağıdıcı” adınıza kimsə şəriklik etməyəcək.
Heydər Əliyev Fonduna yaltaqlanmaq istəyənlərə
Günlərdir hökumət mediasını izləyirəm. Iranda-Turanda adam axtarırlar ki, Xocalı faciəsi haqqında nəsə desin. Dünən Türkiyənin ana müxalifət lideri Kamal Kılıcdaroğlunun da Xocalı barədə fikirlərinə hökumət qəzetləri yer vermişdi. Olsun, bu çox yaxşıdır. Ancaq qonşu ölkənin siyasi partiyasının Xocalı ilə addımından xəbər verən qəzetlər niyə öz ölkəsinin müxalifət partiyalarını görməzdən gəlirlər? Ilham Əliyev onu tənqid edənlərə “kor” deyir, bəs Xocalıya görə Bakıda yürüyən müxalifəti görməyən qəzetləri, televiziyaları nədir?
Rəsmi və hakimiyyətyönlü qəzetlərdə Xocalı ilə bağlı yazılan məqalələrə, tənbəllik etməyib, bir də göz atın. Adam çaş-baş qalır, bilmirsən ki, bunlar Xocalı soyqırımını tanıtmaq istəyir, yoxsa Heydər Əliyev Fondunu? Bu qədər də olmaz axı…
Lütfən, Heydər Əliyev Fonduna yaltaqlanmağa, yarınmağa Xocalıdan başqa mövzu tapın, yoldaşlar.

Üzr var günahdan betər…
•