Qubalıların ultimatumu yerinə yetirildi

“Azadlıq”ın əməkdaşı Qubadan ən son xəbərlərlə

Rauf Həbibovun kəndin yolunu bağlayan villasının hasarı söküldü

“Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o, mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur” – bu fikirlər Alber Kamyunun “Taun” əsərindəndir. Martın 1-də təhqir olunduqlarına görə icra başçısının mülklərini yandırmaq, onu istefaya göndərmək üçün meydana çıxan qubalılar bəlkə də bu əsəri oxumayıblar. Ancaq şüurlarının alt qatında Kamyunun bu cümlələri hakim idi. Onlar üçün heç nə yox idi, Quba onların təsəvvüründə bomboz səhra təsiri bağışlayırdı. Amma və lakin şaxtalı hava da, yağış da qarşılarını kəsə bilmədi. Və istədiklərinə çatdılar…

Vəd vaxtında yerinə yetirildi!

Izdihamlı aksiya keçirib istədiklərinə elə həmin gün nail oldular. Yalnız bircə şeydən başqa. Qələdüz qəsəbəsində Rauf Həbibovun sonuncu qalasının hasarları sökülməli idi. Bir gün öncə, qəzəblənmiş sakinlərin qarşısına çıxan deputat Vahid Əhmədov söz vermişdi ki, camaat niyyətindən əl çəksə, yəni villanı yandırmaq fikrindən vaz keçsələr malikanənin hasarları söküləcək. Çünki hasar kənd yolunu kəsərək hərəkətə çətinlik yaradır. Vaxt dünən saat 2-yə qədər istənilmişdi. Sakinlər də razılaşıb geri qayıtmışdılar. Vəd edilən vaxtda kənddə olanda bir neçə polis və daxili qoşunların nümayəndələrinin nəzarəti altında fəhlələr hasarı sökürdülər. Imarətin görünən hissəsində isə asayiş keşikçiləri kəndə gedənləri yoxlayırdılar. Sorğu-sualdan sonra, cavab onları qane etdikdə insanların gedişinə icazə verirdilər. Bizim qarşımızı kəsən polisə yaxınlıqdakı kəndə getdiyimizi söylədik və bu yolla “qırmızı xətti” keçdik. Asayiş keşikçilərinin gözündən itəndən sonra maşından düşüb imarətə həsrətlə baxdıq. 6 hektardan çox ərazini zəbt edən ərazidə 4 gözoxşayan ev tikilib. Malikanədə hovuz, yay və qış zalları, idman zalları və 3 kiçik “daxma” var. Ən yaraşıqlı villanın pəncərələri sınsa da ümumi görünüşə xələl gəlməyib. Qələdüzdə yaşayan insanlar su problemindən əziyyət çəksə də malikanədə iki gün əvvələ qədər sahibi olan keçmiş icra başçısının belə bir azarı yox idi. Çayın yaxınlığında qazma işləri gedir. Bunun nə məqsədlə edildiyini sakinlərdən soruşduqda şəhərə su çəkiləcəyini söyləyirlər: “Imarətə də su gəlir, şəhər əhalisinin də içməli su problemi həll olunacaq. Ancaq bizim problemimizə baxan yoxdur”.
Malikanənin məftil hasarı boyunca hərəkət edirik. Bir-iki görüntü götürdükdən sonra polislər çəkilişə icazə olmadığını söyləyib getməyimizi xahiş edirlər – çox sakit və mədəni şəkildə. “Biz sizinlə ölümə belə gedərik, ancaq icazə yoxdur. Əgər razılıq versələr, gəlib çəkərsiniz” – bu sözləri adını bilmədiyimiz əraziyə keşik çəkənlərə rəhbərlik edənlərdən biri dedi. Fotoaparatımızda yetərincə görüntü olduğundan etiraz etməyib, şəhərə doğru irəliləyirik.

Çayın üstündə tikilən hamam-tualet

Qələdüzün elə düz çıxacağında 5-6 fəhlə gözə dəyir. Məlum olur ki, onlar 6 hektarlıq əraziyə çəkilən hasarı sökmək üçün gedirlər. Onlarla söhbət zamanı məlum olur ki, içərilərində imarət tikilən zaman fəhlə işləyənlər də var. Adının çəkilməsindən ehtiyat edən fəhlə deyir ki, imarətdə işləyən zaman maaşları 3 aydan bir verilirmiş: “Biz pulu 3 aydan bir alırdıq. Özü də bir ayın maaşını. Zülm çəkə-çəkə evimizə çörək aparırdıq”.
Onun sözlərinə görə, bir ailənin istirahəti üçün tikilən bu malikanədə 6 hamam-tualet var. Bu azmış kimi Rauf Həbibov düz Qudyalçayın üstündə də bir “dəst” hamam-tualet tikdirib.
Kənddən çıxırıq. Buradakı problemləri yazmağa ehtiyac yoxdur. Bütün rayonlarda, kəndlərdə olan sosial, səhiyyə, təhsil, işsizlik problemləri burada da var.

