Hakimiyyət siyasi məhbus sayını artırdı

AXCP fəalına qondarma ittihamlarla 7 il yarım iş verildi

Leyla Yunus: «Zeynal Bağırzadə vicdan məhbusudur və o, heç bir cinayət törətməyib»

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AXCP fəalı Zeynal Bağırzadə barəsində 7 il yarım müddətinə azadlıqdan məhrumetmə cəzası kəsildi. Bununla Azərbaycanda siyasi məhbusların sırasına daha biri əlavə olundu. Bu isə onu göstərir ki, hakimiyyət beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq siyasi məhbus probleminin həllində maraqlı deyil. Və ölkədə ümumi xofun yaradılması üçün vətəndaşları məhz bu yolla öz hüquqlarını tələb etməkdən kənarda tutmaq niyyətindədir. Dünən Z.Bağırzadənin həbsi ilə bağlı Ictimai Palata da xüsusi bəyanatla çıxış edib. Z.Bağırzadənin vicdan məhbusu olduğunu vurğulayan IP bəyanatında qeyd edir ki, hakimiyyət tez bir zamanda ölkədə siyasi məhbus probleminin həlli istiqamətində real addımlar atmalıdır.

Hüquq müdafiəçisi Leyla Yunus da hesab edir ki, Z.Bağırzadə vicdan məhbusudur və o heç bir cinayət törətməyib. Əksinə, Z.Bağırzadəyə qarşı işgəncəyə yol verildiyini deyən L.Yunus vurğuladı ki, təmsil etdiyi təşkilat AXCP fəalının adını artıq vicdan məhbusları siyahısına əlavə edib və onun barəsində məlumat müvafiq beynəlxalq təşkilatlara çatdırılacaq: “Hakimiyyət yenə də hansı siyasət yürütdüyünü bir daha göstərdi. Baş verən həbs Azərbaycanda hər ötən gün insan haqları ilə bağlı vəziyyətin ciddi şəkildə pisləşdiyini nümayiş etdirir. Iqtidar bu cür fəaliyyəti bəlli edir ki, o siyasi məhbus problemini həll etmək niyyətində deyil və beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklər yalnız kağız üzərində qalacaq. Artıq ölkədə siyasi məhbusların sayı ciddi göstəriciyə çatıb və beynəlxalq təşkilatlar bu şəxslərə azadlıq tələb etsələr də hakimiyyət buna getmir”.

Xəyal