Keçmiş başçı barəsində heç nə görülmür

Şəhərin mərkəzi qaynayır. Sakinlər bir gün öncəki ab-havanın təsirindən çıxa bilmir. Qələbələrini bayram etməsələr də, içlərində bir sevinc hissi keçirdiklərini açıq-aydın görmək mümkündür.
Baxmayaraq ki, hadisələrin səhəri rayon əhlindən bir neçəsini polis şöbəsinə çağırıblar. Dəvət olunanlardan bir-ikisinin izahatı alınaraq sərbəst buraxılıb. Ancaq 15 nəfərin taleyindən məlumat yoxdur. Yaxınları polis şöbələri ilə əlaqə saxlasa da, belə bir adda vətəndaşın orada olduğunu inkar ediblər.
Aksiya keçirilən meydanda post-patrul xidməti maşınları, icra hakimiyyəti və polis şöbəsinin qarşısında da polis əməkdaşları gözə dəyirdi. Bir sözlə, ərazi nəzarətdə saxlanılırdı. Bundan başqa, Baş Prokurorluq əməkdaşları aksiyaların keçirildiyi ünvanlarda çəkilişlər aparırdılar.
Səhər saatlarında Quba rayon Icra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə Nəqliyyat naziri Ziya Məmmədov, deputat Vahid Əhmədov da iştirak edib. Iclasın nəticələri barədə jurnalistlər nəqliyyat nazirinə sual ünvanlayanda “xoşbəxt olun!” deyərək maşınına əyləşib.

Vahid Əhmədov iclasda icra başçısının səlahiyyətlərinin müavin Sahib Məmmədova həvalə edilməsinin müzakirə olunduğunu söylədi.
Bir qədər keçəndən sonra Sahib Məmmədovla görüşdük. O, rayonda vəziyyətin sabitləşdiyini söylədi.
Sahib Məmmədov olayla bağlı Qubaya niyə məhz nəqliyyat naziri Ziya Məmmədovun gəldiyinə dair sualına “Ziya Məmmədovun sadəcə, qubalılara hörməti var, ziyalı kimi gəlib sözünü deməyə. Rayonun onun ”kurasiyasında” olduğu haqda deyilənlər doğru deyil”.
Sahib Məmmədov Rauf Həbibovun hazırda harada olduğunu və onun barəsində hər hansı tədbir görülüb-görülməyəcəyini bilmədiyini deyib. Məmmədov hazırda keçmiş başçı haqqında hər hansı ölçü götürülmədiyini də əlavə edib. Ancaq, onun sözlərinə görə, aksiya zamanı sakinləri “radikal hərəkətlərə sövq edənlərə və belə hərəkətlərə yol verənlərə qarşı” tədbir görüləcək.
Rəsmi və hökumətyönlü KIV artıq Qubadakı xalq etirazına “dövlətçiliyə dəstək aksiyası” adını qoysa da, qubalılar bununla razılaşmır. Onlar deyirlər ki, əgər dövlətçilik aksiyası idisə, niyə şəhərə ordu yeridilirdi? Camaata qarşı  gözyaşardıcı qazdan istifadə edilirdi. Bu, dəstək aksiyası deyildi. Niyyətimiz 5 ildir Qubanı çapıb-talayan, sonda bizi təhqir edən icra başçısını rədd etmək idi ki, buna da nail olduq”.

Rəsmilər qeyri-rəsmi

“Insanların onları narahat edən sosial məsələlərlə bağlı fikir və etiraz bildirməsi normal haldır. Bu, onların hüququdur” – bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. Onun sözlərinə görə, bəzi qüvvələr tərəfindən bu aksiyanın üsyan və ya inqilab kimi təqdim olunması əsassız və cəfəngiyyatdır.
“Media forum”un suallarını keçmiş icra başçısı Rauf Həbibovun həyat yoldaşı cavablandırıb. O deyib ki, Qubadakı evləri yandırılan zaman orada kiminsə olub-olmadığını bilmir: “Mən bilmirəm hadisə vaxtı orada kimsə olub, ya yox. Hazırda Rauf müəllimlə mən Bakıdayıq. Oğlum və qızım isə ümumiyyətlə, Azərbaycanda deyillər. Yəni ailə üzvlərimizdən heç kim xəsarət almayıb. Başqa məsələlərdən isə xəbərdar deyiləm”.
Həyat yoldaşının qənaətinə görə, Rauf Həbibov haqqında yanlış təəssüratlar yaradılır: “Əgər siz Rauf müəllimdən əvvəllər müsahibə götürmüsünüzsə, onda bilirsiniz ki, o, bu gün təqdim olunan işlərin yiyəsi deyil. O, elə insan deyil. Siz qubalılar deyirsiniz, amma bilirsinizmi ki, oradakı 10 maşından 9-u Bakıdan getmə idi?”.
Həyat yoldaşı Rauf Həbibovun istefa ərizəsi yazıb-yazmadığı barədə məlumatsız olduğunu vurğulayıb.

***

Bax belə. Bu, bizim Qubadakı xalq etirazından bir gün sonra gördüklərimiz idi. Tez-tez Qubaya gedəcəyik. Çünki onlar haqlarını tələb edirlər. Necə ki, mitinq günü əraziyə cəlb olunmuş daxili qoşunların komandirləri “Əziz qubalılar, hörmətli sakinlər…” deyə-deyə hamıyla çox sakit tonda danışırdı…
Bizim üçün qubalılar həmişə əziz və hörmətli olub. Sizin üçün isə…

Ramin DEKO,
Bakı-Quba-Bakı